Ərəb Dövlətləri Liqası (ƏDL) 1945-ci ildə Qahirədə təsis edilib. Qərargahı Qahirədə yerləşən təşkilatın hazırkı Baş katibi Əhməd Əbul Qeytdir. ƏDL-in tərkibinə 22 dövlət – Misir, Sudan, Somali, Cibuti, Qəmər adaları, İraq, İordaniya, Suriya, Livan, Fələstin, Əlcəzair, Liviya, Tunis, Mərakeş, Mavritaniya, Yəmən, Küveyt, Səudiyyə Ərəbistanı Krallığı, Qətər, Bəhreyn, Oman, Birləşmiş Ərəb Əmirlikləri daxildir. Siyasi məsələlərə xüsusi diqqət yetirən və Yaxın Şərqdəki sülh prosesində ərəb dövlətlərinin maraqlarını fəal müdafiə edən təşkilat ərəb dünyasında 400 milyondan çox insanı əhatə edir.
Afrika və Asiya qitələrində yığcam şəkildə yaşayan, dünyanın ən böyük xalqlarından biri kimi ərəblər bəşəriyyətə samballı töhfələr verib. Dünya iqtisadiyyatında böyük payı olan ərəb ölkələrində zəngin ehtiyatlara malik neft-qaz yataqları var. Səudiyyə Ərəbistanı 2019-cu ildə dünyada ən çox neft hasil edən ikinci ölkə olub. Həmçinin Qətərin qaz ehtiyatlarının həcmi 24,5 trilyon kubmetrdir ki, bu da ərəb ölkəsinin qaz ehtiyatlarının həcminə görə dünyada üçüncü sırada yer almasına imkan verir.
Noyabrda Qətərdə futbol üzrə dünya çempionatı start götürəcək. Dünyanın beş qitəsindən 32 komandanın iştirak edəcəyi “futbol bayramı”nda bütün dünyanın diqqəti ərəb dövləti olan Qətərə yönələcək. Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci ildə Qətər dövlətində təşkil ediləcək futbol üzrə dünya çempionatının keçirildiyi tarixlərdə çempionatla bağlı bu ölkəyə səfər çərçivəsində Azərbaycana gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.
Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var. Belə ki, əsrlərlə Azərbaycan şairləri və mütəfəkkirləri ərəb dilində də yazıb yaratmışlar. Dahi Azərbaycan şairləri Nəsiminin və Fizulinin məzarlarının ərəb dövlətləri ərazisində yerləşməsi bu bağlılığın daha bir bariz nümunəsidir.
2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan ƏDL-də müşahidəçi statusuna malikdir. 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində Ərəb Dövlətləri Liqasının qərargahında ozamankı Baş katib Amr Musa ilə görüşmüş, Liqaya üzv olan ölkələrin səfirləri qarşısında çıxış etmişdir.
Qeyd edək ki, “Ərəb Dövlətləri Liqası – Orta Asiya – Azərbaycan Əməkdaşlıq və İqtisadi Forumu” adlı format böyük perspektiv vəd edir. 2014-cü ildə Ər-Riyadda keçirilmiş ilk Forumun yekunu olaraq qəbul edilmiş Bəyannamədə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında həllinin vacibliyi bir daha vurğulanıb. Eyni zamanda, Bəyannamədə Prezident İlham Əliyevin təşəbbüskarı olduğu və hər il onun himayəsi altında Bakıda keçirilən Humanitar Forumun əhəmiyyəti qeyd edilib.
Həmçinin bu il iyunun 17-də Prezident İlham Əliyev ölkəmizdə keçirilən IX Qlobal Bakı Forumunda iştirak edən Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyti qəbul edib. Söhbət zamanı Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb. Bu xüsusda qarşı tərəfin təşkilatın Bakıda ofisinin yaradılmasına dair təklifi ilə bağlı müzakirələr aparılmaqdadır.
