Şəhid Mübariz İbrahimovun son məktubu…

0
463

İyunun 19-dan Azərbaycanda hamı – qocalar, cavanlar, uşaqlar  – Mübariz İbrahimovun misilsiz qəhrəmanlığı, igidliyi haqqında danışır. O, öz qəhrəmanlığı ilə göstərdi ki, canını Vətən torpaqlarının yolunda hər an qurban verməyə hazır olan igidlərimiz hələ çoxdur. Mübariz öz həyatını qurban verməklə Azərbaycana bir örnək göstərdi.

Mübariz İbrahimovun valideynlərinə yazdığı son məktubunun əlyazması çoxaldılaraq gənclər arasında sürətlə yayılmaqdadır.

“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz.. Haqqınızı halal edin”.

Azər­bayc­an xal­qı­nın böyük Qa­ra­bağ dərdi var, müharibə apardığımızdan, cəmiyyətimizdə vətənpərvərlik təbliğatının bir an belə dayandırılmaması çox vacibdir.
Bunun üçün isə təlim-tərbiyə, təhsil müəssisələrində, mətbuatda, dərsliklərdə, cəmiyyət arasında hərbi vətənpərvərlik tərbiyəsinin təbliği, ordu, şəhidlər, Milli Qəhrəmanlar, düşmənə nifrətlə bağlı müxtəlif yönümlü söhbətlər aparılmalı, yazılar yazılmalı, verilişlər göstərilməli, reklamlar yayımlanmalıdır.

Vətənpərvərlik elə bir emosional hissdir ki, bütün şəxsi maraqlarını vətən yolunda qurban verməyə, vətəninin və xalqının marağını daha uca tutmağa hazır olmalısan.
Bəzən deyirlər ki, vətənpərvərlik hissi uşağa ilk növbədə atadan, anadan gəlməlidir. Razılaşmamaq olmur. Məhz ailə uşağı elə tərbiyə eləyə bilər ki, o vətənə, torpağa, elə-obaya, orduya, şəhidlərə məhəbbət ruhunda, düşmə­nə isə ni­frət hissləri ilə böyüsün…
Mübarizin ailəsi onu belə böyütmüşdü, mərd, vətənpərvər.

Torpaqları işğal altında olan Azərbaycan ailəsində ata da, ana da, övlad da vətənpərvər olmalıdır. Mübarizin ata-anası kimi…

Şəhid gizir Mübariz İbrahimov 2006-cı ildə Biləsuvar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Ötən il daxili qoşun hissələrində xidmətini başa vurduqdan sonra o, gizir kimi orduda hərbi xidmətini davam etdirirdi. Mübariz iyunun 19-da cəbhənin Tərtər rayonunun Çaylı kəndi istiqamətində təkbaşına Ermənistan silahlı qüvvələrinin səngərinə daxil olaraq düşmənin sinəsinə dağ çəkib, xeyli erməni hərbçisini məhv edib, qəhrəmanlıqla şəhid olub.

M.İbrahimova ölümündən sonra Prezident tərəfindən Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

”modern.az”