“Hazırda Türkiyədə xəstəxanadayam. Dünən gəlmişəm, müayinələr davam edir, bu gün və sabah anju və testlər ediləcək”.
Bunu açıqlamasında Prezidentin keçmiş köməkçisi Əli Həsənov səhhəti ilə bağlı danışarkən deyib.
Əli Həsənov bildirib ki, bundan sonra 72 saatlıq ürək döyüntü testi ilə yoxlama olacaq və tam qərar veriləcək: “Kəskin aritmiyanın və ürək çatışmazlığının səbəbi dəqiq müəyyən ediləndən sonra yeni bir açıq ürək əməliyyatının, yaxud klapanlara hansısa müdaxilənin olub-olmamasına qərar veriləcək. Həm də boyun damarlarında ciddi problem aşkarlanıb”.
09:45
Prezidentin keçmiş köməkçisi Əli Həsənovun səhhətində ciddi problemlər yaranıb və təcili olaraq Türkiyəyə yola salınıb.
Ailə üzvlərinin verdiyi məlumata görə, son bir neçə həftə ərzində Ə.Həsənovun ürək-damar sistemindəki problemlər kəskin şəkildə özünü büruzə verməyə başlamış və ev şəraitində müalicə almışdı.
Dünən gecə isə səhhəti qəflətən pisləşdiyinə görə Türkiyəyə yola salınıb və xəstəxanaya yerləşdirilib.
Məlumata görə, Ə.Həsənov ciddi ürək çatışmazlığından, kəskin aritmiya və damar keçirməzliyindən əziyyət çəkir.
Qeyd edək ki, Ə.Həsənov 2013-cü ildə infarkt keçirdikdən sonra təcili olaraq Almaniyaya aparılıb və bir ayın içərisində iki dəfə açıq ürək əməliyyatı edilib.