“Kitab mağazaları bağlanıldı, onların yerində kafe və restoranlar açıldı”

0
185

imgAydın Xan Əbilov:“Kitabxana və klubları düşdüyü ağır durumdan çıxarmaq üçün hazırlanan layihə tətbiq edilməzdən əvvəl ictimai müzakirəyə buraxılsa daha effektiv olar”

“Mədəniyyətə ictimaiyyət arasında belə bir soyuq münasibət olduğu halda mədəniyyət sahələrində hansısa islahatların uğur qazanacağına inanmıram”

“Ümid edirəm ki, yeni islahat dalğası olub-qalan mədəniyyət ocaqlarını məhv etməyəcək”

Kitabxana və klublar mədəniyyətin təbliğində, maarifçilik məsələsində xüsusi rol oynayır. Bir vaxtlar daha aktiv fəaliyyət göstərən kitbxana və klublar son illər öz imkanlarından elə də istifadə edə bilmir. Bu problem ən çox da klublarla bağlı özünü göstərir. Nəzərə alsaq ki, klubların çoxu kənd və qəsəbələrdə yerləşir, onların əsas işi uşaq, yeniyetmə və gəncləri tərkibində fəaliyyət göstərən müxtəlif dərnəklərə, kurslara cəlb etmək, onlara mədəniyyətin, incəsənətin ayrı-ayrı sahələrini təlqin etməkdir. Ancaq təəssüf ki, bir sıra klublar bu işin öhdəsindən lazımı səviyyədə gələ bilmir.

Burada ən ciddi çətinliklərdən biri də ixtisaslı kadr çatışmazlığıdır ki, bu istiqamətdə də köklü işlər görülməlidir. Doğrudur, müxtəlif qurumlar mədəniyyət işçilərinin peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı müxtəlif treninq və seminarlar təşkil edirlər, lakin bütövlükdə bu, kadr yetişdirməyi əhatə edə bilmir.

Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, kitabxana və klubların idarə olunması istiqamətində islahatlar keçirilir. Nazirin sözlərinə görə, mədəniyyət müəssisələrinin işinin müasir tələblər səviyyəsində qurulması, kitabxana və klublarla bağlı yeni layihə hazırlanıb. Bu istiqamətdə hazırlanan yeni layihə kitabxana, klub və digər mədəniyyət müəssisələrinin fəaliyyətində nə kimi dəyişiklik edə biləcək?

Yeni Yazarlar və Sənətçilər Qurumun rəhbəri, yazıçı – kultroloq,  YYSİB sədri, İNK və DAMMİB baş katibi Aydın xan Əbilovun sözlərinə görə, Azərbaycanda müstəqillik illərindən bəri mədəniyyət müssisələrində, kitabxanalarda, klublarda həm idarəetmə, eləcə də özəlləşdirmə ilə bağlı bir sıra islahatlar aparılıb. “Çox təəssüf ki, bu sahədə aparılan islahatlar heç də ümumi mədəniyyətimizin xeyrinə olmadı. Xatırlayırsınızsa, bir çox kinoteatrlar, klublar, mədəniyyət sarayları, dərnəklər, uşaqlar üçün rəsm qalereyaları bağlandı və onların çox az bir hissəsi saxlanıldı. Eyni zamanda da həmin dövrdə “islahatlar” adı altında çoxlu kitabxanalar qapadıldı, onların bina və ofisləri özəl şirkətlərə satıldı. Kitab mağazaları bağlandı, yerində restoranlar, mağazalar, kafe və barlar açıldı. Kinoteatrların yerində ya yaşayış, ya da ticarət obyektləri inşa edildi. Bu gün mədəniyyət naziri Əbülfəs Qarayev deyirsə mədəniyyət ocaqlarının idarəediləməsi ilə bağlı yeni layihə hazırlanıb, bir kultroloq olub bu barədə ehtiyatla danışmağa başlamalıyam. Ümid edirəm ki, yeni islahat dalğası olub-qalan mədəniyyət ocaqlarını məhv etməyəcək. Baxın, insanlarımız mədəniyyət ocaqlarından, kitabxanalardan, klublardan, teatrlardan çox kafe və restoranlara, şadlıq evlərinə gedir. Kitabxanalardakı kitabların üzünün sonuncu dəfə nə zaman açıldığını deyə bilmirik. Dünyanın hər yerində mədəniyyət ocaqlarına, muzey, kitabxana və klublara getmək bir prestij sayılır, öz estetik zövqünü və intellektini, dünyagörüşünü artırmaq üçün insanlar bu ocaqlara kütləvi axın edirlər. Azərbaycanda isə belə deyil. Mədəniyyətə ictimaiyyət arasında belə bir soyuq münasibət olduğu halda mədəniyyət sahələrində hansısa islahatların uğur qazanacağına inanmıram. Əlbəttə ki, mədəniyyət ocaqları, kitabxana və klublar çalışmalıdır öz işlərini zamanın tələbinə uyğun qursun. Amma mədəniyyət ocaqlarının idarəedilməsi sahəsində hansısa layihə hazırlanıbsa, o tətbiq edilməzdən əvvəl ictimai müzakirəyə buraxılmalıdır. Deyim ki, cənab nazir həmişə islahatların və yeniliyin tərəfdarı olub, bu sahədə durumun ağır olduğunu bildiyi üçün bu istiqamətdə islahatlar həyata keçirməyə qərar verib”.

A.X.Əbilov hesab edir ki, mədəniyyət sahəsində hər hansı bir layihə hazırlanırsa, onun hazırlanmasında ancaq məmurlar iştirak etməməlidir. Ekspertin sözlərinə görə, məmurlar çox zaman məsələlərə öz maraqlarına uyğun şəkildə yanaşırlar. “Hesab edirəm ki, Mədəniyyət Nazirliyinin tərkibində ictimai şura yaradılmalıdır və bu şurada yalnız məmurlar deyil, həm də tanınmış mədəniyyət xadimləri, mədəniyyətşünaslar təmsil olunmaldır. Həyata keçirilən islahatlarla, layihələrlə bağlı hanısa bir mədəniyyətşünasla məsləhətləşilirmi? Xeyr. Halbuki, xalqın içində olan mədəniyyətşünaslar mədəniyyət ocaqlarının problemlərini daha dərindən bilir. Təklif edərdim ki, Mədəniyyət Nazirliyi mədəniyyət xadimlərini, kulturoloqları, menecerləri, kreativ bizneslə məşğul olan insanları bir yerə yığsın, müzakirələr aparılsın və ümumi nəticələrə gəldikdən sonra bu islahatlar aparılsın. Kitabxana və klubları düşdüyü ağır durumdan çıxarmaq üçün hazırlanan layihə tətbiq edilməzdən əvvəl ictimai müzakirəyə buraxılsa daha effektiv olar”-deyə A.X.Əbilov vurğuladı.

İradə SARIYEVA

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here