Ərdoğandan Zəngilan-İstanbul yolunun anonsu – Qarabağa həsədlə baxan ermənidən “Əliyevə eşq olsun” etirafı

0
330

Bu, bir başqa gün idi yaşadıq! Bəlkə də “bir əsrə bərabər gün” idi. Türkiyə və Azərbaycanın şərəf tarixinə qızıl hərflərlə yazıldı 26 oktyabr 2021-ci il. Bir ildə – Zəfər ilində üçüncü səfər, üçü də bir-birindən möhtəşəm, bir-birindən zəngin!

Qarabağ uğrunda mücadiləmiz boyunca “Bu gün də Azərbaycanın yanındayıq. Bütün dünya bilsin ki, sabah da Azərbaycanın yanında yer alacağıq”, -deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmin gün də komanda üzvləri ilə birgə təkcə Azərbaycanın yanında deyildi, həm də Azərbaycanda idi və bundan sonra Türkiyə hər zaman Azərbaycanda olacaq! Həm də Qarabağda, Şərqi Zəngəzurda!

Keçən ilin bu vaxtı Azərbaycanın qəhrəman ordusu Türkiyə hərb sənayesinin 21-ci əsr silahlarından da istifadə edərək düşmənin başına od ələyən günlərdə qardaş ölkənin rəhbərliyi, nazirləri az qala hər gün Bakıya səfər edir, telefon açır, bəyanatlar verir bir an belə, kənarda dayanmırdılar. Çünki ortada siyasi və ail iradə var idi. Cənab Ərdoğan hələ yay aylarında, Tovuza xain hücum olarkən “bu, Ermənistanın boyunu aşan hücumdur”, xəbərdarlığını edib də, ardınca işğalçını himayə edənlərin qarşısını kəsməkdən ötrü bütün varlığı ilə mübarizə meydanına atılmışdı. Bu, həm də illər öncə Avropada qarğa-quzğunlara cavab olaraq “Türkiyə burada yoxdursa, mən burdayam”, deyib, sinəsini irəli verən Azərbaycan Prezidenti İlham Əliyevə vəfa borcu, Türkiyə-Azərbaycan qardaşlığının əbədi olacağının nümayişi idi.

990683.jpg (61 KB)

Budur, Türkiyə Qarabağın azadlığı uğrunda savaşda, torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatında olduğu kimi, erməni vandallarının yer üzündən sildiyi cənnətməkan yurdlarımızın bərpası, infrostrukturun qurulması, nəhəng layihələrin reallaşdırılması prosesində də Azərbaycanla qoşa addımlayır! Bu, Türkiyə və Azərbaycan prezidetlərinin, Türk dünyasının iki nəhəng liderinin, strateqinin yüksək səviyyədə olan münasibətinin, uğurlu siyasətinin, qoşa addımlamasının nəticəsidir həm də. Füzuli Beynəlxalq Hava Limanında BÖYÜK BULUŞMA ürəyimizi riqqətə gətirdi!

1918-ci ildə Azərbaycanın daşnaklardan təmizlənməsi üçün Nuru Paşa öz ordusu ilə təşrif gətirəndə dədə-babalarımız necə bayram etmişdilərsə, 2021-ci ilin 26 oktyabrında da Ərdoğanın Qarabağa səfəri ürəkləri riqqətə gətirdi. Nuru Paşamız silahdaşları ilə “at belində, Qarsdan” gəlmişdi, Rəcəb bəy Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanına öz təyyarəsi ilə endi!!!

Budəfəki gəliş Azərbaycanın qüdrətli ordusunun, müzəffər komandanının işğalçılardan təmizlədiyi Türk torpaqlarında nəhəng layihələrin açışının keçirilməsinə, yeni təməllərin atılmasına həsr olunmuşdu. Türkiyə Prezidentinin Azərbaycana səfəri müstəsna əhəmiyyətə malikdir. Bu səfər, Füzuli və Zəngilanda dost-düşmənə ünvanlı mesajlardan hər kəsin götürəcəkləri var. Bu ziyarət Azərbaycan-Türkiyə sarsılmaz birliyinin əyani təzahürü oldu, Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın, qardaşlığın regional və dünya miqyasında önəmli amilə çevrildiyini nöbəti dəfə nümayiş etdirdi. Rəcəb Tayyib bəy həm də bir ilkə imza atdı – Qarabağdakı hava limanına enən birinci xarici dövlət başçısı olaraq! Və hər kəsin gözlədiyi mövqe bir daha bəyan edildi, özü də Şərqi Zəngəzurda. Sitat: “Azərbaycanla səmimi bir iradə ortaya qoyacağı təqdirdə Türkiyənin Ermənistanla olan əlaqələrinin də normallaşmasının qarşısında heç bir əngəl qalmayacaq”. İrəvan bu mövqeni ciddi şəkildə dəyərləndirməli, ağıllı seçim etməlidir. Əks halda, məhvə məhkumdur! Uzun illər boyunca Ermənistan və onun Qərbdəki havadarları çalışdılar ki, İrəvan-Ankara münasibətlərini Azərbaycan, Qarabağ məsələsindən kənarda masaya çıxartsınlar. Alınmadı və bundan sonra da bu, mümkün deyil, həm də ona görə ki, 15 iyun 2021-ci ildə Şuşada kəsilmiş “əhd-peyman”, imzalanmış Müttəfiqlik Müqaviləsi var! Cənab Ərdoğan Ermənistanın sərhədlərin dəqiqləşməsini gecikdirməsilə bağlı da xəbərdarlığını etdi: “Sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir. Yaxşı qonşuluq əlaqələrinin təməlini də bu anlayış yaradır”. Bu xəbərdarlıq uzaqdan yox, dağın o üzündən, Zəngilandan səsləndi. O da deyildi ki, çox keçməyəcək, Zəngilandan İstanbula gedəcəyik, avtomobillə, qatarla! Ermənistan Bakı-Tiflis-Qars qatarının dalınca baxdığı kimi, Bakı-Zəngəzur-Naxçıvan-Iğdır avtomobilinin də arxasınca baxmaq istəmirsə, ağıllı davranmalıdır, əksi fəlakətdir! Ali iradə ortada. Ərdoğan Qarabağdan dönərkən necə dedi: “Mənim kitabımda geri addım atmaq yoxdur”. Düşmənlər hesabını götürsün.

