Peyğəmbərimiz (s) əxlaqsız cavanı necə tərbiyə etdi?..

0
67

Təzə müsəlman olmuş cavanlardan biri cahiliyyət adətindən əl çəkə bilmirdi. O, zinaya davam edirdi. Peyğəmbər (s) bu işdən xəbər tutur qərara alır ki, onu bu pis işdən çəkindirsin. Bir gün yolunun üstündə dayanıb onu gözləyir. Gələn zaman buyurur: “Cavan, harada idin?”. Deyir: “Ya Rəsul! Dəvəm itmişdi, getmişdim onu tapam”. Həzrət Peyğəmbər (s) buyurur: “Ümid edirəm ki, səhrada bir də dəvəni itirməyəsən”.
Bu hadisədən bir müddət keçdi. Həzrətə (s) xəbər verirlər ki, bu cavan yenə həmin pis adətini davam etdirir. Peyğəmbər (s) yenə yolunun üstünə çıxır və o, uzaqdan Həzrəti (s) görən zaman öz-özünə deyir: “Keçən dəfə demişdim ki, dəvəmi itirmişəm. Bu dəfə bu əziz insana nə cavab verəcəyəm”. Çarə düşünür və namaz üçün dayanır ki, bu yolla Peyğəmbərdən (s) xilas olsun. Ancaq hər nə qədər namaz qıldısa, nəticə vermədi. Nəhayət, Həzrət (s) ona buyurdu: “Ey cavan! Mən qəti qərara almışam ki, sən bir daha səhrada dəvəni itirməyəsən”.
Həzrət Peyğəmbər (s) onun günahına işarə etmədən, onu islah etməyə qalxır. Başqalarının eybini üzünə deyən zaman belə, Həzrət (s) bunu birbaşa etməzdi və o insanın şəxsiyyətini alçaltmadan onu islah edərdi. İmam Əli (ə) buyurur: “İnsanların içində nəsihət etmək – bir növ əzməkdir”.
İmam Həsən Əsgəri (ə) buyurur: “O kəs ki, din qardaşına gizlində nəsihət verər, onun zinətlənməsinə səbəb olmuş olar. Ancaq əgər başqalarının yanında nəsihət edərsə, onun əzilməsinə səbəb olar”.
Şəqrani adlı bir insan haqqında nəql edirlər ki, bəzən gizlində şərab içərdi. Bir gün Mənsur insanlara hədiyyə verir və o da həmin hədiyyədən almaq istəyir. Lakin ona vasitəçilik edən heç kəsi tapmır. Birdən gözü İmam Sadiqə (ə) sataşır və gedib İmama (ə) deyir ki, mənim bu hədiyyəyə ehtiyacım vardır. İmam (ə) da Mənsurun sarayına gedir və onun üçün vasitəçilik edərək, hədiyyəsini alır. Həmin şəxsə buyurur: “Yaxşı əməl hər kəsə layiqlidir, ancaq əgər sən yerinə yetirərsənsə, daha layiqlidir. Pis iş hər kəs üçün bəyənilməzdir. Əgər sən yerinə yetirərsənsə, daha çox bəyənilməzdir. Çünki sən bizim davamçılarımızdansan”.
İmam (ə) həm bu şəxsin hacətini yerinə yetirir və həm də günahını dilinə gətirmədən, onu islah edir.
Həzrət Peyğəmbərin (s) sünnəti belə idi ki, əgər kiməsə təzəkkür vermək istəsə idi, ad çəkmədən bu işi görərdi. Müəyyən bir insana işarə edər və buyurardı: “Nə baş verdi ki, bu insanlar bu işi gördülər?”.
Aişə Peyğəmbərdən (s) nəql edir: “Peyğəmbərin (s) yolu bu idi ki, Həzrətə (s) xəbər verəndə ki, filankəs nalayiq söz deyibdir, ona ziyan vurmamaq üçün adını çəkməzdi. Buyurardı: “Niyə bu insanlar belə söz deyirlər?””.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here