Ərəb ölkələrindən Qarabağa: erməni “köç”ünün səbəbi nədir?

0
784

Ermənistanın diaspora ilə iş üzrə ali komissarı Zare Sinanyan Yaponiya ilə İrəvanın münasibətlərini gərən açıqlama verib.

“Azadlıq” radiostansiyasının erməni redaksiyasının reportyoru ilə söhbətində o deyib: “Yaponlar, əslində, çinlilərlə koreyalıların sintezidir. İki min il ərzində çinlilərlə koreyalılar yaponları ayrıca etnosa, millətə çeviriblər”.

ABŞ-ın Kaliforniya ştatındakı Los-Anceles şəhərinin həndəvəri olan Qlendeyl şəhərciyinin sabiq merinin belə bisavadlığına təəccüblənməyə dəyməz.

Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətində bisavadların sayı bütün yolverilən normaları keçib. Daha doğrusu, N.Paşinyan da daxil olmaqla, İrəvan rəsmilərinin marazmatik və idiotik bəyanatlarına nəinki ermənilər, Ermənistanla qonşu dövlətlər də artıq “alışıb”lar.

Zare Sinanyan isə son günlərdə, ümumiyyətlə, “rekord” vurub.

Yaponları “koreyalılarla çinlilərin törəmələri” adlandırandan sonra o, erməni jurnalistlərə verdiyi müsahibəsində “qədim erməni çarları Argişti və Böyük Tiqran bütün Ön Asiyadakı millətlərin formalaşmasında müstəsna rol oynayıblar” söyləyib.

Bu günlərdə isə o, Ermənistana ərəblərin, assuriyaların, İraq kürdlərinin köçürülməsinin və “onların erməniləşdirlməsinin vacib və çox önəmli məsələ” olduğunu vurğulayıb.

Onun bəyanatları erməniləri, xüsusilə də ifrat millətçi və şovinist hayları həddən ziyadə sinirləndirib.

Erməni İnqilabi Federasiyası-Daşnaksutyun Z. Sinanyanın vəzifədən kənarlaşdırılmasını, “erməni xalqının milli kimliyini dəyişməyə cəhd göstərməklə yanaşı, Ermənistanda yaşayan yezidilərlə assuriyaları təhqir edən bisavad, avantürist adamın cəzalandırılmasını” tələb edib.

Z.Sinanyan, əslində, erməni ideologiyasını olduğu kimi söyləyib. Dünya erməniliyinin əsrlərdən bəri məqsədi başqa xalqları erməniləşdirmək, ermənilərin “dünyanın ən qədim xalqlarından biri olduğunu” nümayiş etdirməkdir.

Ermənistanın baş naziri Nikol Paşinyanın yürütdyü siyasət zahirən “demokratik prinsiplər və açıq cəmiyyət dəyərləri”ndən ibarət olsa da, əslində ölkədəki çox azsaylı qeyri-ermənilərin tam assimilyasiyasını nəzərdə tutur.

Sələflərinin və ümumiyyətlə, erməniliyin siyasətini davam etdirən Paşinyan Livandan, Suriyadan, hətta Mərakeşdən və İraqdan erməniləri İrəvana dəvət edir, onlara az qala Edem yaşamı vəd edir.

Reallıqla vədlər arasında isə dərin uçurum var.

Ermənistan rəhbərliyinin əsas məqsədi müxtəlif ölkələrdəki erməniləri ölkəyə cəlb etməklə süni immiqrasiyaya nail olmaq, sonra da həmin ermənilərin tam əksəriyyətini Dağlıq Qarabağa və Azərbaycanın işğal edilmiş digər ərazilərinə köçürərək həmin torpaqlarda məskunlaşdırmaqdır.

Livanın paytaxtı Beyrutda limanda məşum partlayış baş verəndən sonra bu olaydan maksimum yararlanmağa çalışan rəsmi İrəvan hazırda genişmiqyaslı immirqasiya proqramını reallaşdırmağa can atır. Beyrutda sakinlərinin əksəriyyəti ermənilər olan Burc Hamud məhəlləsindən artıq 800-dən artıq erməni Ermənistana yollanıb. Onların Ermənistanda qalacaqları deyilsə də, Paşinyan hökuməti bu erməniləri Dağlıq Qarabağda və erməni işğalında olan digər ərazilərimizdə məskunlaşdırmaq fikrindədir.

İrəvanın məramı həmin ərazilərdə demoqrafik vəziyyəti tam dəyişmək, o torpaqların “qədim erməni əraziləri olması” ilə bağlı təbliğat kampaniyasını “əsaslı” etməkdir.

Bu məqsədlə işğal edilmiş ərazilərimizdə kiçik, modul tipli evlərdən ibarət yeni yaşayış məntəqələri qurulur, habelə hazırda mövcud olan kənd və qəsəbələrdə evlər tikilərək “gəlmə” erməni ailələrinə ayrılır.

Fəqət, belə planların perspektivi və ümumiyyətlə, məntiqi yoxdur. Səbəb sadədir: Dağlıq Qarabağdakı terrorçu rejimə qarşı Azərbaycan ordusu istənilən an antiterror əməliyyatına başlaya bilər.

Qarabağlı ermənilər bunu anlayırlar və yaşadıqları məkanları tərk etməyə çalışırlar.

Onların hədəfi Ermənistana köçmək yox, ümumiyyətlə, Cənubi Qafqazdan uzaq olmaqdır.

Nikol Paşinyandan, onun komandasından, rəsmi İrəvandan və erməni siyasətçilərindən fərqli olaraq, qarabağlı ermənilər Qarabağ savaşında ermənilərin qalib yox, məğlub olduqlarını anlayırlar.