“Əyri yollarla daha böyük bina tikmək istəyirlər, ciddi tədbir görüləcək”- Nazirlikdən XƏBƏRDARLIQ

0
370

Təəssüf ki, son zamanlar paytaxt ərazisində tikintilər zamanı yaşıllıqların məhv edilməsinin şahidi oluruq. Belə ki, sahibkarlar tərəfindən tikinti işləri aparılarkən ağaclar kəsilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, son günlər Xidmətin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra tikinti şirkətləri tərəfindən yaşıllıqlara münasibətdə ciddi qanun pozuntularına yol verilməsi müşahidə edilir:

“Bir neçə gün əvvəl Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində keçmiş “Moskva” kinoteatrının söküntüsü zamanı Xidmətin əməkdaşları tərəfindən ərazidə 28 ağac qeydə alınsa da, lakin növbəti nəzarət tədbirləri zamanı 28 ağacdan 11-nin gecə saatlarında kəsildiyi müəyyən edilib. Aparılan araşdırma zamanı təbiətə 9300 manat məbləğində ziyan dəydiyi məlum olub.

Ərazidə tikinti işləri aparan şirkətdən tikintinin qanunamüvafiq şəkildə aparıldığına dair sənədlərin verilməsi tələb olunsa da, təəssüf ki, şirkət əməkdaşları məsələyə biganə, etinasız yanaşaraq və qanunları heçə sayaraq heç bir sənəd vermədən işi davam etdirib”. 

Xidmət rəisinin sözlərinə görə, faktla bağlı qanunamüvafiq tədbirlərin görülməsi üçün qurum tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib və polis əməkdaşlarının əraziyə gəlməsi ilə orada iş saxlanılıb:

“Bu ekoloji pozuntunun müqabilində həmin ərazidə tikinti işi aparan sahibkarlıq subyektinin Azərbaycan Respublikası qanunlarına məhəl qoymayaraq, müvafiq sənədləri təqdim etməməsi, dövlət qurumunun qanuni tələblərinə əməl etməməsi qəbuledilməzdir.

Bundan başqa, daha bir ekoloji qanun pozuntusu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən və İsmayılov küçələrinin kəsişməsində “S and N” MTK tərəfindən tikinti işlərinin aparılması zaman qeydə alınıb. Tikinti sahəsində bioloji inkişafda olan 3 ağacın kəsildiyi və təbiətə 4500 manat məbləğində ziyan dəydiyi müəyyən edilib”. 

H.Əlizadə bildirib ki, həmçinin Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Seymur Orucov küçəsi 1 ünvanında da ikimərtəbəli əyləncə və fitnes mərkəzinin tikintisi aparılarkən 6 ağacın kəsildiyi, nəticədə təbiətə 8400 manat məbləğində ziyan dəydiyi məlum olub:

“Bütün hallar üzrə sənədlər toplanır və Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır. Ərazilərdə aparılan işlər sənədləşmədən, qanuna zidd şəkildə aparılmamalı, ağaclar kəsilməməlidir. Bu, qanunvericiliyin ciddi şəkildə pozulmasıdır. Biz buna qarşı qəti şəkildə tədbir görəcəyik, hər bir hal araşdırılacaq, heç bir ağac kəsintisi cəzasız qalmayacaq”.