Biznesin diqtə etdiyi şou..

0
112

Mütəxəssislərin fikrincə, müğənninin populyarlığı çox nadir hallarda 10 ildən artıq davam edir Azərbaycanda hazırda şou-biznes sahəsi fəal müzakirə obyektinə çevrilib. Buradakı qarmaqarışıq və pərakəndəlik bir çox hallarda tamaşaçı və dinləyici üçün ”yaxşı nədir, pis nədir” sualını açıq qoyur. Əsas məsələ odur ki, bu sahə üzrə peşəkar tənqid və təhlil yox dərəcəsindədir. Televiziyadakı basmaqəlib süjetlərin baş aldığı ”maqazin” proqramlarında açılan müzakirələr isə daha çox qarşılıqlı ittihamlarla müşayiət olunur və ”ən yaxşı mənəm və yaxşı şou məndədir” iddiasından o yana ötmür.

Modern.az saytı dünyada şou-biznesin təşəkkül tarixi və inkişaf dövrləri haqqında yazını təqdim edir

Şou nədir, biznes nədir? Şou-biznesin ümumi baxımdan mənası əyləncə sahəsində kommersiya fəaliyyəti ilə məşğul olmaq deməkdir. Dar mənada ”şou-biznes” anlayışına kütləvi auditoriyaya hesablanmış musiqi nömrələrinin ifası daxildir. Ancaq sözün geniş mənasında şou-biznesə təkcə musiqili estrada deyil, həmçinin ona yaxın olan digər fəaliyyət sahələri – kino sənayesi, kütləvi idman yarışları, əyləncəli tele-proqramlar, gözəllik müsabiqələri və hətta musiqinin radioyayımı daxildir. Nəhayət, ən geniş anlamda demək olar ki, ”şou-biznes” – reklam, musiqi və informasiya proqramlarının topdansatışı, filmlərin istehsalı və tirajlanması, audiovizual məhsulların istehsalı, estrada müğənnilərinin qrup və ya fərdi çıxışının istehsalı, müəllif hüquqlarının alveri, musiqili video-kliplərin, reklam filmlərinin, bukletlərin, afişaların çapı ilə məşğul olmaq daxildir. ”Qladiator şousu” və ya şou necə yarandı? İlk kommersiya növlü kütləvi baxışlar hələ antik dövrdə keçirilib. Qədim Yunanıstanda əyləncənin sevimli növü teatr və idman yarışları sayılırdı. Qədim Romada isə qladiator döyüşləri populyar idi. Qladiator döyüşlərinə yüksək tələbat bu sahədə təşkilatçıların və peşəkar ifaçıların ortaya çıxmasına səbəb oldu. Qladiatorların öyrədilməsi və onların ”qastrol”larının təşkili ilə qladiator məktəblərinin sahibləri məşğul olurdular. Kütləvi səhnələrin seyr edilməsi qədim dünyada totalizatorun rüşeymlərinin yaranmasına səbəb oldu. Bukmeykerlər bu və ya digər qladiatorun qələbəsi üçün edilən ”stavka”nı yığır və bunun bir hissəsi həmin məktəbin yiyəsinə çatırdı. Antik sivilizasiyanın dağılması ilə belə kütləvi tədbirlər və yarışlar da yox oldu. Orta əsr Avropasında xristian asketizminin tüğyan etməsinə baxmayaraq, sadə adamlar sərgərdan jonqlyorların çıxışlarına maraqla baxırdılar. Bu tamaşalar isə yüksək əyanlar tərəfindən ayıb sayılırdı. Kütləvi tamaşalara maraq və həvəs yeni dövrdə həyata qayıtdı. Səsyazma qurğularının, daha sonra radio və televiziyanın yaranması ilə şou-biznes kütləvi səciyyə daşıyaraq ”bütün xalq üçün tamaşalar” statusuna yiyələndi. Əgər 1960-cı ildəki ”gənclik inqilabı”na qədər bu tədbirlərin əsas tamaşaçısı əsas etibarı ilə orta yaşlı adamlar idisə, bu hərəkatdan