Əmlak Məsələləri Dövlət Komitəsi çoxmənzilli binaların sakinlərinə müraciət edib

0
674

Əmlak Məsələləri Dövlət Komitəsi istismarına icazə verilmiş çoxmənzilli binaların sakinlərini çıxarışların alınmasında aktiv olmağa çağırıb.

Komitənin mətbuat katibi Qulu Xəlilov bildirib ki, Prezident İlham Əliyevin imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli fərmanın icrası ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi genişmiqyaslı işlər həyata keçirir.

Komitə rəsmisi vurğulayıb ki, istismarına icazə verilmiş sakinlərə çıxarışlarını almaqda fəal olmağa və Komitəyə müraciət etməyə çağırırıq: “Hər gün binaların həyətlərində çıxarışların verilməsi ilə bağlı səyyar xidmət keçirilir. Çıxarış almaq onlara leqal əmlak sahibi edəcək”.

O bildirib ki, hal-hazırda on minlərlə mənzilə çıxarışlar verilib.

Qeyd edək ki, dövlət başçısının “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanının tələblərinə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırlanmış müsbət rəylərin əsasında indiyədək 175 ünvanda çoxmərtəbəli yaşayış binalarının istismarına icazə verilib.