Ən önəmli məsələ: dövlət vətəndaşın yanındadır – FAKTLAR, RƏQƏMLƏR

0
583

İndi ölkədə 1 milyondan artıq insan işləmir, lakin onların hamısı maaş alır, onlara müavinət və yardım göstərilir.

Belədə suallar yaranır.

Dövlət bundan artıq nə etsin?

Dövlət, yoxsa vətəndaş? Büdcə gəlirləri, yoxsa sosial təminat proqramlarının genişləndirilməsi və hər sakinin rifahının qorunması məsələsinin ön plana çıxarılması? Xərclər, yoxsa gəlirlər?

İlk baxışdan qəribə təsir bağışlayan bu suallar nə dilemmadır, nə də ritorika.

COVİD-19 koronavirus pandemiyası dünyanı son əsrin ən ağır maliyyə və iqtisadi böhranı ilə üzbəüz qoyub. Humanitar böhranın sonucları isə hələ bilinmir: 2,3 milyon insan bu virusa yoluxub, 140 mindən artıq insan isə virusdan ölüb.

Dövlətlər tarixlərində bəlkə də ən ağır sınaqlardan biri ilə üzbəüzdür.

Və hər ölkə bu sınaq qarşısında fərqli davranır.

Bəziləri ümumiyyətlə, karantin rejimi tətbiq etmir, heç nə olmamış kimi davranır. Bəziləri bütün qüvvə və səylərini işə salaraq, böhranın öhdəsindən gəlməyə çalışır.

Bəziləri büdcə xərclərini artırmamaq üçün rəsmi səviyyədə min bəhanələr uydurur.

Və çox az sayda dövlət vətəndaşını düşünərək ona dayaq olur, dəstək verir, maddi durumunun ifrat dərəcədə pisləşməsinə imkan vermir.

Belə ölkələrdə vətəndaş dövlət üçün yox, dövlət vətəndaş üçündür.

Almaniyada hər şəxsə büdcədən 5 min avro, xırda və orta sahibkarlara, şirkətlərə 15 min avro yardım edilir.

ABŞ-da hər vətəndaşa büdcədən 1200 dollar verilir.

Bəs Azərbaycanda?

Sosial şəbəkələrdə bir dəstə adamın isteriyasına nəzər salıram. “Ömrü boyu vergi ödəyən, dövləti saxlayan vətəndaşa dövlət iki ay arxa dura bilmədi”, “194 manatlıq yardımlar kimə və necə verilir, bilən varmı?”, “Dövlət haradadır, niyə heç nə etmir?” tipli deyinmələr, çağırışlar, şikayətlər.

Amma…

Elə həmin ABŞ-da koronavirus epidemiyası 26 milyon insanın işsiz qalmasına səbəb olub. Bu şəxslərin heç birinə (!) əlahiddə, ayrıca maddi dəstək və ya ödənişlər nəzərdə tutulmayıb.

Almaniya ölkə iqtisadiyyatında böhranın fəsadlarını azaltmaq üçün büdcənin 20 faizini xilas proqramlarına ayırmağa qərar verib.

Koronavirus pandemiyası Fransada başlayandan bəri 8 milyon insan iş yerlərini itirib. Bu rəqəm İtaliyada 4 milyon, İspaniyada 3,8 milyon, Portuqaliyada 1 milyon, Britaniyada 14,45 milyondur.

Postsovet məkanında vəziyyət daha, hətta qat-qat acınacaqlıdır. Məsələn, MDB arealında iqtisadi-maliyyə cəhətdən ən güclü dövlət olan Rusiyada maaşların 20 faiz azaldılması nəzərdə tutulub.

Ukraynada kütləvi narazılıq an məsələsidir: iş yerləri bağlanıb və o iş yerlərinin çoxunda maaş məsələsi mübhəm qalıb. Gürcüstanda çox ağır maliyyə böhranının əlamətləri artıq görünür. Ermənistanda, ümumiyyətlə, bütün ümidlər Avropa Birliyinin verəcəyi 160 milyon avroluq yardımadır. Amma bu əslində, yardım deyil: Ermənistan o alacağı maliyyə vəsaitinin müqabilində Brüsselin sərt və ağır şərtlərini yerinə yetirməli, hətta xarici siyasətində “zəruri” korrektələrə və yerdəyişmələrə başlamalıdır.