sonra yaş həddində kəskin enmə baş verdi. Müasir şou sənayesi əsas etibarilə gənclik mədəniyyəti ilə bağlıdır. Şou-biznesin sürətli inkişafı XX əsrin ikinci yarısından müşahidə olunmağa başladı. ”Qızıl milyard” ölkələrində yaşayan insanlar özlərinin arzularını büruzə vermək və bacarıqlarını həyata keçirmək üçün məhz bu sferada özlərini sınamağa girişdilər. Zövqləri təmin etmək üçün yeni-yeni əyləncə növləri tapılır, istedadlar, epataj tamaşaları, bahalı şou, yüksək texnologiyalar tətbiq edilirdi. Maraqlı burasıdır ki, şou-biznes Avropa sivilizasiyasından qıraqda daha fəal inkişaf edir. Biznesin diqtə etdiyi şou! Şou-biznesdə ”oyun qaydaları”nı diqtə edən əsas mexanizm bazardır. Başqa formada desək, incəsənətin obyekti bazar üçün əmtəə kimi, onu qəbul edən tərəf isə istehlakçı kimi çıxış edir. Burada sənət anlayışı reklamın sayəsində pul-əmtəə mübadiləsinə çevrilir. Şou-biznesin əsasında tanınmış ”ulduz” müğənnilərin və aktyorların əldə etdikləri populyarlığın istismarı, imicmeykerlik və bundan irəli gələn sahibkarlıq fəaliyyəti durur. Burada əsas sima artist yox prodüserdir (produce – satmaq (ingiliscə). Prodüser təkcə layihəni maliyyələşdirmir, həmçinin artistlərə necə geyinməklərini diqtə edir, imic və repertuarları müəyyənləşdirir, KİV-lə danışıqları aparır. İfaçılar isə daha çox muzdlu işçi kimi çıxış edir, sahibkar-prodüserin bütün göstərişlərinə tabe olurlar. İstənilən şou-layihənin uğuru tamaşçının zövqü ilə ölçülür. Buna görə də prodüser həm də kütləvi mədəniyyətin dərin bilicisi olmalıdır. Necə deyərlər, ”tamaşaçını hiss etməlidir”. Şou-biznesdə ”ulduz” istehsalı üç yolla həyata keçirilir Birincisi, istedadlı ifaçılar müxtəlif gecə klublarında pul qazanaraq öz zəhmətləri hesabına ustalıqlarını artırır, qazandıqları pul sayəsində uğurlu albom yazdırır, yalnız bundan sonra hansısa tannımış şirkətlə müqavilə bağlayır. Digər variant – prodüser gecə klublarında oxuyan, səsyazma studiyalarında özfəaliyyətlə yazılmış və mahnısı hitə çevrilmiş ifaçını axtarıb tapır və onunla işləyir. Amma əsas ”ov” prodüser layihələri olan konkret musiqi müsabiqələrində axtarılır. Bu zaman müğənni prodüseri deyil, prodüser özünün ”ulduz”unu axtarır. Yalnız son dərəcə məşhur olan estrada ifaçıları qazanılan pulların bütövlüklə ona çatacağına əmin ola bilərlər. Qalan ”yeni ulduzlar” isə yalnız müəyyən qonorara ümid edirlər. Məsələn, 2002-ci ildə məşhur ”Bitlz” qrupunun keçmiş ifaçısı Pol Makkartinin təmiz gəliri 72 milyon dolları aşmışdı. O, rok musiqiçiləri arasında ilk milyonçu sayılır. ”Rollinq Stounz” (The Rolling Stones) qrupunun xalis gəliri isə 44 milyon dollar olub. 2003-cü ilin fevralında Pol Makkartni təkcə pərəstişkarının ad günü münasibəti ilə verdiyi bir özəl konsertində həmin pərəstişkardan 1 milyon dollar almış, amma bütün məbləği xeyriyyə təşkilatına keçirmişdi. Bütün hallarda ”ulduz”un yüksək qazancı ona olan tələbatın ölçüsündən asılıdır. Amma ”ulduzlar” əksər hallarda özlərinin həyatlarının sonrakı mərhələsi üçün pul saxlaya bilmirlər. Məşhurluqlarının ”pik” nöqtəsində onlar çox vaxt pullarını sağa-sola xərcləməyə üstünlük verirlər. Karyera başa çata-çatda ”eks-ulduzlar” əvvəlki kimi yenə də çoxlu pul xərcləyir və sonda müflis olurlar. Şou-biznes sahəsini yaxşı bilən mütəxəssislərin fikrincə, müğənninin populyarlığı isə çox nadir hallarda 10 ildən artıq davam edir. Şou-biznes çox böyük reklam xərcləri tələb edən sahə olmaqla yanaşı həm də çox yüksək markalı istehsalın mövcudluğunu tələb edir. Məsələn, dünyada səsyazma sahəsində mütləq liderliyi ”böyük beşlik” adını almış şirkətlər təşkil edir. Bura Amerika firması olan Sony, Universal, Warner, ingilis firması EMI və almanların BMG şirkəti daxildir. Fonoqram istehsal edən bu möhtəşəm ”beşlik” dünya bazarının 70 faizinə nəzarət edir. ”Elitar sənət”i dağıdan şou Şou-biznesin yarandığı erkən vaxtlardan başlayaraq bu sahə ilə mədəniyyətin daha ciddi növləri arasında son dərəcə ciddi mübahisələr meydana gəldi. Hesab edilirdi ki, kommersiya xarakteri daşıyan bu şou tamaşaları özünün demokratikliyi ilə fərqlənsə də, şəxsiyyətin inkişafına və formalaşmasına çox az kömək edir. Amma XX əsrdə şou-biznes ciddi şəkildə sənətin daha elitar növlərini sıxışdırmağa başladı. Elə situasiya yarandı ki, hətta ”yüksək sənət” belə şou-biznes təcrübəsindən yararlanmaq məcburiyyətində qalmalı oldu. Artıq mədəniyyətin təcəssümü olan yeni bədii və sənət əsərlərinin cəmiyyət tərəfindən tanınması və qəbul olunması üçün şou formasından istifadə zərurətə çevrilmişdi. Şou-biznes sistemində yerini tutan bir çox tanımış sənət xadimləri hesab edirdilər ki, bazar münasibətləri mədəniyyətin ”xilası” üçün yeganə yoldur. Məsələyə belə baxışın verdiyi fəsadlar bu gün ortadadır. Xüsusilə bu fəsad sənətin klassik növlərində özünü qabarıq göstərir. Klassik sahədə artıq sənəti duyanlar üçün ustadlar və bilicilər deyil, özünün yaradıcılığını ticarət nişanına çevirərək kollektiv şüurda qalmaq şansı qazananlar əksəriyyət təşkil edir. Bununla da artıq həm estradada, həm də klassik sənətdə artistin uğurunu onun istedadı və ustalığı deyil, virtual aləmdə möhkəmlənmiş kollektiv zövqə uyğunlaşmaq bacarığı əsas təşkil edir. Bu zövq isə bir çox halarda əsl mədəniyyətə heç bir dəxli olmayan prioritetlər üzərində köklənir. Buna baxmayaraq, şou-biznesin daxilində müəyyən iyerarxik keyfiyyətlər də var. Məsələn, ”Bitlz” qrupunun mahnıları bir çox hallarda ”yüksək” sənətə yaxın sayılır (Təsadüfi deyil ki, Pol Makkartni ”Cəngavər” – Ser tituluna layiq görülüb). Amma bütövlükdə götürdükdə şou-biznes sahəsində olan digər ifaçıların əksəriyyətinin ”yaradıcılığı” ”birdəfəlik qulaqasma” üçündür. Mütəxəssislərin firkincə, şou-biznesdə Amerika üslubunun və ifaçılarının söz sahibi olması əslində dünya mədəniyyətini ”amerikanlaşdırmaq” alətinə çevirib. Postsovet ölkələrinin ”şou-biznesi” Keçmiş SSRİ-də kütləvi tədbirlərin təşkili ciddi dövlət nəzarətində idi. ”Qoskonsert” adlanan birlik bütün ölkə üzrə konsertləri özü təşkil edirdi. İfaçılıq məharətinə tələblər çox böyük idi, amma buna baxmayaraq, artistə, onun populyar olub-olmamasından asılı olmayaraq, çox az qonorar ödəyirdilər. 