Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin videokonfrans formatında MDB ölkələrinin hökumət başçıları ilə koronavirusun yayılmasına qarşı mübarizə üzrə birgə səyləri müzakirə edəcək.
Videokonfransda Azərbaycanın Baş naziri Əli Əsədov da iştirak edəcək.
“Güman edilir ki, hökumət başçıları MDB çərçivəsində qarşılıqlı iqtisadi fəaliyyətin aktual məsələlərinə, həmçinin koronavirus infeksiyasının yayılması ilə mübarizə üzrə birgə səylərə diqqət ayıracaqlar”, – Rusiya Nazirlər Kabinetinin xəbərində deyilir.
MDB hökumət başçılarının şura iclasının gündəliyinə 15 məsələ daxildir. Onlar arasında MDB ölkələrinin ticarət-iqtisadi əməkdaşlığının əsas istiqamətlərini müəyyən edən 2030-cu ilə qədər iqtisadi inkişaf strategiyası layihəsi, həmçinin birləşmə çərçivəsində bir sıra başqa sənədlər var.
Videokonfransda kooperasiya və iqtisadi, nəqliyyat-logistika, energetika, mədəni-humanitar sferası üzrə mövzular müzakirə ediləcək. İclasın nəticəsinə görə nəqliyyat, energetika, təhsil, mədəniyyət, gənclər siyasəti, bədən tərbiyəsi və idman sahələrində qarşılıqlı fəaliyyətin inkişafı haqqında birgə sənədlərin qəbulu nəzərdə tutulur.
Bu il MDB-yə Özbəkistan sədrlik edir, buna görə iclas həmin ölkənin Baş naziri Abdulla Aripovun sədrliyi ilə keçəcək. A.Aripovdan, M. Mişustindən, Azərbaycanın Baş naziri Əli Əsədovdan başqa iclasda həmçinin, Belarusun hökumət rəhbəri Sergey Rumas, Qazaxıstanın baş naziri Askar Mamin, Moldovanın baş naziri İon Kiku və digər ölkələrin baş nazirləri, hökumət başçılarının müavinləri iştirak edəcəklər.