“Ən böyük qazanc sənin insanlığındır”

0
768

Deyirlər, yaşadığı illər insanın sərvətidir. Bu baxımdan yanaşdıqda 90 yaşını tamamladığı üçün onu şəkk-şübhəsiz var-dövlətli insan saymaq olar. Lakin məsələ təkcə ömrün uzunluğunda deyil. Sərvət deyəndə bir çox hallarda heç mal-mülk, daş-qaş, pul nəzərdə tutulmur. Sərvət insanın yaşadığı ömrün mənasında, onun başqalarına nə qədər gərəkli olmasında, faydalı işlərində, xeyirxah əməllərində, şəxsiyyətində, ləyaqətindədir. Bu mənada yola saldığı doqquz onillik ona böyük sərvət gətirib. Söhbət istedadlı və oxunan yazıçı, qəzetçilikdə uzun illər “külüng vuran” jurnalist və publisist, bu gün qələmi ilə xalqına xidmət edən yazarların bir neçə pleyadasının “istehsalat”da müəllimi və böyük bir nəslin ağsaqqalı olan Əfqan Əsgərovdan gedir. Ədəbiyyatsevərlər onu sadəcə Əfqan imzası ilə tanıyırlar.

“Müharibə uşaqları”ndan biri

Əfqan Əsgərov 1929-cu il sentyabrın 23-də Şirvanın Qarabağlılar kəndində dünyaya göz açıb. “Atam aqronom idi, – deyir. – Nazirlikdə işlədiyindən bizi Bakıya köçürüb gətirmişdi. Müharibə başlayanda onu cəbhəyə apardılar. O zaman şəhərin üzərində tez-tez təyyarələr uçurdu və biz onlara maraqla, heyrətlə tamaşa edirdik. Uşaq idik, nə baş verdiyini bəlkə də hələ tam başa düşmürdük. Müharibənin nə qədər dəhşətli olduğunu mən Ağsuda dərk etdim. Çünki az sonra biz ailəliklə oraya köçdük, bibimgilə. Atamın qərarı belə idi. Ailəsinin şəhərdə başsız qalmasını istəmirdi…”

12 yaşlı Əfqan üçün bu dövrün ən böyük dəhşəti təhsili ilə bağlı idi. Üçüncü sinifdə oxuduğu zaman müəlliməsi ailə qurub bir daha məktəbə gəlmədi. Dərs deməyə isə başqa müəllim yox idi. Bu, “müharibə uşaqları”ndan biri olan Əfqanın həyatda qarşılaşdığı ilk sınaq idi və o, həmin çətinlikdən çıxış yolunu dərslərlə sərbəst məşğul olmaqda tapdı. Beləcə, iki il özü-özünə dərs keçdi, mütəmadi kitab oxudu. Çox güman ki, ədəbiyyata maraq da o vaxtdan qəlbində yurd-yuva saldı.

Məktəbsiz, müəllimsiz qalan həmyaşıdları da günlərini mənasız keçirmirdilər. Yığışıb müxtəlif tamaşalar qururdular. O çağlar Səməd Vurğunun “Vaqif” dramı çox məşhur idi. Uşaqlar bu əsəri özləri bacardıqları səviyyədə səhnələşdirmişdilər. Əfqana Vidadi rolu düşmüşdü. Kim bilir, bəlkə gələcəkdə dramaturgiyada da qələmini sınayıb yaddaqalan əsərlər yaradacaq yeniyetmənin bu sahəyə marağının təməli də həmin günlərdə qoyulurdu…

Yeməyə çörəyin tapılmadığı vaxtlar idi. Odur ki, ön cəbhədəki aqronomları geriyə, arxa cəbhəyə göndərdilər. Davadan qayıdan Hacıağa kişini Yevlax rayonuna baş aqronom təyin etdilər. Bu dəfə ailə Yevlaxa köçməli oldu. Bu vaxt Əfqan beşinci sinifdə oxumalı idi. Lakin harada? Odur ki, yaranmış şəraitə görə yenə də əvvəlki qayda ilə “təhsil alırdı”. Tez-tez atasından icazə istəyib sovxozdakı atlara qulluq edirdi, arada onları minib çapırdı da… Artıq şeir də yazmağa başlamışdı.

Müharibə bitsə də, ağırlıqları hələ xalqın çiyinlərində idi. Gələcək barədə fikirləri Əfqana gecə-gündüz rahatlıq vermirdi.

