Ədliyyə orqanlarında işləmək istəyənlər imtahan verdi

0
391


Ədliyyə Nazirliyinin kadr korpusunun yenilənməsi tədbirləri çərçivəsində bölgələrdə yerləşən nazirliyin icra və probasiya, həmçinin qeydiyyat qurumlarında işləmək arzusunda olan hüquqşünaslarla elan olunmuş müsabiqə üzrə fevralın 13-də növbəti test imtahanı keçirilib.

Ədliyyə Nazirliyi Mətbuat xidmətindən  verilən məlumata görə, imtahanda iştirakla bağlı ərizələrin qeydiyyatı elektron xidmət vasitəsilə aparılmaqla namizədlərə yalnız müvafiq ərizə təqdim etmələri kifayət olub. Müsabiqəyə bütün regionlardan qatılan namizədlərin hər üç nəfərdən biri qadın, təxminən yarısı isə gənclər olmaqla əksəriyyəti əmək fəaliyyətinə ilk dəfə ədliyyə orqanlarında başlamaq istəyənlərdir.

Pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla Dövlət İmtahan Mərkəzi ilə birlikdə namizədlərlə fərdi qaydada, müasir texnologiyalar tətbiq edilməklə iki qrupda keçirilmiş imtahanı vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri izləyiblər.

“Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları”na əsasən test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olub.

241 nəfərin iştirak etdiyi imtahanın nəticələrinə dair namizədlərə yerindəcə arayış təqdim olunub və yekuna görə mümkün 90 baldan 55 və daha artıq bal toplayan 126 nəfər müvəffəqiyyət qazanıb. Siyahı, həmçinin nazirliyin (www.justice.gov.az) və DİM-nin (www.dim.gov.az) internet səhifələrində yerləşdirilib.

Bildirilib ki, test imtahanında uğur qazanmış namizədlər müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 gün ərzində, saat 9-dan 18-dək Ədliyyə Nazirliyinin Kadrlar idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər. Kadr sənədlərinin siyahısını və müvafiq nümunələri nazirliyin internet səhifəsindən əldə etmək mümkündür.

Xatırladırıq ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər növbəti mərhələyə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaq. Söhbətin keçirilmə vaxtı və yeri barədə namizədlərə məlumat veriləcək.

Eyni zamanda qeyd olunub ki, namizədlərin söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələrə nail olmalarına köməklik məqsədilə nazirliyin Ədliyyə Akademiyasında ənənəvi hazırlıq kursları təşkil ediləcək.

Əlavə informasiyanı nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə almaq olar.