Bundan başqa, Avropa Birliyinin aparıcı dövlətləri və ABŞ ilə, habelə Sinqapur, Yaponiya, Malayziya, Tayvan və Honkonqdakı yardımlarımn məbləğlərini “iqtibas” gətirən, sosial şəbəkələrdə “haqq-ədalət carçısı” əbası geyinərək özünə xal qazanmağa çalışanlar əslində vəziyyətdən faydalanmağa çalışanlardır.

Belə davranışın bir adı var – yalançılıq və yaramazlıq.

Çünki koronavirus pandemiyasının tüğyan etdiyi bu dönəmdə Azərbaycan da vəziyyətdən çıxmağa çalışır: qabaqlayıcı tədbirlərdən sonra durumun maksimum qısa müddətdə normallaşdırılması üçün effektiv və gərəkli addımlar atır.

Fakt budur ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Onun 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb.

Aprelin 17-də elan edilmiş yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb.

Əsas məsələlərdən biri, təbii ki, iş yerlərinin və əməkhaqlarının qorunmasıdır. Bunun üçün dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər aparılır. Habelə, elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilir.  Beləcə, dövlət sektorunda çalışan 910 min, özəl sektorda işləyən 719 min nəfər bu proqramların əhatə dairəsindədir.

Əmək müqavilələrinin statistikasında da azalma yox, artım müşahidə olunur.

Rəqəmlərə nəzər salaq: aprelin 1-dən aprelin 17-dək artım 55 min olub. Bu ilin yanvarın 1-dən dünənədək əmək müqavilələrinin sayındakı artım isə ümumən 77 min təşkil edib.

İqtisadiyyat Nazirliyinə verilmiş tapşırıq əsasında 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsi maliyyələşdirilir və təqribən 300 min fərdi sahibkara dəstək verilir.

Azmı?

Az hesab edirsinizsə, davam edək.

Koronavirus pandemiyası ilə bağlı olaraq tətbiq olunmuş karantin rejimində, təbii, bir sıra iş yerləri müvəqqəti bağlanıb, bəzi müəssisələrdə isə növbəli iş rejiminə keçilib. Təbii, ciddi məhdudiyyətlərdir.

Bəs dövlət bu problemləri necə həll edir, yəni əhalinin məşğulluq imkanlarının qorunması və artırılması istiqamətində hansı addımlar atılır?

Əvvəla, məşğulluq orqanlarının fəaliyyəti gücləndirilib. DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb. Artıq 5 min şəxs işə cəlb edilib.

Ümumilikdə ictimai iş yerlərin sayı 90 minə çatıb. Xüsusi karantin rejimi başlayanadək 38 min şəxs bu işlərə cəlb edilib və hazırda da işləməyə davam edirlər.

İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslər:

İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərə ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmə verilməsinə başlanıb.

Azərbaycan Prezidentinin qərarı ilə birdəfəlik ödəmə 600 min şəxsə ödəniləcək.

Birdəfəlik ödəmə aprel-may aylarını əhatə edəcək. Növbəti mərhələdə bu şəxslərin rəsmi məşğulluğunu təmin etmək üçün zəruri məlumatlar toplanacaq və uçot yaradılacaq

Aprelin 7-də təsdiq edilən qaydalar üzrə çox qısa müddət ərzində –  2 günə ödənişlərə başlanılıb. Ümumilikdə 9-17 apreldə 140 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib.

Birdəfəlik ödəmə köçürülərkən vətəndaşa bu barədə SMS göndərilir. Ödəniş bank filialları və ya poçt şöbələri vasitəsilə təmin edilir.

Digər vacib məsələ vətəndaşın işsizlikdən sığortalanmasıdır.

Azərbaycanda indiki dövrdə işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsi genişləndiriləcək. Əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişi şamil ediləcək.  2020-ci il üçün bu növ ödənişin 20 min nəfəri əhatə etməsi nəzərdə tutulur.

İşsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti uzadılıb. 2 min nəfəri əhatə edən bu sosial tədbirə 600 min manat manat ayrılıb.

Eyni zamanda, özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsini də unutmayaq. Bu il ildə 12 min ailənin özünüməşğulluq proqramına cəlb olunacaq. Bunun üçün İşsizlikdən Sığorta Fondundan 70 milyon manat  ayrılıb.

Proqramın genişləndirilməsi ilə bağlı Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq edilir. Yəni hər il minimum 250 ailə işlə təmin olunur.

