“Dünən gecə qonşumun uşağı balkondan yıxıldı. Guppultuya qaçdım ki, uşaq iki büklüm qalıb yerdə, ana şokda özünü çırpır. İlk iş təcili yardıma zəng etdim. Bilin görək nə oldu? Gəlmədi!”
Bu barədə sosial şəbəkə hesabında Nərmin Hüseynzadə məlumat yayıb.
Hüseynzadə bildirib ki, düz 1,5 saat təcili yardım gəlmədi:
“Uşaq qaldı betonun üstündə, qanın içində. 7 dəfə zəng etdim, dedi gələcək. Gəlmədi. Uşağın sınıq-sınıq olmuş qolun, qıçın bir yerə toplayıb həyətdən tapdığımız taxtanın üstünə uzadıb, maşınla xəstəxanaya çatdırası olduq. Üstündən 3 saat keçəndən sonra, gecə yarısı bir xanım zəng edib mülayim səslə soruşdu ki, gələk, ehtiyac var? Dedim gəl, yata bilmirəm, gəl çay içək”.
Məsələ ilə bağlı TƏBİB açıqlama yayıb:
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ötən gün Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli 49 ünvanında eyvandan yıxılan yeniyetmə A.A üçün daxil olan çağırışla əlaqədar araşdırma aparır. Araşdırmanın nəticəsinə uyğun olaraq aidiyyəti üzrə tədbirlər görüləcək. Zərurət yaranarsa, hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Hazırda Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicə alan 15 yaşlı A.A.-ya EKQ, KT, ultrasəs və laborator müayinələri, uşaq cərrahının, torakal cərrahın, reanimatoloqun, travmatoloqun və neyrocərrahın baxışı təmin olunub. Birgə konsiliumun nəticəsinə uyğun olaraq hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir”.