Əlcəzair qəzetləri Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 31-cü ildönümü ilə bağlı məqalə dərc edib

0
236

Əlcəzairin “Şuruq” və “Əl Hivar” qəzetlərində, habelə “Əl Hərir” portalında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 31-cü ildönümü ilə bağlı məqalə dərc edilib.

Ölkəmizin Əlcəzairdəki müvəqqəti işlər vəkili Rəfail Bağırovun müəllifi olduğu məqalədə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi islahatlar, SSRİ-nin süqutundan sonra dövlət müstəqilliyinin bərpa olunması haqqında məlumat verilib. Yazıda vurğulanıb ki, dahi siyasətçi, xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik siyasəti sayəsində müstəqilliyinin ilk illərində ağır sınaqlarla üz-üzə qalan Azərbaycan öz suverenliyini qoruyub, qısa bir müddətdə regionun və dünyanın ən nüfuzlu dövlətlərində birinə çevrilib. Ulu Öndər müstəqil dövlətimizin İslam aləmi ilə sıx əlaqələrinin qurulmasına böyük töhfələr verib, müsəlman xalqları ilə əməkdaşlığın möhkəmlənməsinə nail olub.

Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın Ermənistanın işğalı altında qalan ərazilərimizin azad olunması, İkinci Qarabağ müharibəsində xalqımızın şanlı Zəfərindən sonra Cənubi Qafqaz regionunda yaranan yeni reallıqlar haqqında da ətraflı məlumat verilib. Müəllif qeyd edib ki, hazırda azad olunmuş torpaqlarda irimiqyaslı quruculuq işləri davam edir, ermənilərin dağıtdığı yaşayış məntəqələri, o cümlədən işğalçıların viran qoyduqları məscidlər və mədəniyyət abidələri bərpa edilir. Azərbaycan dövləti məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması prosesinə də başlayıb.