Əfqanıstanda sentyabrın 28-də keçirilmiş prezident seçkilərində ilkin hesablamalara görə, hazırkı Prezident Məhəmməd Əşrəf Qani liderdir. O, səslərin 50,64 faizini qazanıb. İkinci yer Abdullah Abdullaha məxsusdur.
Bu barədə Əfqanıstan Müstəqil Seçki Komissiyasının sədri Hava Alem Nuristani məlumat verib. O deyib ki, səsvermədə 2 milyondan az vətəndaş iştirak edib. Çox sayda bülleten etibarsız hesab olunub.
Xatırladaq ki, bu, Əfqanıstanda 2001-ci ildə “Taliban” rejiminin süqutundan sonrakı dövrdə keçirilmiş dördüncü prezident seçkiləridir. Qeyri-sabit şəraitdə seçkilərin keçirildiyi gün törədilən 113 hücum nəticəsində ən azı 32 nəfər həlak olub, 123 nəfər yaralanıb.