Yanvarın 5-i və 6-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, yanvarın 6-sı səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
“Mülayim cənub qərb küləyi 6-da arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Küləyin maksimal sürəti bəzi yerlərdə 25-30 m/saniyəyə çatacaq, axşama doğru külək zəifləyəcək. Havanın temperaturu günorta saatlarında 8-13 dərəcə isti olacaq. Bölgələrdə də yanvarın 5-i günün birinci yarısında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gündüz Qərb rayonlarından başlayaraq 6-sı səhərədək arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə – Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi-Zəngəzur bölgəsində və Quba, Qusar zonasında yağıntıların intensiv olacağı ehtimal olunur.
6-sı gündüz saatlarından yağıntıların kəsiləcəyi, 7-də əksər rayonlarda yağmursuz hava şəraitinin olacağı gözlənilir. Qərb küləyi bəzi bölgələrdə arabir 25-30 m/saniyəyədək güclənəcək.
Havanın temperaturu Aran rayonlarında günorta saatlarında 10-15 dərəcə isti, dağlıq rayonlarda isə 2 dərəcə şaxtadan, 2 dərəcəyədək isti olacaq”, – Gülşad Məmmədova bildirib.