Ədəbiyyat İnstitutunda Mirzə Cəlilin nəslinin davamçıları ilə görüş – FOTOLAR

0
548
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Azərbaycana gələn görkəmli Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və oğlu Pşemislav Cavanşiri ilə görüş olub.
Görüşdə akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin nəslinin nümayəndələrinin ölkəmizə gəlmələri üçün uzun illər iş apardığını bildirib. Hələ 25 yanvar 1992-ci ildə Cəlil Məmmədquluzadənin 1942-ci ildə ölkədən çıxmış oğlu Ənvər Məmmədquluzadənin övladları Teymur Cavanşiri və İren Cavaşiri ilə Tehran şəhərində görüşdüklərini  və onlarla mütəmadi əlaqə saxladığını qeyd edib. 1998-ci ildə isə Paris şəhərində Ənvər Məmmədquluzadənin qızı Mehri xanım Səqqətçiya ilə də görüşdüyünü və əlaqə qurduğunu əlavə edib.
Akademik İsa Həbibbəyli məlumat verib ki, onun Mirzə Cəlilin nəsil davamçıları ilə fotoşəkilləri, mətbuatda məqalələri və “Cəlil Məmmədquluzadənin nəsil şəcərəsi” adlı tədqiqatı da vardır.
2009-cu ildə ədibin 140 illiyi ilə əlaqədar olaraq onun nəslinin davamçılarının Azərbaycana gətirilməsi üçün təşəbbüs göstərdiyini, bu səbəbdən həmin vaxtlar ölkəmizin Polşadakı səfiri Vilayət Quliyevə də müraciət etdiyini söyləyib. Mirzə Cəlilin Polşada yaşayan nəvə-nəticələrinin ünvanını əldə edib onlarla əlaqə yaratmağı daimi diqqət mərkəzində saxladığını və bu işin gerçəkləşməsində Hafiz Əhmədovun da xidmətləri olduğunu vurğulayıb.
Cəlil Məmmədquluzadə şəcərəsinin nümayəndələrinin Azərbaycanda olduqları müddət ərzində Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə ölkəmizdə Cəlil Məmmədquluzadəyə həsr edilmiş elmi-mədəni tədbirlərə qatıldıqlarını, yazıçının ev muzeyini və Fəxri Xiyabandakı məzarını, Şəhidlər Xiyababını ziyarət etdiklərini, Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda iştirak etdiklərini, müxtəlif kütləvi informasiya vasitələrinə müsahibələr verdiklərini, nəhayət, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun kollektivi ilə görüşdüklərini xatırladıb.
Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri də Azərbaycanda onlara göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürlərini bildirib. Ədəbiyyat İnstitutundan xoş xatirələrlə ayrıldıqlarını deyib.
Sonda akademik İsa Həbibbəyli Martin Cavanşiriyə  “Cəlil Məmmədquluzadə 150 il – məqalələr, esselər, müsahibələr, şeirlər ” kitabını hədiyyə edib. İnstitutun kollektivi və digər qonaqlar Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və oğlu Pşemislav Cavanşiri ilə xatirə şəkilləri çəkdiriblər.