Ərdoğan: “Dünyada güc balansı dəyişir”

0
218

“Bəşəriyyət olaraq güc balansının dəyişdiyi bir dövr yaşayırıq və iqtisadiyyatdan ərzaq təhlükəsizliyinə qədər bir çox sahədə ciddi çağırışlar qarşısındayıq”.

Bu sözləri Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının iclasında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

R.T.Ərdoğan xatırladıb ki, Türkiyə uzun müddətdir dünyanın beşdən daha böyük olduğunu söyləyir və hamını bu məqama diqqət etməyə çağırır:

“Dünyanın harasında olmağımızdan asılı olmayaraq, hamımız eyni taleyi paylaşırıq. Epidemiya prosesi bu həqiqəti bir daha bizə xatırlatdı”.

Türkiyə Prezidenti bəyan edib ki, terror təşkilatlarına kömək edənlərin qarşısı qətiyyətlə alınmalı, ölkələrini tərk etmək məcburiyyətində qalan köçkünlərin taleyinə biganə yanaşılmamalıdır.

“Türkiyə 4 milyondan çox məcburi köçkünə ev sahibliyi etməyə davam edir”, – Astanada baş tutan toplantıda çıxış edən Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti Rusiya-Ukrayna müharibəsinə də toxunub və bəyan edib ki, münaqişədə ədalətli sülh əldə edilməlidir:

“Savaş meydanındakı gərginliyə rəğmən, çalışmalıyıq ki, axan qanı tez bir zamanda dayandıraq”.