Əliyev Paşinyanı tarixi etirafa belə vadar etdi: Azərbaycanın sülh təkliflərində hansı şərtlər var?

0
204

Prezident İlham Əliyevin “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumunda dünyanın aparıcı düşüncə mərkəzlərini təmsil edən 60-dan artıq şəxsin qarşısında Ermənistanla sülhün şərtlərini də açıqlamışdı . O şərtlər nələri ehtiva edir, danışıqların perspektivinə necə təsir edəcək? Əvvələn, diqqəti ona yönəldək ki, iştirakçıların sayının çoxluğuna rəğmən, əvvəlki analoji tədbirlərdən fərqli olaraq rusiyalı və iranlı nümayəndələr gözə dəymədi, ən azı sual verənlər sırasında yox idilər. Yəni budəfəki format, orda verilən mesajlar daha çox Qərb auditoriyasına ünvanlı idi.

Prezident II Qarabağ savaşına və antiterror əməliyyatının səbəbləri arasında Ermənistanın indiki baş naziri Nikol Paşinyanın açıqlamalarını da göstərir. Adətən, Azərbaycan tərəfi daha çox Ermənistanın sabiq dövlət başçılarını ittiham edir. Prezidentin budəfəki açıqlamaları ona xidmət edirdi ki, indiki baş nazirin də məsum olmaması, Qərbdə özünü sülh göyərçini kimi təqdim etməsinin həqiqəti əks etdirməməsi aydınlaşsın. “Verilən mesaj alındı” da deyə bilərik. Paşinyan “RİA Novosti”- də yayılmış son bəyanatında “Dağlıq Qarabağ”ın ləğvinin labüd olması, indiki hakimiyyətin günahının zamanında xalqla açıq danışa bilməməsi, emosional ovqatdan vaxtında çıxa bilməməsi olduğunu etiraf edir.

Prezident ilk olaraq 2020-ci il 10 noyabr bəyanatında Ermənistan hərbçilərinin tərksilah edilməsi və Qarabağdan çıxarılması haqda punktu xatırlatdı. Qarabağda yaşayan erməni əsilli şəxslərə təklif edilən seçimlər də bu tələblə bağlıdır. Çünki II Qarabağ savaşına qədərki danışıqlarda Qarabağ əhalisinin yerli silahlı qüvvələr (polis, özünümüdafiə birlikləri və ya hər hansı güc strukturları) saxlamaq istəməsi də mediaya tez- tez sızırdı.

Prezident iki əsas seçimdən danışsa da, təklif edilən və müzakirə edilən məsələlər bir qədər çoxdur.

Birinci seçim – Azərbaycan vətəndaşlığını qəbul etmək, Azərbaycan bunun üçün hüquqi və təhlükəsizlik çərçivəsi yaratmaq öhdəliyi götürürdü. Azərbaycan rəsmilərinin əvvəlki çıxışlarında verilən hüquqların çərçivəsi müəyyən olunmuşdu-digər vətəndaşların malik olduğu bütün hüquqlar, erməni dilində təhsil (o cümlədən ali təhsil), bələdiyyə muxtariyyəti, mərkəzi seçkili orqanlara seçilib-seçmək hüququ.

Amma Prezidentin əks tərəfin iddiaları haqda verdiyi məlumatdan anlaşılır ki, Qarabağ ermənilərini təmsil etməyə iddia edən şəxslər hansısa statusda israr edirmişlər, ən sonuncu israr isə “milli azlıq” statusu ilə bağlı olub. Azərbaycan beynəlxalq platformalarda özünü polietnik, multikultural ölkə kimi təqdim edirsə, “milli azlıq” statusunda qeyri-adi nə var?

Görünür, burda söhbət xüsusi imtiyazlı milli azlıqdan gedirmiş. Belə bir imtiyazlı status Lozanna sazişindən sonra Türkiyə tərəfindən yunan və ermənilər üçün tanınmışdı. Daha doğrusu, Osmanlı dövlətindən son iki əsr ərzində erməni (qriqorian), katolik və yunan-ortodoks icmaları üçün zorən qoparılmış əlahiddə imtiyazların bir qismi saxlanmışdı. Türkiyənin o zamankı siyasi sistemi bundan Lozannada azlıq statusu tanınmayan bütün digər icmalardan ibarət vahid türk xalqı formalaşdırılması üçün istifadə etmişdi. Hərçənd bu milli siyasət müəyyən suallar və müşküllər doğurmuşdu. 2000-ci illərin ikinci yarısı Avropa İttifaqı ilə üzvlüklə bağlı aparılan danışıqlarda əsas müzakirə istiqamətlərindən biri də azlıq anlayışının daha geniş tövsif edilməsi ilə bağlı idi.

Hakim AKP “açılımlar” adı ilə digər linqvistik və etnik icmalarla bağlı ciddi təşəbbüslərə imza atdı; ərəb, kürd, zaza, hətta kəldani (siryani) dilinin təbliğ və öyrənilməsi dövlət səviyyəsində təşviq edildi, etnik mədəniyyətlərin qorunması üçün təşəbbüslər dəstəkləndi və s. Amma Lozannanın dağıdıcı “ekalliyet” (əqəlliyyət, azlıq) anlayışından da qaçılmağa çalışıldı. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan çıxışlarında “benim kürt kardeşim azınlık olmak istemez” deyərkən də bu yanlış interpretasiyalardan yayınmaq lazım gəldiyinə işarə edirdi.

Onu da deyək ki, İran konstitusiyası da azlıq anlayışını qeyri-müsəlman dini icmalara (yəhudi, erməni və zərdüşti) şamil edir, hərçənd nədənsə, məsələn, bəhailər bu hüquqdan məhrumdurlar. Eləcə də ölkə əhalisinin mütləq çoxluğunu təşkil edən qeyri-parsivanlara (farsdilli olmayanlara) belə imtiyazlar tanınmır ki, bu da narazılıqlara səbəb olur. Azərbaycan qoşulduğumuz, tərəfdar çıxdığımız beynəlxalq və Avropa konvensiya və xartiyaları, eləcə də milli qanunvericilik çərçivəsində öz vətəndaşlarının mədəni-dini hüquqlarını tanıyır. Lakin Türkiyədə 20-ci əsrin birinci yarısında, İranda isə bu gün tanınan xüsusi imtiyazlı milli azlıq statusunun perspektiv təhdidlərini də nəzərə alır. Yeri gəlmişkən, istər II Qarabağ savaşına qədər, istərsə II Qarabağ savaşından sonra şimal və cənub paytaxtlarına sığınmış müəyyən separatçı qüvvələr Azərbaycanda tolerant mühiti gərginləşdirmək, etnik ixtilaflar yaratmaq məqsədilə “ermənilərə nə hüquq verilsə, biz də istəyirik” məzmunda təbliğat aparırdı.

Azərbaycan tərəfinin şərtinə görə, erməniləri milli azlıq kimi qeyd etmək istəyirlərsə, bu, qarşılıqlı olmalıdır və Ermənistandan güclə deportasiya olunmuş azərbaycanlıların Ermənistana qayıtmaq və orada yaşamaq hüquqları da əks olunmalı, onların hüquq və təhlükəsizliyi Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi kimi qorunmalıdır. 1920-ci illərdə Yunanıstan və Türkiyə məhz belə davranmışdı. Yunanıstandakı müsəlman türk azlığına, Türkiyədəki yunan ortodoks azlıqla eyni imtiyazlar tanınırdı. “Biz ya hər iki milli azlığı sülh müqaviləsində qeyd edirik, yaxud həmin məsələ ümumiyyətlə qeyd olunmur” – Prezident tələbimizi ifadə edir. Buna bənzər tələb qeyri-rəsmi şəkildə münaqişənin ilk dövrü səslənmiş, Göyçə azərbaycanlılarına da Qarabağ erməniləri qədər status verilməsi tələb olunmuşdu, ermənilərsə buna bütün azərbaycanlıları indiki Ermənistandan deportasiya etməklə cavab vermişdilər. 1991-ci il sentyabrın 23-də imzalanmış Jeleznovodsk kommunikesində də deportasiya olunmuş şəxslərin qarşılıqlı qayıdışı nəzərdə tutulurdu.

Qarabağla bağlı revanşist tələblərə gəlincə, bu tələblər bitmədiyi müddətcə Azərbaycan da Qərbi Azərbaycan ritorikasından imtina etmir. Bir az da irəli getsək, indi açıqlanmış arxiv sənədlərindən bilindiyi qədər hələ II dünya savaşından sonra Mərkəzin vasitəsilə Azərbaycan torpaqlarını qoparmaq təşəbbüslərinə cavab olaraq Azərbaycanın sovet rəhbərliyi tərəfindən Cənubi Dağıstanın Qasımkənd, Məhərrəmkənd, Axtı və Dərbənd rayonlarının, Gürcüstanın Başkeçid-Borçalı, Ermənistanın Dərələyəz, Göyçə və Zəngəzur zonalarına qarşılıqlı iddia qaldırılmışdı.

Prezidentin cavablarında diqqətçəkən bir məqam da odur ki, Qarabağ erməniləri adından danışan qrup digər Qarabağ ermənilərindən fərqləndirilir. Bu, bir tərəfdən dövlətin öz vətəndaşı kimi görmək istədiyi icmanı cani saydığı şəxslərin məsuliyyətindən kənarda təsəvvür etməsinin göstəricidir, ikinci tərəfdən siyasi korrektlik nümunəsi sayılmalıdır. Mümkün qədər icma ilə onu bu və ya digər xoşagəlməz əməllərə sövq etmiş bir ovuc şəxs arasında bərabərlik işarəsi qoyulmur, ermənilik, xüsusən Qarabağın erməni icması düşmən obrazında görülmür. Ermənistanda get-gedə artan etnik nifrət dili və revanşıst çağırışlar fonunda Azərbaycan dövlətinin ali şəxsinin bu mövqeyi əsl tolerantlıq və siyasi mədəniyyət örnəyidir.