“Bir gün Oğuzda müəllim işləyən əmim Bakıdan rayona qayıdarkən yolüstü bizə gəldi. Məni çox kefsiz görüb səbəbini soruşdu. Məsələnin nə yerdə olduğunu biləndə mənə ürək-dirək verdi. Demə, əmim Bakıya işlədiyi məktəbin şagirdləri üçün qiymət cədvəlləri gətirməyə gedibmiş. Elə buradaca portfelindən boş cədvəllərdən birini çıxarıb adımı oraya yazdı. Beləliklə, təhsilimi yeddinci sinifdə davam etdirə bilərdim”.

Əfqan müəllim bunları danışanda gülür. Deyir ki, bu, onun həyatında qanundan kənara çıxdığı yeganə hadisə olub.

Yenidən Bakıya köçəndən sonra evlərinin yaxınlığındakı 1 nömrəli orta məktəbdə onu yeddinci sinfə qəbul etmədilər, dedilər ki, yalnız beşinci sinfə götürərik.

“Kor-peşman evə qayıdırdım. Tramvayda təsadüfən bir qohumumuza rast gəldim. O, tibb texnikumunda oxuyurdu və mənə də sənədlərimi oraya təqdim etməyi məsləhət gördü. Başqa çarəm yox idi. İmtahan verdim, qəbul olundum, oxuyub həmin məktəbi bitirdim. Lakin təyinatla göndərildiyim sovxoza getmədim. Bu texnikum məni universitetin astanasına çatdıran bir körpü rolunu oynadı”.

Elə həmin il Əfqan Əsgərov Azərbaycan Dövlət Universitetinin (indi BDU) Filologiya fakültəsinə imtahan verib qiyabi şöbəyə daxil oldu. Ancaq ürəyi təhsil almağa təşnə olduğundan qiyabi oxumaq istəmirdi. Universitetin rektorunun qəbuluna düşməyə müvəffəq oldu. Rektor isə bildirdi ki, Filologiyanın əyanisində boş yer yoxdur, amma təzəcə açılmış Jurnalistika bölməsində əyani təhsil ala bilər.

Beləcə, bu gəncin həyatı növbəti bir təsadüflə davam etdi. Amma dünyagörmüşlər “hər təsadüf zərurətdən doğur” deyiblər.

“Jurnalist cəsarətli olmalıdır”

1953-cü ildə universiteti bitirən gənc jurnalist “Azərbaycan gəncləri” qəzetində əmək fəaliyyətinə başlayır. Qəzetin səhifələrində mütəmadi olaraq oçerklər, felyetonlar, digər publisistik yazılar, hətta hekayələrlə çıxış edir. Odur ki, oxucular tezliklə imzasını tanıyırlar.

Qəzetdə dərc edilən və gənclik mövzusunda yazılan səhnə əsərləri müsabiqəsində mükafata layiq görülən “Poçtalyon” kinossenarisi Əfqanın yaradıcılıq potensialının geniş olduğundan, mövzu və janr baxımından getdikcə şaxələndiyindən xəbər verirdi. Buna görə də az sonra o, Moskvaya ikiillik kinossenari kurslarına təhsil almağa göndərildi. Oradan qayıdandan sonra isə fəaliyyətini Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında davam etdirdi.

Növbəti bir təsadüf deyəsən yenə də taleyin işi idi. O zaman kinostudiyada ciddi problemlər yaşanırdı. Əfqan Əsgərov bu barədə “Kommunist” qəzetinə bir məqalə yazdı. Məqalə geniş əks-səda doğurdu və Azərbaycan KP MK-nın müşavirəsində müzakirə olundu. Bundan sonra Əfqanı “Kommunist”in ədəbiyyat və incəsənət şöbəsinə müdir təyin etdilər. Beləcə, onun həyatı uzun müddət çalışdığı “Kommunist” qəzeti ilə bağlandı.

“Kommunist” partiya qəzeti, rəsmi mətbu orqan idi. Əfqanın bu qəzetdəki yaradıcılığının özəlliyi onda idi ki, yazılacaq mövzunun, verilən tapşırığın ciddiliyinə, mahiyyətinə xələl gətirmədən onu şair duyğusu, yazıçı təxəyyülü, publisist dili ilə işıqlandırırdı. Şöbəsindəki əməkdaşlara həm hörmətlə, həm də tələbkarlıqla yanaşırdı. Həmin illər ərzində qəzet Azərbaycanın görkəmli yazıçılarının, bəstəkarlarının, sənət adamlarının söz dediyi tribunaya çevrilmişdi. Bu, bir tərəfdən qəzetin nüfuzu ilə bağlı idisə, digər tərəfdən Əfqan müəllimin söz-sənət aləmindəki hörmətindən, müəlliflərlə işləmək bacarığından irəli gəlirdi.