turkiye-728x440.jpg (59 KB)

Dünyada dil və etnik baxımdan bir-birinə yaxın ölkələr çoxdur, amma bu ölkələrin fonunda Azərbaycan-Türkiyə birliyi nümunəvi xarakter daşıyır. Faktiki olaraq dünyada “Bir millət, iki dövlət” nümunəsi var, Azərbaycan-Türkiyə birliyi dostluq, qardaşlıq və müttəfiqliyin rəmzinə çevrilib. Təbii ki, tarixi köklər, bağlılıqlar var, zamanında Azərbaycan əsgəri Türkiyə, Türk əsgəri Azərbaycan uğrunda döyüşüb, şəhid olub, dostlarımız kimi, düşmənlərimiz də eyni olub. Amma müasir dönəmdə bu qardaşlığın memarları heç şübhəsiz Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyip Ərdoğandır. Onların dostluğu və liderlik fenomeni öz sözünü deyib. Hər iki lider öz əməli fəaliyyəti ilə milli maraqları hər şeydən üstün tutduqlarını və qətiyyətlə qoruduqlarını nümayiş etdirirlər, bu, dövlət başçılarının brifinqində də bir daha qətiyyətlə nümayiş olundu Qürurlanırıq həm də ona görə ki, bu gün öz liderlərinin sayəsində Türkiyə və Azərbaycan böyük uğurlar əldə etmiş, bütün dünyada prinsipial, cəsarətli, düşünülmüş siyasət yürüdən ölkələr kimi tanınır və qəbul edilirlər.

İki lider növbəti dəfə noyabr ayında bir yerdə olacaq, bu dəfə Türk Şurasının növbəti toplantısında! Prezident İlham Əliyevin Zəngilanda bəyan etdiyi kimi, zirvə toplantısında Azərbaycan Türk Şurasına sədrliyi Türkiyəyə təhvil verəcək! Fakt budur ki, Türk Şurasında Azərbaycan və Türkiyə liderlik edir və bütövlükdə Türk dünyasında önəmli mövqeyə sahibdirlər. Ərdoğanın Qarabağ səfərində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyuldu, Zəngəzur dəhlizinin böyük bir parçasının. Dəhlizin qurulmasından sonra isə Türk dövlətlərinin bir əsr öncə parçalanması ilə bağlı xain projeyə nöqtə qoyulacaq və yeni dönəm başlanacaq.

R.T.Ərdoğan dosta da, düşmənə də çağırış etdi, tarixi şansdan yararlanmaq üçün ağıllı davranışa səslədi. Sitat: “Bu coğrafiyadan keçəcək torpaq yollar və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq. Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik, İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzinə çevrilmə imkanı möhkəmlənəcək. Bu inkişafdan İran, Gürcüstan, Ermənistan da daxil olmaqla Azərbaycanın bütün qonşuları istifadə edəcəklər”. Normal düşüncə sahibləri anlasaydılar kaş ki, 30 il ərzində Qarabağı işğalda saxlamaqla Ermənistan təkcə Azərbaycana deyil, bütün dünyaya böyük bir pislik ediblər, bəşəri cinayət törədiblər. Ancaq bunun qarşılığında Türk yenə də ona böyük humanizm jesti edir, “əlini ver, sən də adamlar içində yer al”, deyir…

azer--1597670764.jpg (277 KB)

