Evində qonağa çevrilmək əzabı

0
83

Arzularımın şəhəri, ümidlərimin qənimi Şuşa….
Ötən gün XİN sözçüsünün verdiyi açıqlamadan bir qrup azərbaycanlı jurnalistin Ermənistana, oradan isə Şuşaya səfər etdiyini öyrəndim. Doğrusu, ilk ağlıma gələn bu səfərdə iştirak edən jurnalistlərin kimliyi, onların hansı kriteriya və göstəricilərə görə seçilməsi məsələsi oldu. Çünki Şuşada anadan olan, babasının, nənəsinin məzarını Şuşada qoyub gələn, cəmi 10 yaşında bu şəhərdən erməni təcavüzü nəticəsində didərgin salınan bir şəxs kimi, XİN-nin bu səfərə məcburi köçkün rayonlarından olan jurnalistləri cəlb etməsini daha zəruri sayıram.

Madam ki, təcavüzkarla belə bir ünsiyyət qurmağa ehtiyac var, madam ki, bu məsələdə məhz jurnalistlər önə düşməlidir, o zaman ermənilərlə görüşə erməni işğalının qurbanları olan jurnalistləri cəlb etmək daha məntiqli olar. Çünki heç bir jurnalist öz evini, şəhərini, doğmalarının məzarını, uşaqlıq və yeniyetməlik illərini, keçmişlə bağlantısını itirən məcburi köçkün rayonlarından olan jurnalistlər qədər bu ağrını hiss edə, onu sözə, yaxud silaha çevirə bilməz. Şuşa haqqında kitablardan oxuyan heç bir jurnalist bu şəhərdə göz açan, bağçaya, məktəbə bu şəhərdə gedən, onun hər bir küçəsi, hər daşı, hər ağacı ilə bağlı xatirəni ürəyində daşıyan hər hansı bir şuşalı jurnalist qədər bu səfərin məsuliyyətini, ağrı və önəmini dərk edə bilməz. Əgər hörmətli XİN belə bir görüşdə bu mühüm amili nəzərdən qaçırıbsa, o zaman zənnimcə, ciddi nöqsana yol verib.
Görüşmək istədiyim, eyni zamanda görüşündən qaçdığım şəhər…

Bu cür görüşlərdə digər jurnalistlərlə müqayisədə məcburi köçkün rayonlarından olan jurnalistlərin iştirakını daha zəruri hesab etsəm də, ümumilikdə belə bir görüşdə iştirak etmək, bu görüş sayəsində doğma şəhərimi görməklə bağlı heç vaxt qətiləşmiş fikrim olmayıb. Buna səbəb əsir şəhərimin, habelə özümün indiki statusum olub.

Hesab edirəm ki, bu dünyada heç nə öz evində qonağa çevrilmək, öz mənzilinə özgəsi kimi daxil olmaq, doğma şəhərində ögeyə çevrilmək qədər dəhşətli ola bilməz. Çətin ki, bu həyatda hansısa bir cəza  öz evində özgənin buyruğu ilə oturub-durmaq, onun göstərdiyi səki, onun göstərdiyi yolla addımlamaq, onun göstərişi ilə oturub-durmaq qədər qorxunc olsun. Düşünmürəm ki, bu dünyada nə isə vaxtiylə azad şəkildə, şən gülüşlərlə, həyata və dünyaya meydan oxuyan tərzdə gəzdiyin küçələrdən eynən bir oğru kimi ehtiyatla, hürkə-hürkə addımlamaq, ətrafına qorxa-qorxa, məyusluqla boylanmaq qədər əzablı olsun. Və çətin ki, bu dünyada hər hansı bir güc şərəf və kişiliyin nə demək olduğunu tam mənası ilə dərk edən insanı doğmalarının məzarını qoyub qaçdığı və hələ də küçələrində əsir soydaşlarının səki süpürdüyü bir şəhərdə başını dik tutmağa, məğrur-məğrur addımlamağa vadar edə bilsin.

Məhz bu səbəbdən də hər zaman içimdə Şuşanı görmək istəyim qədər də,  görmək istəməmək istəyi olub.

Qul səadəti? Bu ki, ən ağır qarğış, ən qorxunc aqibətdir?

Biz Şuşanı, Qarabağı, erməni işğalı altındakı bütün torpaqlarımzı son qarışına qədər azad etməyə məsul olan insanlarıq. Bizim türk kimliyimiz bizdən bu torpaqlarda qonaq kimi deyil, bu torpaqların əsl sahibi kimi əzm və qürurla addımlamağı tələb edir. Odur ki, babalarımızın bizə miras qoyduğu, fəqət bizim heç cür sahiblənə bilmədiyimiz bu torpaqlara qonaq statusunda getməyimiz, bu torpaqlarda ermənilərin verdiyi təhlükəsizlik zəmanəti altında dolaşmağımız və doğma torpqlarımızın gözəlliyinə erməni süngüləri altında boylanmağımız qul səadətindən başqa bir şey deyil. Hansı ki, bu, ən ağır qarğış, ən qorxunc aqibətdir.

Bunu da qeyd etmək istəyirəm, bütün bunlar mənim subyektiv düşüncələrimdir və mən Şuşaya, Qarabağa gedən həmkarlarımı ittiham etməkdən, onları qınamaqdan tamamilə uzağam. Çünki bu, hər kəsin öz vicdan və düşüncəsinin etdiyi bir seçimdir və bizə düşən hər bir sdeçimi anlayışla qarşılamadır.
Şuşadakı həmkarlarımdan ilk və son xahişim: Moruq qoxusu, qızılgül ətri və bir ovuc qar…

…Mən Şuşanı cəmi 10 yaşımda tərk etdiyim üçün doğma şəhərimin bir çox gözəllikləri xatirimdən silinib. Silinməyən evimizin yerləşdiyi Qasım bəy Zakir küçəsinin daş döşəmələri, evimizin qarşısındakı məscid, İçərişəhər evlərini xatırladan məhəlləmiz, bu məhəllənin doğma sakinləridir. Unutmadıqlarım arasında evimizin qənşərindəki balaca, başdan-başa moruq kolları ilə əhartə olunan həyətimiz, ikimərtəbəli ev hündürlüyündə yüksələn qızılgül koları, bir də az qala ilin bütün fəsillərində şəhərimizdən əksik olmayan qar, onun özünəməxsus rayihəsidir.

Odur ki, Şuşaya gedən həmkarlarımdan bir xahişim var. Bacarsanız mənə ruhumun və xatirələrimin həbs edildiyi, donub qaldğı doğma şəhərimdən, Qasım bəy Zakir küçəsi, ev 6.mənzil 7 ünvanındakı evimizin həyətindən bir az moruq qoxusu, bir qədər qızılgül ətri, bir ovuc da qar gətirin. Əsirlikdə qalan uşaqlığımla vidalaşmaq, ağlayan xatirələrimi ovutmaq, qəfil qaçdığım şəhərlə hallaşmaq üçün…

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here