““Xalq Cəbhəsi”nin yerləşdiyi binada silah aşkar edilmişdi” – Prezidentin köməkçisi

0
687

Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində Azərbaycanın 90-cı illərin əvvəllərində və bu günkü kriminogen durumu haqda fikirlərini bildirib.

F.Ələsgərov bildirib ki, Heydər Əliyevin 1994-cü il avqustun 9-da imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” fərmanla ölkədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin uğurlu başlanğıcı qoyulub: “AXCP-Müsavat iqtidarı dövründən insanların qanunsuz olaraq saxladığı on minlərlə odlu silah və sursat qısa müddət ərzində yığıldı, yüzlərlə cinayətkar dəstə zərərsizləşdirildi, bir çox təhlükəli və xüsusilə ağır cinayətlərin, o cümlədən dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Təsəvvür edin ki, hətta Xalq Cəbhəsi partiyasının yerləşdiyi binada belə xeyli sayda silah və sursat aşkar edilmişdi.

Ulu öndərin rəhbərliyi ilə cinayətkarlıqla mübarizə sahəsində həyata keçirilmiş fəaliyyətin nəticələri bu gün hamımızın gözü önündədir. Azərbaycan Prezidenti İlham Əliyevin sözləri ilə desək, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən, Bakı isə ən təhlükəsiz şəhərlərindən birinə çevrilmişdir. Ölkəmizdə inkişaf üçün əsas amil olan siyasi sabitlik və əmin-amanlıq mövcuddur. Kriminogen vəziyyət tam nəzarət altındadır.

Hələ 1993-cü ildə ümummilli lider Heydər Əliyev ölüm hökmünün icrasına moratorium qoyulması təşəbbüsü ilə çıxış etmişdi. Ulu öndər hesab edirdi ki, məhkəmə hökmü ilə insanın həyatdan məhrum edilməsi qeyri-insani tədbirdir. 1998-ci ildə isə Azərbaycanda ölüm hökmü tamamilə ləğv olundu. Bu, çox tarixi bir qərar idi. Yaxşı xatirimdədir, bu qərardan qısa müddət sonra ölkəmizə səfərə gəlmiş avropalı nümayəndələrə ümummilli lider bu barədə məlumat verəndə onlar eşitdiklərinə hətta inanmadılar.

Bu dövrdə ölkədə əfv və amnistiya institutları bərpa edildi və on minlərlə insan azadlığa qovuşdu. Bununla Azərbaycan dövləti insanpərvərlik və ədalət prinsiplərinə sadiq olduğunu bir daha nümayiş etdirdi. Bu da çox vacib idi. Əvvəlki AXCP-Müsavat iqtidarı dövründə əfv və amnistiya kimi institutlardan imtina edilmişdi. Ölüm cəzası icra edilirdi. Bu gün hələ də müxalifətin siyasi səhnəsində olan həmin insanlar Avropa dəyərlərindən danışırlar. Lakin hakimiyyətdə olan zaman onlar nəinki Avropa dəyərləri, ümumiyyətlə, ümumbəşəri dəyərlərlə bir araya sığmayan siyasət həyata keçirirdilər”.