Əmanətlərin Sığortalanması Fondunun yeni icraçı direktoru kollektivə təqdim olundu – FOTO

0
309

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Əmanətlərin Sığortalanması Fondunun yeni təyin olunmuş icraçı direktoru Tural Piriyevi fondun kollektivinə təqdim edib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Natiq Əmirov Əmanətlərin Sığortalanması Fondunun əsas vəzifəsinin banklarda fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitlərinin itirilməsi riskinin qarşısını almaq, maliyyə-bank sisteminin sabitliyinə və inkişafına xidmət etmək olduğunu bildirərək fondun son illərdə həm bu vəzifənin icrası ilə bağlı, həm də ləğvedici kimi fəaliyyəti barədə məlumat verib və bunun çox məsuliyyətli iş olduğunu qeyd edib

N. Əmirov diqqətə çatdırıb ki, fondun fəaliyyət göstərdiyi müddət ərzində banklara inam əhəmiyyətli dərəcədə artıb. Əhalinin banklarda olan əmanətlərinin miqdarı və sayı əhəmiyyətli dərəcədə artıb ki, bu da bütövlükdə bank sisteminin sağlamlaşmasında mühüm rol oynayıb. Ötən müddət ərzində Əmanətlərin Sığortalanması Fondu həm sığorta qurumu olaraq fəaliyyət göstərib, həm də ləğvedici qismində lisenziyaları geri alınmış bankların ləğv edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirib. Bütövlükdə 17 bank bağlanıb, son bir ayda daha 4 bankın lisenziyası ləğv olunub. Əmanətlərin Sığortalanması Fondu bu müddətdə qarşısına qoyulan tələblər, eyni zamanda, xüsusilə vətəndaşların əmanətlərinin geri qaytarılması istiqamətində çox faydalı və əhəmiyyətli işlər görüb.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Əmanətlərin Sığortalanması Fondunun gələcək fəaliyyəti ilə bağlı tapşırıqlarını kollektivin diqqətinə çatdıraraq ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün fondun kollektivinə məsləhət və tövsiyələrini verib.

Sonda Natiq Əmirov Əmanətlərin Sığortalanması Fondunun ölkənin maliyyə-bank sabitliyinin qorunması istiqamətində fəaliyyətinə müvəffəqiyyət arzulayıb.

Əmanətlərin Sığortalanması Fondunun yeni təyin olunmuş icraçı direktoru Tural Piriyev ölkə başçısının ona göstərdiyi yüksək etimada görə minnətdarlığını bildirib və qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib.