“Əbədi tələbə” sindromu: Nə cəmiyyət onu qınayır, nə də özünü günahkar saymır

0
639

“Əbədi tələbə” sindromu dedikdə daimi inkişaf və yeniliyi əldə etməyə can atmaq istəyinin nəzarətdən çıxaraq nəsə bir başqa formaya çevrilməsi nəzərdə tutulur

Nə cəmiyyət onu qınayır, nə də özünü günahkar saymır. Axı o, boş-boş “Youtube” videolarını, ya da mənasız şou-xəbərləri izləmir, “ciddi” işlə məşğuldur.

İnsan var bilik almağı, oxumağı çox sevir. Məktəbi qızıl medalla bitirir, universitetə yüksək balla daxil olur, bakalavr, magistr səviyyəsini uğurla bitirir, sonra təhsil proqramı çərçivəsində və ya öz təşəbbüsü ilə xarici ali təhsil ocağında bir daha oxuyur, MBA təhsilini, IELTS kimi əhəmiyyətli sertifikatı əldə edir

Saç-saqqalı ağarır, amma o, elə yeni təhsil haqqında düşünür

O, bununla kifayətlənmir, mümkün olan bütün konfrans və tədbirlərə qatılır, bir təlimdən çıxıb digərinə qoşulur, bilik dalınca dünyanın o başına belə, gedib çıxır. 3-4 xarici dili ana dili kimi qavrayır, doktoranturanı bitirib elmi dərəcə də qazanır. Necə deyərlər, sakitləşib bir işlə məşğul olmağın vaxtı çoxdan ötür, bu insan isə elə hey oxuyur, təki başını bir şeylə qatsın deyə. Ömür-gün ötür, saç-saqqalı ağarır, amma o, elə yeni təhsil haqqında düşünür. Həyatda heç bir real uğuru olmur əslində, uzaqbaşı hər hansı bir laboratoriyada kiçik elmi işçi və ya hansısa şirkətdə orta səviyyəli menecer olur. Nə bir kəsə xeyri dəyir, nə də bildiyini kiminləsə bölüşür. Eləcə oxumaqla həyatını yaşayır.

Buna elmdə “əbədi tələbə” sindromu deyirlər. O qədər ciddi görünməsə də, əslində bir sıra hallarda daxili psixoloji problemlərdən xəbər verir. “Əbədi tələbə” sindromu dedikdə daimi inkişaf və yeniliyi əldə etməyə can atmaq istəyinin nəzarətdən çıxaraq nəsə bir başqa formaya çevrilməsi nəzərdə tutulur. Oxşar halla proqramçı mühitində tez-tez rastlaşırıq. Peşənin xüsusiyyəti öz qaydalarını diktə edir. Əgər texniki bilikləri yeniləməsən, deməli, bir müddət sonra məktəbin birinci sinfinə gedən şagirdə bənzəyəcəksən.

Peşəni yenidən öyrənməlisən.

“Əbədi tələbə” sindromunu üstələmək olduqca çətindir

Bəzən insan özünün bu kateqoriyaya aid olduğunu dərk eləmir, çünki həyatı oxumaqla, bilik əldə etməklə keçir. Nə cəmiyyət onu qınayır, nə də özünü günahkar saymır. Axı o, boş-boş “Yotube” videolarını, ya da mənasız şou-xəbərləri izləmir, “ciddi” işlə məşğuldur. Şəxsi keyfiyyət və erudisiyanın saxta inkişaf prosesi “əbədi tələbə”yə praktik təcrübə toplamağa, biliklərini həyatda reallaşdırmağa, konkret məsələləri həll etməyə imkan vermir.

Real işlər görmək əvəzinə daim bilik toplamaq həvəsi əslində insan şəxsiyyətinin ayrılmaz hissəsidir. Yeni məlumat əldə etmək, bununla da rahatlıq qazanmaq belə şəxsi komfort zonasında yaşamağa məcbur edir. “Əbədi tələbə” sindromunu üstələmək olduqca çətindir. Ali məktəbi bitirib özünə iş tapa bilməyən, haradasa təcrübə toplamağa çalışıb sonra layihədən kənarda qalan insanlar sonda yenə növbəti təlimə qoşulmaqla təskinlik tapırlar.

