17 yaşlı uşaq binanın blokunda yaşayır: Sosial Xidmətlər Agentliyi hərəkətə keçdi – VİDEO

0
343

17 yaşlı oğlan küçələrdə yaşayır.

Bu barədə videogörüntülər sosial şəbəkədə paylaşılıb.

Belə ki, Dağlar Mirzəyev adlı gənc oğlan sığınacaqda böyüdüyünü və hazırda küçələrdə yaşadığını deyir. 

Bir ilə yaxındır uşaq evindən çıxdığını deyən gənc, iş axtarsa da tapa bilmədiyini deyir. Nizami kinoteatrı ilə üzbəüz keçidin və işıqforun yanındakı binanın blokunda, 2-ci mərtəbədə yatdığını, qonşuların zaman-zaman ona ərzaq yardımı etdiyi barədə məlumat verib. Onun sözlərinə görə, daha əvvəllər isə Kəmalə Ağazədinin sədrlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin nəzdindəki uşaq sığınacağında qalıb.

Məsələ ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də öz mövqeyini bildirib. Səhifəsində məsələyə aydınlıq gətirən K.Ağazadə bildirib ki, sığınacaq 2007-ci ildən fəaliyyət göstərir və burada minlərlə uşaq və yeniyetmənin, o cümlədən qadınların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası həyata keçirilir:

“Uşaq və yeniyetmələrin hər biri hüquq-mühafizə orqanları, icra hakimiyyətləri yanında komissiyalar, digər aidiyyəti qurumlar tərəfindən rəsmi qaydada yönləndirilir. Ailələrini tapırıq, cinayət ehtimalı olduğu halda müraciətlər edilir və istiqamətləndirmələr həyata keçirilir. Küçə uşaqları ilə işləyən neçə QHT var? İki, ya da üç belə QHT mövcuddur.

Bu gəncin adı Dağlardır. 6-7 il öncə sığınacağımıza polis tərəfindən yönləndirilmişdi. Anasını tapdıq və yeniyetmənin zərərli vərdişləri olması ilə bağlı məlumatlandırdıq. Anası bildirdi ki, müalicə etdirəcəyəm. Anaya təhvil verdik. Məlumat üçün bildirim ki, uşaq sığınacağı tibbi müdaxilələr, müalicə terapiyası həyata keçirən qurum deyil. Müalicə üçün valideyn müraciət etməli və səhiyyə xidmətlərindən yararlanmalıdır. Tüfeyli həyata alışmış yeniyetmələr üçün xüsusi reabilitasiya olmalıdır. Çünki onların davranışlarının dəyişməsi, cəmiyyətə reinteqrasiyası nə bir ay, nə də 1 il ərzində baş vermir.

Video çəkib paylaşdıqda “can, can” deməklə, məni və ya digər sığınacaqların fəaliyyətini kölgədə qoyub söyməklə, ittiham etməklə iş olmur. Bəli, Dağlar və onun timsalında olan digər səfil həyat tərzi keçirənlər üçün xüsusi tipli müəssisələrimiz olmalıdır! Məsuliyyət təkcə mənim deyil. Uşaq sığınacağına 10 yaşdan yuxarı oğlanları qəbul edə bilmirik. Çünki sığınacaqda cinsi zorakılığın, fiziki zorakılığın qurbanları olan azyaşlılar, əsasən də qızlar üstünlük təşkil edir”.

Məsələyə münasibət bildirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov  sözügedən uşaqla bağlı axtarışlara başlanıldığını qeyd edib:

“Məlumat ictimailəşdirildiyi gündən etibarən Sosial Xidmətlər Agentliyinin nümayəndələri sözügedən əraziyə baxış keçirib. Bir neçə dəfə əraziyə getsək də, gənc orada olmayıb. Hazırda onunla bağlı hüquq-mühafizə orqanlarına da məlumat vermişik, onu tapdıqdan sonra aidiyyəti üzrə tədbirlər görüləcək”.

videoya aşağıdakı linkdən baxa bilərsiniz

//baku.tv/az/dunyaa/48371/