İllər keçdi və Əfqan Əsgərovun bu təcrübə və təşkilatçılığı üçün daha geniş meydan yarandı. Belə ki, o, “Sovet kəndi”, “Həyat” qəzetlərində baş redaktor vəzifəsində çalışdı. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Əfqan müəllimin o illərdə seçdiyi kadrlar özlərini doğruldublar və çoxları bu gün də qələmləri, əqidələri ilə jurnalistikamızın, dövlətimizin, dövlətçiliyimizin keşiyindədirlər.

Əfqan müəllimin yaşadığı jurnalist ömrü indiki gənc həmkarları üçün bir nümunədir. O həmişə vurğulayır ki, jurnalistika çətin və məsuliyyətli sahədir: “Jurnalist cəsarətli və qorxmaz olmalıdır. Əgər həqiqəti yazmağa qorxursansa, bəri başdan özün qərar verib başqa sahəyə get”.

Roman o zamanın aparıcı janrı idi

Bir yazıçı kimi Əfqan 1960-cı illərdə tanınmağa başlayır. Həmin vaxt bir-birinin ardınca hekayə topluları nəşr edilir. “Gecikmisən” (1961), “Gözəllik sorağında” (1962), “Sən belə deyilsən” (1963), “Sarı əlcək” (1965) və digər toplular onun bir yazıçı kimi zəngin müşahidə qabiliyyətinə və bədii ifadə imkanlarına malik olduğunu təsdiqləyir.

Məhz bu xüsusiyyətlər daha sonra qələmə aldığı “Qozbel” roman-dilogiyasında yazıçının “əlindən tutur”. Burada müəllif insan psixologiyasını geniş çalarlarla açıqlayaraq, onun özünü bütün sarsıntılardan azad edib xoşbəxtlik yoluna necə çıxdığını göstərir.

70-ci illərdə artıq oxucuların qəlbinə geniş yol tapmış yazıçı həyatın daha qlobal problemlərini göstərən romanlar yazır. Bu əsərlərində o, XX əsr Azərbaycan kəndində baş verən sosial və siyasi dəyişiklikləri əks etdirir. Janrın imkanlarından və qələminin gücündən istifadə edərək “Dədə Bəhmən” trilogiyasında kəndin həyatındakı ziddiyyət və dəyişiklikləri, müharibənin vurduğu zərbələrdən yaranan fəsadları, partiya sistemində özünü göstərən sapıntıları, eləcə də əyintilərlə mübarizəni göstərməyə müvəffəq olur.

Trilogiya “Gülyanaq” romanı ilə başlayır. Romanda əsgər ailəsinin arxa cəbhədəki ağır güzəranı təsvir edilir. Anası balaca Gülyanaqla birlikdə özünü qayadan atmaq istəyir. Ancaq körpəsinə qıymır. Uşağı qayanın başında qoyub təkcə özünə qəsd edir. Sahibsiz qalmış qızcığazı kolxoz sədri Dədə Bəhmən övladlığa götürür. Bu obrazla yazıçı Azərbaycan kəndinin ağsaqqallarının dəyanətini, ləyaqətini, xeyirxahlığını və uzaqgörənliyini göstərib.

Qeyd edək ki, “Gülyanaq” 70-ci illərdə yazılan romanlar arasında ən təsirlilərindən və çox oxunanlardan biri idi. Danışırlar ki, Xalq şairi Rəsul Rza xəstəxanada olarkən tibb bacısının bir kitabı böyük maraqla mütaliə etdiyini görüb. Sonra qızdan həmin kitabı alaraq özü də oxuyub və deyib: “Tənqidçilər Əfqanın “Gülyanaq” əsərini görməli və dəyərləndirməlidirlər”. Bu əsər həmin dövrdə həqiqətən də yüksək qiymətləndirildi.

Trilogiyanın növbəti romanı olan “Katib” də cəmiyyətdə geniş əks-səda doğurdu. Burada yazıçı ədalətli partiya işçisi, rayona rəhbərlik etdiyi dövrdə mizan-tərəzini pozmayan İsrafilzadədən, sonra isə vəzifə kürsüsündə onu əvəz edən və insanlarla rəftarında, idarəçilikdə nöqsanlara yol verən katibdən söhbət açır.

Əfqanın yaradıcılığında tarixi romanların da öz yeri var. Bunlardan “Bəy İnal”ı, “Şahlar şahı”nı, “Cənnətməkan”ı qeyd etmək olar. “Ədəbiyyatı sevməyin birinci yolu tarixdən keçir, – deyir Əfqan müəllim. – Çünki bu sənin, atanın, ananın və digər doğmalarının da həyatıdır”.