İkinci seçim – bizim vətəndaşlığı qəbul etmədən Azərbaycanda yaşayıb işləmək üçün icazənin alınması. Bu variant nəyi ehtiva edir? İki populyar nümunəni xatırladaq. Birinci nümunə -Avropa İttifaqına üzv olan Baltikyanı ölkələri (Litva, Latviya və Estoniya) 1940-cı ildəki ilhaqdan sonra ərazilərinə köç(ürül)müş şəxslərə dərhal vətəndaşlıq vermədi, onların qarşısında müstəqil dövlətlərin rəsmi dillərini və qanunlarını öyrənməsi tələbi qoyuldu. Rusdilli mediada “neqr” (ne qrajdane-qeyri vətəndaşlar) adlandırılan həmin icmanın sıralarında inteqrasiya yolunu tutanlardan nazir, mer, hətta baş nazir seçilənlər də oldu (o cümlədən Estoniyada bir nazir, bir mer 1940-cı illərdən sonra digər sovet vətəndaşları ilə bərabər burda məskunlaşmış azərbaycanəsilli şəxs olub). Amma “neqr” kimi qalmaq istəyənlər sadəcə keçmiş metropoliyanın əlində yeni müstəqil dövlətlərə və o dövlətlərin üzv olduğu Avropa İttifaqına qarşı təzyiq qrupu kimi istifadə olunmaqdadır.

İkinci nümunə – Qəzza və Qərb sahilində yaşayan, İsrail vətəndaşlığını qəbul etməyən fələstinlilərə İsrail şəhərlərində yaşayıb işləmək hüququ verilir, amma onlar İsrail vətəndaşı olan ərəblərdən fərqli olaraq seçib-seçilmək hüququna malik deyillər.

Üçüncü seçim – yaşayış üçün başqa yer tapsınlar. Bu, Azərbaycan qanunlarını, vətəndaşlığını qəbul etməyən şəxslərə eynən bir zaman Baltikyanı və ya Türkiyədə təklif edilən seçimdir.

Qarabağın erməni icmasını maksimal tələblərə, radikal seçimlərə təşviq edən şəxslərə də seçim imkanı tanınmışdı- təslim olacaqları təqdirdə amnistiyaya düşmək.

Prezidentin cavablarından anlaşıldığı qədər Azərbaycan tərəfi Qarabağ erməni icması ilə təklif edilən model çərçivəsində bu gün təmaslar qurmaqda maraqlıdır. Ancaq bunun üçün Ermənistanın qəbul etməli olduğu şərtlər var – hər hansı revanşizmdən, irredentist siyasətdən dövlət səviyyəsində imtina etmək. Bunun bir yolu da ölkə konstitusiyasının Qarabağı Ermənistan ərazisi kimi təsbit edən müddəasından imtina edilməsi, qonşu ölkələrə qarşı dövlət səviyyəsində aparılan irrendentist təbliğatın dayandırılmasıdır. Məsələn, Almaniyada II dünya savaşından sonra qonşu xalqlara qarşı belə təbliğat rəsmən qadağan olundu. Qonşularla dinc yanaşı yaşamanın yolu bundan keçir. Prezident sadəcə sülh sazişindən danışmır, dinc yanaşı yaşamanı, sülhü təhdid edən mühitin aradan qaldırılmasını tələb edir. Bu, sülh üçün təminatdır. “Deməli, bizim gözümüzlə görə biləcəyimiz zəmanətlər lazımdır. Bu, Qafqazda sülh üçün ən yaxşı amil olacaq”-deyə dövlət başçısı bildirir.

Digər şərt-Azərbaycanla Ermənistan arasında heç bir vasitəçilik olmadan ikitərəfli formata üstünlük verilməsi, vasitəçiliyin funksiyasının məhdudlaşdırlması- yalnız hər iki tərəfin izah edə bilmədiyi bəzi ideyaların vasitəçi tərəfindən işlənib hazırlanmasıdır. Çünki illər uzunu vasitəçilərin tərəfsiz olmadığını, ya da xalqlarımızın faciəsinə öz karyera tramplini kimi baxdıqlarını müşahidə etmişik. Vasitəçilər prosesi nəinki irəli aparmamış, çox zaman daha da dolaşdırmaq, daha da mürəkkəbləşdirməklə məşğul olmuşlar.

Hesab etmək olar ki, Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş Nazir Aparatının birgə açıqlaması etimad yaradılması, dövlət başçımızın aydın ifadə edilən mövqeyinin reallaşması yönündə ilk ciddi addımdır. Sülhün perspektivi qarşı tərəfin bu addımlarda səmimi olmasında, atmalı olduğu addımları digər paytaxtlara, o cümlədən onlara başqa şeylər pıçıldayan “gözəl Avropa paytaxtı”na boylanmadan, zamanında atmasından asılıdır.