Bu asılılıqdan yaxa qurtarmaq üçün xeyli çalışmaq lazımdır. İlk öncə özünün “əbədi tələbə” olduğunu qəbul eləməlisən. Yəni özünə doğru sual verməklə bu problemin olduğunu çox rahat müəyyən etmək olar. Sonra isə artıq praktik məşğələyə keçmək olar. Belə insan daha diqqətli və məqsədəuyğun hərəkət etməlidir. “Əbədi tələbə” adətən həll edə bilmədiyi problemlə üzləşəndə ciddi stressə düşür. Bu halda onun həll yollarını araşdırmaq əvəzinə növbəti detektivi oxumaqla təskinlik tapır.

Belə vəziyyətdə bilik əldə etməyə qadağa qoymaq kimi radikal qərarlardan çəkinmək lazımdır. Çünki sistemsiz əldə edilən bilik belə, nə vaxtsa gərəkli ola bilər. Bəzi insanlara kitab oxumaq və ya başqa yolla bilik qazanmaq həm də düşünmək üçün bir şərait yaradır. Yəni üzdə kitab oxuyur, amma əslində beyni başqa məsələnin həlli ətrafında düşünür.

“Əbədi tələbə”dən yaxşı müəllim alınır

Həyatın keyfiyyətini artırmaq üçün nəyin vacib, nəyin qeyri-vacib olduğunu dəqiqləşdirmək də yerinə düşərdi. Hər məsələni vaxtında görmək, həyatı bir nizama salmaq lazımdır. Bilik çox, mənasız bilik isə lap çoxdur. Bu günün problemini həll etmək əvəzinə növbəti sertifikat dalınca gedən şəxs sadəcə həyatını boşa verir. Qazanılan bilik konkret məqsədin həllinə yönəlməlidir.

Hər bir məsələ üçün də bir sərhəd təyin edilməlidir. Maraqlı bir romanı oxumaq bir mükafatdırsa, deməli belə insan sevimli məşğələsinə yalnız praktik işini bitirdikdən sonra qoşula bilər. “Əbədi tələbə” daim məqsədini qeyd dəftərinə yazmalı, onun həll yolunu axtarmalıdır.

Nə qədər qəribə görünsə də, “əbədi tələbə”dən yaxşı müəllim alınır. Beynini doldurmusansa, deməli, onu başqaları ilə bölüşməyi bacarmalısan. Kiməsə dərs keçmək, bloq və “Youtube”da kanal yaratmaq, sosial mediada fəallıq göstərmək olar. Belə insanların hətta yaxşı yazı savadı olur, deməli, kitab da yazmaq əllərindən gələr. Biliyi toplamağın öz dövrü, paylaşmağın isə öz zamanı olur.

Biliyi “gələcəkdə lazım olar” prinsipi ilə toplamağın mənası da yoxdur

“Əbədi tələbə” bilik qazanmaqla onu xərcləməyin balansını tapmalıdır. Təlimə getdinsə, evə dönüb əldə etdiyini həyatda tətbiq etməlisən. Hansısa proqramı bitirdinsə, zəhmət çək, praktikada tətbiq et.

Bəzən günümüzün tələbləri insanı istər-istəməz yenidən oxumağa, yeni bilik qazanmağa məcbur edir. Texnologiya artıq hər 5 ildən bir dəyişdiyi üçün bir sıra peşələr sürətlə yarandığı kimi, elə sürətlə də sıradan çıxır. Ömrünün 10-15 ilini bu işə sərf etmiş şəxslər yeni trendləri izləməli, yeni peşə əldə etməli olurlar. Elə uzun müddət bahalı saatların satışı ilə məşğul olmuş “Kadrlar” filminin qəhrəmanları kimi. Əgər hər insanın smartfonu dəqiq zamanı göstərirsə, bahalı qol saatını kim alacaq?

“Əbədi tələbə” bir qaydanı dəqiq anlamalıdır: hər qazanılan bilik mütləq real həyatda tətbiq edilməlidir. Əks halda, bu lazımsız əşya kimi bir şeydir. İnsanın beynini zibilləməkdən başqa bir şeyə yaramayacaq. Biliyi “gələcəkdə lazım olar” prinsipi ilə toplamağın mənası da yoxdur. Təhsil ekspertlərinin bir çoxu 90% əldə edilən biliyin elə yaxın 30 gündə unudulduğunu qeyd edir.

Tək bir halda unudulmur: əgər tətbiq edilirsə…