Tələbələrimiz universitetimiz tərəfindən mənzil tipli yataqxanalarla təmin olunacaqlar. Bu, yalnız tələbələrin yaşayışı üçün nəzərdə tutulan imkanlardır.
Bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov Elm və Təhil Nazirliyinin qəzetinə müsahibəsində deyib.
O bildirib ki, valideynlərinin tələbələri müşayiət etməsi, istədikləri zamanlarda gəlib onlarla zaman keçirməsi ilə bağlı hər hansı bir problemimiz yoxdur.
“Yəni, ölkəmizin digər şəhərlərində təhsil alan tələbələrin valideynləri öz övladları ilə hansı formada təmaslarda olursa, eyni imkanlar Xankəndi şəhərində də yaradılacaq. Həmçinin valideyn tələbə övladının təhsil aldığı şəhərdə gedib yaşamaq imkanlarını nəzərdən keçirə bilər. Artıq bu həmin valideynin fərdi qaydada verəcəyi qərardır”, – rektor vurğulayıb.
Şahin Bayramov vurğulayıb ki, 44 günlük Vətən müharibəsində və birgünlük antiterror tədbirlərində Azərbaycan dövləti bütün dünyaya gücünü göstərib:
“Hazırda Xankəndidə təhlükəsizlik baxımından da bütün imkanlar formalaşdırılıb. Dövlətimizin müvafiq qurumları bununla bağlı zəruri olan bütün tədbirləri həyata keçiriblər. Qarabağ Universitetində təhsil alacaq gəncləri və onların valideynlərini əmin edirik ki, Xankəndi şəhərində, bütövlükdə Qarabağda təhlükəsizliklə bağlı məsələlər dövlətimiz tərəfindən ən yüksək səviyyədə təmin olunur.
Eyni zamanda universitetimizin tədris binalarında, tələbələrimizin və əməkdaşlarımızın yaşayacağı yaşayış binalarında da universitet tərəfindən müvafiq təhlükəsizlik mexanizmi hazırlanıb və uğurla reallaşdırılacaq”.