Hazırda həyatda olan avstraliyalı qocamanlardan biri Dekster Krüqer uzunömürlülüyünün səbəbini açıqlayıb.
Krüqer bir əsrdən çox yaşamasının səbəbi kimi hər şeydən əlavə xüsusi olaraq hazırlayıb qəbul etdiyi ləziz yeməyi göstərib.
“Toyuq beyni… Bilirsiniz ki, toyuqların başı var. Başın içində isə beyin var. Bunlar balaca, dadlı şeylərdir”, – deyə Krüqer jurnalistlərlə söhbətində bildirib.
“The Independent” məcmuəsinin verdiyi məlumata görə, Roma şəhərinin qocalar evində yaşayan ahıl hər gün 10 ədəddən çox dəniz xərçəngi yeyir, tez-tez oxuyur və ya zümzümə edir.
“Dayanmadan nəfəs al, gündə üç dəfə ye, vaxt özü keçəcək”, – deyə ağsaqqal çox yaşamaq istəyənlərə məsləhət görüb.
Avstraliyalı ahıl onu da bildirib ki, onun həyatında yaxşı şeylər pis hadisələrdən daha çox olub. Baxmayaraq ki, qoca iki dünya müharibəsinin, Böyük depressiyanın və çoxsaylı quraqlıqların şahidi olub.
Ahıl əmindir ki, bəşəriyyət COVID-19 pandemiyasının öhdəsindən gələcək.
“Mən iribuynuzlu mal-qara ilə işləmişəm. Biz peyvəndlərin köməyi ilə bir çox ciddi problemləri həll etmişik”, – deyə Krüqer bildirib.
Qeyd edək ki, Krüqer ömrü boyu fermer olub, 86 yaşında, həyat yoldaşı dünyasını dəyişəndən sonra kitab yazmağa və şeirlər qoşmağa başlayıb. İndiyə qədər ağsaqqal 300-dən çox hekayə yazıb, 12 kitab nəşr etdirib. Sonuncu kitabı 109 yaşında çıxmış qoca hazırda tərcümeyi-halı üzərində çalışır.