
“PKK, İŞİD, FETÖ kimi terror təşkilatlarının varlığı təhlükəsizlik sahəsində əməkdaşlığımızın əhəmiyyətini artırıb”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının Bakıda keçirilmiş VII Zirvə Görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə bu il oktyabrın 9-dan etibarən PKK terrorçularına qarşı aparılan “Barış bulağı” hərbi əməliyyatları uğurla davam edir: “Barış bulağı” hərbi əməliyyatlarının iki əsas məqsədi var. Birinci olaraq Suriyanın şimalında PKK təhdidinin tamamilə aradan qaldırılmasıdır. İkinci əsas vəzifəmiz isə, 8 ildir qonaq etdiyimiz 3 milyondan çox suriyalı ərəbin öz torpaqlarına qaytarılmasını təmin etməkdir”.
Türkiyə Prezidenti qeyd edib ki, Suriyanın şimalında aparılan hərbi əməliyyatlar nəticəsində təxminən 1000 kvadrat kilometr ərazi terrorçuların işğalından azad edilib: “Menbiçdən İraq sərhədimizə qədər ərazini təhlükəsiz bölgəyə çevirəcəyik. İlk mərhələdə 1 milyon, daha sonra isə 2 milyon suriyalı qaçqının öz torpaqlarına könüllü qayıdışını təmin edəcəyik. Hədəflərimizə çatana qədər mübarizəmizi davam etdirəcəyik”.