Aydın Xan Əbilov: “Bu problem əsasən də özünü rayonların mərkəzi kitabxana sisteminə aid olan kitabxanalarda göstərir”
Azərbaycanda kitabxana sisteminin müasir tələblərə uyğun qurulması, elektronlaşdırlması ilə bağlı işlər görüldüyü Mədəniyyət Nazirliyinin sabiq rəhbərliyi tərəfindən dəfələrlə bəyan edilsə də, əslində, bu sahədə çox cüzi işlər görüldüyü üzə çıxır.
Paytaxtın və digər şəhərlərin bəzi üzdə olan kitabxanalarını nəzərə almasaq, deyərdik ki, kitabxana sistemində elektronlaşdırma həyata keçirilməyib. Bu gün ölkəmizdə elə kitabxanalar var ki, onlar nəinki elektronlaşdırılmayıb, hətta yazı yazmaq üçün lazım olan kompyuterlə belə təmin olunmayıb. Bununla yanaşı, kitabxanaların bir qisminin nə günün tələblərinə cavab verən invenrtarları var, nə də kitab fondu. Bütün bunlar hamısı nazirliyin aidiyyəti sektorunun yarıtmaz fəaliyyətinin nəticəsdir. Kitabxanaların elektronlaşdırılması, invenrtarların alınması üçün dövlət büdcəsindən ayrılan külli miqdarda vəsait isə bu sahəyə yox, kimlərinsə şəxsi məqsədlərinin təmin edilməsinə xərclənib.
- “…nazirliyin sabiq rəhbərliyi tərəfindən sağlam rəqabət mühiti formalaşdırılsaydı, indi kitabxanalarımızdakı bütün kitablar elektronlaşdırılmışdı”
İctimai Nəzarət Koalisiyasının baş katibi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü Aydın Xan Əbilov problemlə bağlı “Bakı-Xəbər”ə bildirdi ki, 2000-ci illərin əvvəllərində Prezident İlham Əliyev Azərbaycanda kitabxanaların və kitab resurslarının elektronlaşdırılması, internetdə xüsusi resursların yaradılması ilə əlaqədar xüsusi sərəncamlar verib. “Bu sərəncamların icrası keçmiş Mədəniyyət və Turizm Nazirliyinə tapşırıldı. Təəssüflər olsun ki, bir çox sənəd kimi, bu sənədin də xalqa, cəmiyyətə nə qədər faydalı olduğunu anlamayan məmurlar xüsusi dövlət proqramını başdansovdu şəkildə yerinə yetirdilər. Bunun nəticəsində də Azərbaycan kitabxanaları elektronlaşdırma məsələsində başqa dövlətlərdən geridə qaldılar. Kitabxana və kitabxana sisteminin, eləcə də burada olan Azərbaycan kitablarının elektronlaşdırılması, virtuallaşdırılması xüsusi bir plan üzrə qurulmalı idi. Bu yalnız keçmiş Mədəniyyət və Turizm Nazirliyinə, məmurlara deyil, ictimai təşkilatlara, cəmiyyətə sosial sifariş kimi verilməli idi. Əgər vaxtında nazirliyin sabiq rəhbərliyi tərəfindən sağlam rəqabət mühiti formalaşdırılsaydı, indi kitabxanalarımızdakı bütün kitablar elektronlaşdırılmışdı. Təəssüflər olsun ki, elektron kitabxanalarımızın özünün də vəziyyəti bərbaddır. Bütün kitabxanalar kitabların elektron variantlarını və linklərini yerləşdirməklə guya elektronlaşdırıldıqlarını göstərir. Əslində isə belə deyil. Bu problem əsasən də özünü rayonların mərkəzi kitabxana sisteminə aid olan kitabxanalarda göstərir”.
A.X.Əbilov, həmçinin, qeyd etdi ki, bunlarla yanaşı, Azərbaycanda dünyanın aparıcı elektron kitabxanaları ilə rəqabətə girə bilən elektron kitabxanalarımız da var. “Bunların arasında dövlətin bir neçə mükəmməl elektron kitabxanası da var – Milli Kitabxana, Prezident Kitabxanası. Bizim Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin kitabxana.net portalı-virtual elektron kitabxanası da mövcuddur. Universitetlərin elektron kitabxanaları da yaradılıb. Amma, bütövlükdə, bu sahəyə cavabdeh olan Mədəniyyət Nazirliyinin kitabxanalarla iş sektoru, görünür, lazımi şəkildə işləməyib ki, hələ də kitablarımızın xeyli hissəsi elektronlaşdırılmayıb” – deyə A.X.Əbilov vurğuladı.