Əməliyyat olunan Gülbahar Şükürlüdən xəbər var

0
458

Müğənni Nadir Qafarzadə qarmon ifaçısı Gülbahar Şükürlünün son vəziyyətindən danışıb.

Sənətçi G.Şükürlünün vəziyyətinin qənaətbəxş olduğunu deyib.

“Bildiyiniz kimi, Gülbahar xanım Milli Onkologiya Mərkəzində əməliyyat olunub. Əməliyyat çox uğurlu oldu, hazırda vəziyyəti normaldır. Dünən danışdım onunla, övladlarından başqa, sənət dünyasından ancaq mənimlə danışır. Biz hər zaman bir-birimizə dəstək oluruq. Həkimlər ona telefon işlətməyə icazə vermirlər, bütün sosial şəbəkələrdən uzaqdır, çünki Gülbahar xanıma əsəbləşmək, narahatlıq keçirmək olmaz”.

Daha sonra N. Qafarzadə xanım sənətçini qınayanlardan da söhbət açıb. O bildirib ki, kimliyindən asılı olmayaraq, darda olan hər kəsə kömək etmək, hər bir insanın vicdan borcudur.

“Biz çətin zamanlarda bir-birimizə dəstəyimizi əsirgəməməliyik. Buna görə mən Gülbahar xanıma dəstək üçün “İnstagram” hesabımdan video paylaşdım. Çoxu buna görə məni qınadı. Bəziləri isə mənə “Onun imkanı var, niyə onun üçün dəstək istəyirsən?” dedi. Yəni bizə xarici düşmənlər lazım deyil, daxilimizdə olan bu insanlar kifayətdir. Bilirsiniz, bu, bir sınaqdır, heç kim bilmir sabah başına nə iş gələcək. Əgər bu insan vaxtında qazanıbsa, sonradan xərcləyibsə, biz buna görə onu qınaya bilmərik. Heç kəs istəməz ki, imkanı ola-ola kimdənsə kömək istəsin. Belə hadisələri görəndə pis oluram. Mənə deyirlər Gülbahar sənin nəyindir ki, belə “əl-ayağa” düşmüsən. Gülbahar ilk əvvəl qadındır, xanımdır, anadır ən əsası mənim ölkəmin vətəndaşıdır. Əgər bir vətəndaşımızın köməyə ehtiyacı varsa, kimliyindən asılı olmayaraq mən hər zaman onun yanındayam. Biz hər birimiz belə olmalıyıq”.

Sonda sənətçi G. Şükürlünün əməliyyatında köməklik göstərən həkimlərə də təşəkkürünü bildirib.

“Mən buradan təmannasız Gülbahar xanımın əməliyyatını öz üzərlərinə götürdükləri üçün Milli Onkologiya Mərkəzinin bütün həkimlərinə, başda Cəmil Əliyev olmaqla hər kəsə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, bir müddət əvvəl G.Şükürlünün başında onkoloji şiş aşkarlanmışdı. Maddi durumu yaxşı olmayan sənətçi bir xəstəxanaya getməkdən və əməliyyat olunmaqdan imtina etmişdi.