Azərbaycan və Türkiyə liderlərinin möhtəşəm görüşü və təkcə iki qardaş ölkə üçün deyil, bölgə üçün böyük inkişaf vəd edən layihələrin gerçəkləşməsi istiqamətində qoşa addımlar atdığı zaman Ermənistan parlamentindəkilər bir-birini didb-parçalayırdılar az qala. Gün ərzində qapalı müzakirələr apardılar, amma “Hayastan” və “Mənim şərəfim var” müxalifət fraksiyaları tərəfindən hazırlanan anti-Azərbaycan bəyanatını qəbul etməyə cəsarət etmədilər, çünki növbəti səhv uçurum deməkdir. Ərdoğan və Əliyev lideri olduqları ölkələrin qüdrətini nümayiş etdirdikləri, Qarabağ cənnətinin təməllərini qoyduqları saatlarda ermənilərin etirafları eşidilirdi. “Bu gün ermənilərin heç nəyi yoxdur – nə döyüş qabiliyyətli ordusu, nə “artsax”ı, nə də yaşamaq mümkün olmayan Ermənistanı. Biz özümüz hər şeydə təqsirkarıq və bu gün də başımıza, dizimizə vurmaqdan başqa heç nə edə bimərik. Bu gün bütün erməni xalqı Azərbaycana və onun Qarabağda etdiklərinə həsədlə baxır. Bəli, azərbaycanlılar qollarını çirmələyərək, yalnız paxıllıq edə biləcəyimiz güclü enerji ilə Qarabağı dirçəltməyə can atırlar. Artıq Füzulidə aeroport da hazırdır, bu gün onu Azərbaycan və Türkiyə prezidentləri açdılar. Bir ildən bir qədər əvvəl heç bir erməni bunu təsəvvür belə edə bilməzdi”. (Siyasi şərhçi Tevos Arşakyan) Yaxud “Hər şeydən əvvəl ermənilər özləri-özlərinə sual verməlidirlər: “arsax”ın çiçəklənməsi və dirçəlməsi naminə biz nə etmişik? Biz 30 il ərzində heç orada normal yollar belə qura bilməmişik. Bu illər ərzində heç bir iş görülməmişdir. Hər şey oğurlandı, talandı. Əvvəlcə Köçəryanın “tulası” oğurladı, sonra Qukasyan və Saakyan, axırda da Arutyunyan bu işi tamamladı”. Başqa bir erməni “Bu otuz il ərzində vətənpərvər və əsl kişi kimi yaşayan Əliyevə eşq olsun”, deyir. Bax, belə…

Zəfər günündən sonrakı günlərdə bunları biz deyirdik, indi ermənilərin də içərisində ağlı başına gələnlər və həqiqəti dilə gətirənlər var. 30 ildə daşı daş üstə qoymadılar Qarabağda, əksinə, daş evlərimizi də söküb daşıdılar. Azərbaycan isə Qarabağ ərazisində Türkiyə şirkətləri tərəfindən ümumilikdə 62 kilometr uzunluqda tunel tikir! Füzulinin ardınca Zəngilan və Laçında da hava limanları tikiləcək. Bölgənin inkişafında önəmli rol oynayacaq meqalayihələr! Azərbaycan ordusu Şuşa əməliyyatı ilə dünyanı heyrətləndirdiyi kimi, iki qardaş dövlətin Qarabağın qurulmasındakı müştərək fəaliyyəti də heyrət doğurub. Bu gün Qarabağın təkcə yol tikintisi ilə bağlı şirkətlərdə 13 min 280 nəfər çalışır. Türkiyə şirkətlərində işləyənlərin sayı isə 6587 nəfərdir: 1832 nəfəri Türkiyə vətəndaşı, 4500 nəfəri isə Azərbaycan vətəndaşı. Vətənin viran qoyulmuş parçasının qurulmasında da qardaşlar əl-ələ veriblər.

Son bir ildə Ərdoğanın Bakıdakı Zəfər paradında “Arazı ayırdılar…” bəyanatından, Şuşaya səfərindən əndişəyə düşüb də mızıldananlar bu dəfə susdular, reallıqla barışıblar çünki. Prosesin geridönməz xarakter aldığını anlayıb düşmən və “hava verən”i. Erməni mediasına baxın: Ərdoğan və Əliyevin ZƏNGƏZUR DƏHLİZİnin təməlini qoyduqlarını yazırlar. Qondarma “syünik” adını da unudublar artıq, daha bizim kimi “Zəngəzur” deyirlər. Belə getsə, öz adlarını da unudacaqlar, onsuz da aydınlaşdıra bilmirlər “hay”dırlar, yoxsa erməni… Azərbaycan və Türkiyənin uğurlu əməkdaşlığı gücləndikcə, hələ çox etirafların şahidi olacaqağıq…

Və… ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerdən Zəngəzur dəhlizinin açılmasına münasibət: “Sürətli bərpa işlərinin aparılması çox müsbət haldır. Regional nəqliyyat dəhlizləri, regional əməkdaşlıq dəhlizləri haqqında danışarkən demək istəyirik ki, ABŞ bütün regional əlaqələrin qurulmasında – bunlar quru nəqliyyatı, dəmiryolu nəqliyyatı, hava nəqliyyatı vasitəsilə ola bilər – çox maraqlıdır”.

Hamı biz deyəni deyir. Yolumuz Turan yoludur! Ərdoğan dediyi çin oldu: “Dünya beşdən böyükdür”.

Elşad Paşasoy,
Musavat.com