15 nəfərin əlilliyi ləğv olundu – RƏSMİ

0
411

Ötən illərdə hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlillik müddəti bitən və təkrar əlillik təyinatı aparılması üçün barələrində e-sistemə göndəriş daxil edilib, habelə əlillik sənədlərində ziddiyyət aşkarlanan daha 27 nəfərin komissiya tərəfindən əlilliyinin əyani qiymətləndirilməsi aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, onlardan 15-nin xəstəlik diaqnozlarının əlilliyə əsas vermədiyi, bu diaqnozların onların sağlamlıq vəziyyətlərinə uyğun olmadığı müəyyən edilib.

Həmin şəxslərə təkrar əlillik təyin olunmasından imtina qərarı verilib.

Komissiya Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Müdafiə Nazirliyinin və digər müvafiq qurumların hərbi həkim ekspert komissiyaları, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nümayəndələrindən ibarətdir. Əyani müayinələrin hər birinin videoçəkilişləri aparılır, qeyri-hökumət təşkilatları nümayəndələrinin də iştirakı təmin edilir.

Bu dəfəki əyani müayinədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev və şuranın üzvü, “Mina Qurbanlarının Sosial İqtisadi Problemlərinin Həllinə Kömək”  İB-nın sədri Məmmədhəsən Həsənov iştirak ediblər.

Aparılan müayinələrdə mühüm prinsip əlillik təyinatlarının şəffaf və obyektiv aparılmasının təmin edilməsi, əsassız təyinatların ləğvidir.