Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçdiyi tarixi yol və onun fəaliyyətindən bəhs edən kitab nəşr edilib

0
708

Prezident İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan edilməsi haqqında Sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi tədbirlər çərçivəsində “Azərbaycan Respublikasının Əmək və Sosial Müdafiəsi Nazirliyi 100” kitabı nəşr edilib.

Kitabda Xalq Cümhuriyyəti dövründə vətəndaşların sosial və əmək hüquqlarının müdafiəsi, Əmək Nazirliyin yaradılması, müstəqil Azərbaycan Respublikasının milli qanunvericiliyinin formalaşması, uğurlu sosial siyasəti və digər məlumatlar öz əksini tapıb.

Prezident İlham Əliyevin “Mən dəfələrlə bəyan etmişəm və bunu həyat və atılan addımlar da təsdiqləyir ki, Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır” sözləri Azərbaycan dövlətinin sosial siyasətinin ildən-ilə güclənməsində öz təsdiqini tapır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin siyasətin həyata keçirilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi üçün çox böyük işlər görür və həyata keçirilən islahatların mərkəzində insan amili, vətəndaş məmnunluğu dayanır.

Kitab “Azərbaycanın Xalq Cümhuriyyəti dövründə Əmək Nazirliyinin yaradılması və fəaliyyəti”, “Sovet hakimiyyətinin ilk illərində Azərbaycanda yeni sosial təminat sisteminin yaradılması”, “İkinçi dünya müharibəsi və müharibədən sonrakı dövrdə Azərbaycan SSR əhalisinin sosial müdafiəsi”, ”Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə sosial müdafiə sisteminin təkmilləşdirilməsi”, “Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə müstəqil Azərbaycan Respublikasının yeni sosial müdafiə sisteminin yaradılması”, “2003-2019-cu illər ərzində Azərbaycanda əhalinin sosial müdafiəsinin inkişafı”, “Müxtəlif dövrlərdə müharibə əlilləri üçün verilən minik maşınları”, “2019-2020-ci illərdə istifadəyə veriləcək sosial müəssisələr”, “Əmək və sosial müdafiə sahəsində beynəlxalq əməkdaşlıq” və s. yarımbaşlıqlardan ibarətdir.

Kitab Azərbaycanın müstəqil dövlətçiliyi, onun suverenliyinin əsas dayaqlarından olan sosial sisteminin tarixini tədqiq edənlər, bu sistemdə aparılan islahatlar və onların nəticələri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri ilə yaxından tanış olmaq üçün maraqlı mənbədir.