Banklarla da əməkdaşlıq həyata keçirlir. Aprelin 8-də banklar tərəfindən proqram iştirakçılarına aktivlər verilməsinə başlanıb. Dünya Bankı ilə layihəyə başlanır və hər il 5 min ailənin özünüməşğulluğu təmin ediləcək. Və ən nahayət, BMT-nin İnkişaf Proqramı ilə birgə 500 əlilliyi olan şəxsin biznesə çıxışına dəstək verilir.

Önəmli məqamlardan biri də xüsusi həssas təbəqələrin sosial müdafiə tədbirlərinin gücləndirilməsidir.

Dövlətimiz nə edir?

Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 milyon manat ehtiyatı əhaliyə sosial ödənişlərin davamlılığının təmin edilməsinə yönəldilib. Bu ödənişləri (pensiya, müavinət təqaüd və s.) 2,3 milyon şəxs alır.

Aprelin 8-15-də respublika üzrə aprel ayı üçün pensiyalar tam ödənildi. Ayın 20-21-də müavinət, təqaüd və kompensasiya, ayın 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.

Ünvanlı dövlət sosial yardımının verilməsi müddətinin uzadılması və təyinatının sadələşdirilməsini də unutmayaq.  Xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bunun üçün əlavə 3 milyona manat ayrılıb.

Aprelin 1-dən ünvanlı sosial yarıdımı alanların sayı 10 min ailə artıb. Ümumilikdə 80 min ailənin 330 min üzvü ünvanlı sosial yardım proqramı ilə əhatə olunur. Hər ailəyə düşən yardımın məbləği 222 manatdır.

Tənha, gəlir yerləri olmayan yaşlıları da dövlət yaddan çıxarmayıb.

Yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri aparılır. 15 000-dən çox  tənha yaşlıya sosial xidmətlər göstərilir. Sosial tərəfdaşlar vasitəsilə artıq 17 minədək ərzaq payı tənha və əlilliyi olan şəxslərə verilib. Bu proses davam edir.

Hazırda 9 sosial xidmət müəssisəsində 1000-dən çox şəxs stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur.

Gələk digər dəstək tədbirlərinə.

Martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bu tədbir 14 min nəfəri əhatə edir və  bunun üçün 2,6 milyon manat ayrılıb.

Əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılıb. Tələb olunan vəsait (2 aylıq) 10 milyon manatdır.

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi nəzərdə tutulub. Tələb olunan vəsait (il ərzində): 40 milyon manatdır.

Yəni…

Koronavirus pandemiyasının ölkə iqtisadiyyatında yaradacaq fəsadlarının aradan qaldırılmasına ümumi hesabla təqribən 6 milyard, bilavasitə vətəndaşlara dəstək və yardımlar üçünsə 2,5 milyard manat vəsait ayrılıb.

Bu məbləğ artacaq – kimsənin şübhəsi olmasın.

Çünki Azərbaycanda dövlət onu qoruyan, onu formalaşdıran və var edən vətəndaşları üçündür, hakimiyyət strukturları da məhz bu prinsiplə davranır.

Əlbəttə ki, insanların sosial müdafiəsini daha da gücləndirməliyik. Azərbaycan xalqı yaxşı bilir ki, dövlət başçısı İlham Əliyev bu məsələ ilə ciddi məşğuldur. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır. Bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Eyni zamanda, 300 minə yaxın mikrosahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırıb. Beləliklə, ancaq bu kateqoriyalara aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alır. Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilir. Hazırda bir milyona yaxın insanın böyük əksəriyyəti işləmir, ancaq dövlət onların maaşını verir. Yəni, bu, bir daha Azərbaycan dövlətinin humanist mahiyyətini göstərir.

Prezident İlham Əliyev bəyan edib: “Mən bunu dəfələrlə demişəm, hələ koronavirusdan daha əvvəl demişəm, – bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bugünkü ağır vəziyyət bir daha onu göstərir ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur, nəyi bəyan ediriksə, onu da edirik”.

… Koronavirus bütün xalqlar və dövlətlər üçün sınaqdır. Biz də bu sınaqdan çıxacağıq – üzüağ, qürurla, görülən işlərin səbatlılığından və insanlarımızın sağlamlığı ilə təhlükəsizliyinin tam təmin edilməsi üçün qəbul edilmiş qərarların sonuclarından məmnunluqla.

Lakin o anın yaşanması üçün dövlət bizə dəstək olduğu kimi, biz də Dövlətin yanında olmalıyıq.

Hərdaim…

Elçin Alıoğlu