“Bu fərmanın fəlsəfəsi dövlətin lüzumsuz borclanmasına yol verməməkdən ibarətdir”

0
35
Tanınmış iqtisadçı professor, keçmiş maliyyə naziri Fikrət Yusifov Maliyyə Nazirliyi yanında “Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi”nin yaradılması və bu Agentliyin Əsasnaməsinin təsdiq edilməsinə dair prezident İlham Əliyevin imzaladığı fərmanları şərh edib:
“Dövlət borcunun idarə edilməsi kifayət qədər həssas və həssas olduğu qədər də məsuliyyətlidir. Bu idarəçilikdə yol verilən hər bir yanlışlıq dövlətin maliyyə sisteminə ciddi zərbə vura biləcək qədər təhlükəli ola bilər. Son onilliklər ərzində dünyanın bir sıra ölkələrinin dövlət borcunun idarə olunması ilə bağlı atdıqları yanlış adımlar, onları defolt olmaq səviyyəsinə qədər gətirib çıxara bilib. Əgər bir dövlət defolt elan edilə biləcək bir duruma qədər sürüklənə bilibsə – deməli bununla o, müflüs olduğunu boynuna almalıdır. Belə bir durumun son ən bariz nümunəsi Yunanıstandır. Bir neçə il öncə Yunanıstan dövlət borcu ilə bağlı olduqca ağır bir duruma düşdü və defolt elan olunmaq vəziyyətinə çatdı.
Bu gün dünya iqtisadiyyatı sürətlə borclanmanın girovuna çevrilməkdədir. Aparılan araşdırmalar göstərir ki, keçən il bütövlükdə dünya üzrə borcların həcmi bütün ölkələrin istehsal etdikləri Ümumi Daxili Məhsuldan 3 dəfədən çox olan bir səviyyəyə gəlib çatıb. Ümumi həcmi 243 trilyon dollar qlobal borca hökumətlərin 65 trilyon dollar dövlət borcu da daxildir ki, bu da 2009-cu il böhranı dövrdə bütün dövlətlərin mövcud olmuş dövlət borclarından 1,5 dəfə çoxdur. Göründüyü kimi, ümumi borcların sürətlə artdığı bir dönəmdə dövlət borclarının da sürətlə artması baş verir. On il ərzində dövlətlərin borclarının belə sürətlə artması ölkələrin maliyyə durumuna və deməli həm də iqtisadi durumuna ciddi bir təhdidin formalaşması deməkdir.
Əgər bir dövlətin borcu artdığı kimi həm də azala bilirsə, bu normal haldır. Yəni bir dövlət öz iqtisadiyyatını dirçəltmək üçün borclanıb və normal gəlirlər əldə etməklə həmən borcları vaxtında qaytara bilirsə, burada kimisə rahatsız edə biləcək heç nə yoxdur. Ancaq dövlətin borcunun bir qayda olaraq yalnız artması və on illər ərzində bu borcun azaldılması istiqamətində hər hansı ciddi sayıla biləcək addımların atılmaması və ya atılan addımların nəticəsiz qalması artıq bu ölkədə ciddi maliyyə böhranının yetişməsinə gedən yolun dönməzliyindən xəbər verir. Bu gün belə bir vəziyyətin ən bariz nümunəsi dövlət borcu artıq 23 trliyon dollara yaxınlaşan Amerika Birləşmiş Ştatlarıdır. Bu ölkənin borcu hər dəqiqə, hər saat və hər gün hesabı ilə durmadan artır.  Birləşmiş Ştatların 2013-cü ildəki 13,5 trliyon dollar dövlət borcu, 9 ilə yaxın bir vaxtda, 10 trliyon dollar qədər artaraq, əvvəldə dediyimiz kimi 23 trliyon dollar yaxınlaşır.
Dövlət borcu və onun düzgün idarə edilə bilməməsi səbəbindən yaranan problemlər hər bir ölkənin hökumətini düşünməyə vadar edən ciddi məsələdir.
Ötən müstəqillik illərində Azərbaycanda dövlət borclanması sahəsində  kifayət qədər ciddi problemlərin yaşandığı dönəmlər olub. Bu ilk növbədə borclanma sahəsində mövcud olmuş pərakəndəliyin yaratdığı problemlər idi. İri dövlət qurumlarının sahənin problemlərini həll etmək üçün bəzən az qala özbaşına xarici banklarla borc danışıqlarına getməsi kimi hallar təbii ki, sonda əsaslandırılmayan və nəticə etibarilə lüzumsuz borclanmalara səbəb olurdu. Buna “Azal”, “Azərenerji” “Beynəlxalq Bank” kimi dövlətə məxsus qurumların xarici banklardan vaxtı ilə götürdükləri və sonradan qaytara bilmədikləri kreditlərin yükünün dövlət büdcəsinin üzərinə gətirilməsi kimi halları misal gətirmək olar. Beynəlxalq Bank olaylarından sonra bu sahədə yaranmış vəziyyətin belə davam etməsi artıq mümkün deyildi. Daha doğrusu, vəziyyətin kökündən dəyişməsi zamanı yetişmişdi. Elə bu səbəbdən də ölkə Prezidenti bu məsələ ilə bağlı kardinal islahatların aparılmasına start verdi. İlk öncə ölkə başçısı 2018-ci ilin 18 dekabr tarixində imzaladığı fərmanla “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nı təsdiq etdi. Qaydalara əsasən dövlət zəmanəti əsasında layihələrə kreditlərin cəlb edilməsi işində Maliyyə Nazirliyinin əsas kordinator rolu tam təsbitləndi. Bu o demək idi ki, indi dövlət zəmanəti ilə kredit almaq kimi peşəkar maliyyəçi baxışları tələb edən danışıqları “enerji” və “aviasiya” sahəsinin mütəxəsisləri deyil, peşəkar maliyyəçilər apracaq və bu zaman onlar sahə maraqları ilə dövlət maraqlarını bir araya gətirəcəklər. Digər tərəfdən, kreditlərin idarə olunması sahəsində Maliyyə Nazirliyinin səlahiyyətlərinin artırılması hökumət və Prezident qarşısında bir təşkilatın – Maliyyə Nazirliyinin hesabatçı rolunu müəyyən etdi.
Oktyabr ayının 16-da Prezident Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında “Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi”nin yaradılması və bu Agentliyin Əsasnaməsinin təsdiq edilməsinə dair iki fərman imzalayaraq bu sahədə işlərin idarə olunmasının daha yüksək statusunu müəyyən etdi. Əslində bu fərmanlar imzalanana qədər Respublika Maliyyə Nazirliyinin struktur vahidi kimi fəaliyyət göstərən “Dövlət Borcunun İdarə Edilməsi Agentliyi” mövcud idi. Yəni buna qədər dövlət borclarının idarəçiliyi Nazirliyin adı çəkilən strukturu vasitəsilə həyata keçirilirdi. Prezidentin yeni Fərmanı ilə Dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edəcək və Maliyyə Nazirliyinin nəzdində olacaq daha geniş səlahiyyətlər sahibi olan bir qurumun yaradılması isə dövlət borcu ilə bağlı dövlət başçısının müəyyən etdiyi strategiyanın dolğun bir şəkildə reallaşdırılması imkanlarının formalaşdırılması deməkdir. Bu strategiyanın fəlsəfəsi dövlətin lüzumsuz borclanmasına yol verməməkdən ibarətdir”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here