Professor Azad Nəbiyev yazıçının tarixi romanlarını belə səciyyələndirib: “Əfqan Azərbaycan ərazisindəki hökmdarlıq dövrünü, həmin dövrdə azərbaycanlıların adət-ənənəsinin, həyat və məişətinin bugünümüz üçün son dərəcə əhəmiyyətli və maraqlı olan xüsusiyyətlərini öyrənmiş, bir neçə ilin axtarışından sonra trilogiyanın ilk romanı olan “Bəy İnal”ı yazmışdır. Əsər xalqımızın qədim dövr tarixini, dövlətçilik ənənəsini öyrənmək baxımından maraqlı olduğu kimi, Azərbaycan xalqının tarixi taleyini, müxtəlif qonşu ölkələr əhatəsində keşməkeşli taleyini öyrənmək baxımından da bir o qədər əhəmiyyətlidir… Xosrov Ənuşirəvan şaha həsr etdiyi “Şahlar şahı” romanı da tarixi həqiqətlərə söykənir. Əfqan burada tarixi roman janrının yeni hüdudlarını müəyyənləşdirməklə yanaşı, ona eyni zamanda bu mövzuda indiyə qədər yazılmış əsərlərdən fərqli olaraq tamamilə yeni məzmun gətirmiş, hökmdar-xalq qarşılıqlı əlaqəsi zəminində ədalətli hökmdarın yeni tipini yaratmışdır”.

“Sarı əlcək”, “O, mənim oğlumdur”, “Qız atası”, “Gülməyən adam”, “Dağ seli”, “Tamah dişi”, “Cənnət alması”…… Bunlar isə Əfqanın pyesləridir və bu əsərlərin əsasında qoyulmuş tamaşalar da rəğbətlə qarşılanmışdır. Xüsusilə “Qız atası” pyesi böyük maraq doğurmuşdur və bu gün də tamaşaçılar ona həvəslə baxırlar.

Ağsaqqal sözü

Saysız-hesabsız roman, povest və dram əsəri, oçerk və publisist məqalə müəllifi olan yazıçı-jurnalist Əfqan Əsgərov həm də böyük bir nəslin ağsaqqalıdır. 60 ilə yaxındır həyat yollarında qoşa addımladığı Səyyarə xanımla qurduqları qala – möhkəm və xoşbəxt ailə bu gün talelərini birləşdirən gənc cütlüklərə bir örnəkdir.

Əfqan müəllim deyir ki, ailə qurarkən valideynlərlə ümumi fikrə gəlmək, ağsaqqal xeyir-duası almaq vacibdir. Özü də evlənərkən ata-ana məsləhətinə qulaq asıb, elçiliyi isə Süleyman Rəhimov, İlyas Əfəndiyev, Süleyman Rüstəm, Rəsul Rza ediblər. Uzun illərdir ömür-gün yoldaşı ilə qarşılıqlı sevgi, səmimiyyət və hörmət şəraitində yaşamaqlarının, çoxsaylı övlad, nəvə və nəticə sahibi olmaqlarının bir səbəbinin də məhz bu amillərdən qaynaqlandığını söyləyir.

Azərbaycan xalqının mentalitetini, milli-mənəvi dəyərlərimizi yüksək qiymətləndirən ağsaqqal yazıçı deyir: “Bilirsinizmi, mən kişini və qadını evin divarının çöl və iç tərəflərinə bənzədirəm. Divar hər tərəfdən möhkəm olmalıdır. Kişi evi çölün-bayırın sərt təsirlərindən qorumalı, evin içərisindən muğayat olmalıdır. Qadın isə evin daxili ab-havasının keşiyində dayanmalı, evi uşaqlar üçün isti qucağa çevirməlidir. Evin içindən çölünə, çölündən isə daxilinə zərbə dəyməməlidir. Bizim az qala 60 illik ailə həyatımızın kodeksi belə olub”.

Əfqanın uzun ömrü boyu çıxardığı nəticələrdən biri də budur: “Nə olursa-olsun düz danışmalı, haqqı danmamalısan. Haqq Allahın adıdır…”

“İnsanın həyatda qazancını təkcə pulla, qızılla ölçmək olmaz. Qazanc ilk növbədə sənin insanlığındır” deyir ağsaqqal.

“Ağsaqqal sözü Tanrı sözü kimidir”. Bu sözləri isə Əfqan “Bəy İnal” romanında yazıb.

Flora SADIQLI,

“Azərbaycan”