1992-ci ildən etibarən qonşu Rusiya şou-biznesi sovet dövrünün irsindən tamailə imtina etdi. 1964-cü ildən fəaliyyət göstərən dövlət səsyazma firması ”Melodiya” özünün bazara təsir imkanlarını itirdi, ”Qoskonsert” isə öz yerini özəl şirkətlərə verməli oldu. 1993-cü ildə ”Müəllif hüquqları haqqında” Rusiya Federasiyası qanunu qəbul olundu və bu qanun ölkə şou-biznesində ”oyun qaydalarını” müəyyən etməyə başladı. Bununla yanaşı postsovet ölkələrinin şou-biznesinin kəskin problemləri göz önündədir: ifaçıların peşəkarlığının aşağı olmasını, KİV-in bu sahədə son dərəcə aparıcı rolunu burada qeyd etmək olar. Tənqidçilərin fikrincə, KİV-dəki ”şou-biznes akulaları” birinci növbədə tamaşaçılarda və dinləyicilərdə yaxşı zövq formalaşdırmaq barədə deyil, daha çox öz gəlirləri barədə fikirləşirlər. Amma özünün dövriliyinə və gəlirlərinə görə postsovet ölkələrinin şou-biznesi Avropa ölkələrindən əhəmiyyətli dərəcədə geri qalır. Ekspertlərin qiymətləndirmələrinə görə, 2000-ci ildə Rusiyada 440 milyon dollarlıq kasset və kompakt-disklər (bura pirat məhsulları da daxildir) satılıb. Amma Azərbaycanda bunu müəyyən etmək çox çətindir. Şou-biznes elə sahədir ki, o, ilk növbədə ölkədəki alıcılıq qabiliyyətindən birbaşa asılı olur. Rusiyada şou-biznes bazar iqtisadiyyatının sərt qanunları şəraitində inkişaf edir. Orada xırda şirkətlər ya itib-batır, ya da nəhənglər tərəfindən alınır. Nəhənglər isə daha gərgin işləyərək yeni gələnlərə heç bir yer qoymamaq məqsədi güdürlər. Rusiyanın audio bazarında parlaq sahibkarlıq fəaliyyəti göstərən ARS (LoqoVAZ-News Corroration), MTV (Russkaya media-qruppa) və SAV Entertainment kimi böyük şirkətlər həlledici rol oynayıblar. ”Şou dənizinin müasir piratları” Şou-biznes üçün ən böyük problem ”piratlar” olaraq qalır. Beynəlxalq Fonoqram İstehsalçıları Assosiasiyasının qiymətləndirmələrinə görə, 1990-cı illərin sonu – 2000-ci illərin əvvələrində Rusiyadakı audio bazarında pirat məhsullarının həcmi 60-75 faiz, video bazarında isə 85 faiz olub. Postsovet ölkələrinin digər ölkələrinə baxdıqda Rusiyadakı vəziyyətə bir qədər yaxşı demək olar. Məsələn, Ukrayna və Belarusda pirat məhsulları bazarın 90 faizini təşkil edir. Məhz pirat nüsxələrin sayının çoxluğuna görə, lisenziyalı kompakt-disklər və kasetlərin sayı bazarda çox azdır. Əgər Qərbdə musiqiçinin əsas gəliri albom satışından əldə edilirsə, bizdə piratlığa görə bu, çox aşağı həddədir. Buna görə də bizim müğənnilər pulu əsasən mütəmadi qastrollardan və toylardan qazanırlar. Bütün bunlar isə musiqi ”ulduz”larına özlərinin repertuarlarını genişləndirmək və mükəmmələşdirmək üçün heç bir stimul vermir…

Xaqani SƏFƏROĞLU

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here