Əsas məqsəd vəziyyəti düzgün qiymətləndirməkdir

0
649

Fermerlərə vergi

 Xaçmazda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması işlərinin təşkili məsələlərinə həsr olunmuş tədbir keçirilib.
Vergilər Nazirliyindən verilən məlumata görə, tədbirdə Vergilər Nazirliyinin, Xaçmaz, QubaQusar və Şabran rayonlarının İcra hakimiyyətinin rəhbər vəzifəli şəxsləri, həmin rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumlarının qəsəbə, kənd icra nümayəndəliklərinin və bələdiyyələrin rəhbərləri, 3 saylı Ərazi Vergi İdarəsinin əməkdaşları iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Xaçmaz Rayon İcra Hakmiyyətinin başçısı Şəmsəddin Xanbabayev rəhbərlik etdiyi rayonun timsalında kənd təsərrüfatında aparılan uğurlu islahatların müsbət nəticələri barədə məlumat verib, bütün sahələrdə olduğu kimi, burada da uçotun düzgün aparılmasının çox vacib olduğunu qeyd edib.

Vergilər nazirinin müavini Sahib Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kənd təsərrüfatının inkişafına xüsusi önəm verdiyini görüş iştirakçılarının diqqətinə çatdıraraq 2 gün əvvəl keçirdiyi iclasda cari ilin ilk 6 ayı ərzində bu sahədə rekord göstəricilər əldə edildiyindən, kənd təsərrüfatında 13 faiz artıma nail olunduğundan, sahəyə qoyulan investisiyaların, aparılan islahatların, verilən subsidiyaların, kənd təsərrüfatına elmi yanaşmanın öz nəticələrini verdiyindən, gələcək illərdə də kənd təsərrüfatının dayanıqlı inkişafının həm məşğulluğun, həm də kənd təsərrüfatı məhsullarının ixracının artırılmasına xidmət göstərəcəyindən məmnunluqla danışdığını görüş iştirakçılarının diqqətinə çatdırıb.

Sonra o, bu sahədə uçotun dürüstləşdirilməsini və şəffaflaşdırılmasını zəruri edən səbəblər, mövcud problemlərin aradan qaldırılması üçün vergi orqanları və aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığı və digər vacib məsələlər barədə məlumat verərək vurğulayıb ki, əsas məqsəd bu sahədə fəaliyyət göstərən istehsalçıların vergiyə cəlb edilməsi yox, digər aidiyyatı dövlət qurumları və bələdiyyələrlə birlikdə real vəziyyəti düzgün əks etdirən uçotun qurulmasının təmin edilməsidir. Çünki real vəziyyəti bilmədən və düzgün dəyərləndirmədən real hədəflər müəyyən olunması və həmin hədəflərə çatmaqda ciddi problemlər ortaya çıxır.

Qeyd olunub ki, kənd təsərrüfatı məhsulları istehsalçıları uçot aparmamaqla və hesabat təqdim etməməklə, 3-cü şəxslərin vergidən yayınmasına şərait yaratmış olurlar ki, bu da yolverilməzdir. Bildirilib ki, kənd təsərrüfatı sahəsində uçotun və hesabatlılığın səviyyəsi qənaətbəxş hesab oluna bilməz və kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən müxtəlif dövlət orqanlarına və bələdiyyələrə təqdim olunan hesabatlardakı rəqəmlər arasında ciddi uyğunsuzluqların olması bu sahənin daha sürətlə inkişaf etdirilməsinə əngəl törədən amillərdən biridir.

Vergilər Nazirliyinin Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi departamentinin baş direktoru Elçin Bəylərov kənd təsərrüfatı sahəsində uçot və hesabatlılığın təşkili və tətbiqi sahəsindəki mövcud vəziyyət və görüləcək işlər barədə layihəni görüş iştirakçılarına təqdim edib və ərazi vergi orqanlarının aidiyyəti dövlət qurumları ilə birlikdə görəcəyi işlərlə bağlı hazırlanmış proseslər xəritəsi barədə görüş iştirakçılarını məlumatlandırıb.

Tədbirdə Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər idarəsinin direktoru Sarxan Məmmədov, Azərbaycan Fermerlər Assosasiyasının sədri Pərviz İlyasov da çıxış ediblər. Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.