Əgər bu problem rayonda öz həllini tapmırsa… – Prezident

0
731

Bu gün siz Biləsuvar və Saatlı rayonlarına icra başçıları vəzifəsinə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu etimadı öz işinizlə doğruldacaqsınız. İlk növbədə, rayonlarda vəziyyət düzgün təhlil edilməlidir, mövcud olan nöqsanlar, çatışmazlıqlar araşdırılmalıdır. İnsanları narahat edən problemlər öz həllini tapmalıdır. Əgər hansısa problem rayon səviyyəsində öz həllini tapa bilmirsə, mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti nazirliklərə müraciət etməlisiniz.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edən zaman deyib.

“Siz öz işinizdə həmişə insanlarla bir yerdə olmalısınız. İnsanlar sizin qayğınızı hiss etməlidirlər. Bütün kəndləri bir-bir gəzib, vətəndaşlarla görüşüb, mövcud problemləri onların dilindən eşitməli və problemləri həll etməlisiniz. Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər ölkəmizin bütün kəndlərində mövcud problemlər həll olunarsa, demək olar ki, biz öz işimizi daha da yüksək səviyyəyə qaldıra bilərik.

Rəhbərlik edəcəyiniz rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində dövlət xətti ilə və dövlət vəsaiti hesabına çox işlər görülüb. Rayonlarda bütün infrastruktur layihələri uğurla icra edilir. Bu layihələrin böyük hissəsi artıq icra edilib, başa çatıb. Bildiyiniz kimi, hazırda dördüncü regional inkişaf proqramı icra edilməkdədir və bu proqramların tərtib edilməsində yerlərdən gələn müraciətlər xüsusi rol oynamışdır. Bu proqramlar məhz yerlərdən gələn müraciətlər əsasında tərtib edilib və ardıcıllıqla icra olunur. Əgər 2004-cü ildə birinci proqram və ondan sonrakı illərdə digər proqramlar qəbul olunmasaydı, bu gün Azərbaycan regionları bu qədər inkişaf edə bilməzdi. Biz bütün bölgələrdə əsas infrastruktur layihələrini ya başa çatdırdıq, ya da ki, buna çox yaxınıq. O cümlədən Biləsuvar və Saatlı rayonlarında elektrik enerjisi ilə bağlı məsələlər öz həllini tapıbdır. Qazlaşdırma təqribən 100 faizə yaxınlaşır və 100 faiz olmalıdır. Növbəti illərdə qazlaşdırma 100 faiz səviyyəsinə çatmalıdır.

Avtomobil yolları çəkilir, içməli su layihələri başa çatıb. Bu, həm Saatlı, həm Biləsuvar şəhərləri üçün həmişə çox ciddi problem idi. Artıq Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su şəhər sakinlərinə çatdırılır. Eyni zamanda, kəndlərdə modul tipli təmizləyici qurğular, artezian quyuları vasitəsilə bu məsələlər öz həllini tapır və bundan sonra da buna xüsusi diqqət göstərilməlidir, eyni zamanda, suvarma məsələlərinə də. Çünki həm keçən il, həm bu il quraqlıq vətəndaşlara böyük problemlər yaradıb, kənd təsərrüfatının daha da yüksək templərlə inkişafını əngəlləyib. Nəzərə alsaq ki, həm Saatlı, həm Biləsuvar taxılçılıq, pambıqçılıq rayonlarıdır, burada əlbəttə ki, su amilinin çox böyük önəmi var”, – Prezident bildirib.