Azərbaycan daim İslam həmrəyliyi prinsipini rəhbər tutub və bu xüsusda ərəb dövlətləri ilə həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlı olub. Ölkəmiz, həmçinin ərəb dünyasının haqq işini həmişə dəstəkləyib. Azərbaycan İsrail-Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi üzrə, eləcə də Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri əsasında həllinin tərəfdarıdır. Ölkəmiz Fələstin xalqına həm birbaşa, həm də beynəlxalq təşkilatlar vasitəsilə daim humanitar yardımlar edir. Bu yardımlar özündə maddi yardım, tələbələrin ölkəmizdə təhsil alma imkanı, donor konfranslarının təşkili kimi önəmli elementləri ehtiva edir. Bundan başqa, Azərbaycan Yəməndən Sudanadək bir çox ərəb dövlətlərinə humanitar yardımlar edib.
Dünyada islamofobiya meyillərinin daha da gücləndiyi dövrdə Azərbaycan islamafobiyaya qəti şəkildə qarşı çıxır. Dövlətimiz daim beynəlxalq miqyasda belə mənfi tendensiyalarla fəal mübarizə aparıb. 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan Bakı Prosesi müsəlman ölkələri ilə Avropa dövlətlərini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verdi. Bu Proses çərçivəsində Azərbaycan tərəfindən iki ildən bir təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Birləşmiş Millətlər Təşkilatı tərəfindən sözügedən sahədə önəmli beynəlxalq platforma kimi tanınıb.
Ərəb ölkələri, həmçinin mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini də ifadə ediblər. Bir sıra ərəb dövlətləri, xüsusilə İraq və Misir illərdir mina problemindən əziyyət çəkir. Ölkəmiz mina probleminə beynəlxalq aləmdə daha çox diqqət çəkmək istiqamətində ərəb ölkələri ilə əməkdaşlıq edə bilər.
Son aylar ərzində Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının, “Avropa siyasi birliyi”nin, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin, indi isə Ərəb Dövlətləri Liqasının sammitlərində iştirakı ölkəmizin həm fəal, təşəbbüskar xarici siyasət aparmasının, həm də multilateralizmə, beynəlxalq əməkdaşlığa verdiyi önəmin bariz nümunəsidir. Azərbaycan belə tədbirlərdə iştirakla öz mövqeyini beynəlxalq müstəvidə irəlilətmək üçün əla imkanlar əldə edir.
Eyni zamanda, Ərəb Dövlətləri Liqasının bütün üzv dövlətləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) da üzvləridir. Bu mənada ƏDL-in sammitində iştirak Azərbaycanın Hərəkatın sədri kimi baxışının və nəzərdə tutduğu fəaliyyətin QH-nin 22 üzv dövlətinə təqdim edilməsi baxımından çox önəmlidir.
Bu gün ərəb dünyası üçün ən böyük problem yaradan ölkələrdən biri məhz İrandır. İran ərəb ölkələrində məzhəb bölücülüyü kimi dağıdıcı fəaliyyətlə məşğuldur. Bu fəaliyyətdən Suriya, Livan, Yəmən və digər dövlətlər əziyyət çəkir, ciddi siyasi-təhlükəsizlik təhdidləri ilə üz-üzə qalırlar. Bundan əlavə, İran Birləşmiş Ərəb Əmirliklərinin ərazisi hesab edilən Əbumusa, Böyük və Kiçik Tunb adalarını işğal altında saxlayır.
Ərəb dünyasına böyük problem yaradan digər ölkə – Fransa 1830-cu ildən 1962-ci ilə qədər Əlcəzairdə çoxsaylı qətliamlar törədib. Fransa Qəmər Adalarının ərazisi olan Mayot adasını işğal altında saxlayır. Birləşmiş Millətlər Təşkilatının qətnamələri Qəmər adalarının Mayot üzərində suverenliyini tanısa da, Fransa buna məhəl qoymur.