Şəhid ailəsinin evinin sökülməsi xəbərinə – RİH-dən MÜNASİBƏT

0
488

Abşeron Rayon İcra Hakimiyyəti son günlər Saray qəsəbəsi ərazisində tikilməkdə olan və şəhid ailəsinə məxsus yarımtikili evin sökülməsi barədə yayılan məlumatlara münasibət bildirib. 

İcra Hakimiyyətindən “Qafqazinfo”ya göndərilən açıqlamada deyilir ki, RİH tərəfindən hər hansı bir tikilməkdə olan evin sökülməsi prosesi həyata keçirilməyib:

“Qeyd etmək istərdik ki, sözügedən ərazi kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aiddir. Abşeron RİH aparatında, rayonun kənd və qəsəbələrində keçirilən səyyar görüş-qəbullarda, eləcə də mətbu orqanlarda vətəndaşlara torpaq və tikinti məcəlləsinin tələbləri dəfələrlə izah edilib, torpaq sahələrinin metal torla çəpərlənməsinə və kənd təsərrüfatı məhsullarının istehsalı üçün lazım olan qurğuların yüngül konstruksiyalarla quraşdırılmasına icazə verildiyi izah edilib.

Abşeron  Rayon İcra Hakimiyyəti vətəndaşların diqqətinə çatdırır ki, rayon ərazisindəki torpaqların böyük əksəriyyəti kənd təsərrüfatı təyinatlıdır. Bu torpaqlar Abşeron ərazisində ancaq kənd təsərrüfatı məhsullarının istehsalı, əkin işlərinin aparılması üçün yararlıdır. Lakin bəzi hallarda torpaq sahələrindən təyinatı üzrə istifadə edilmədiyi də müşahidə edilməkdədir. Üstəlik, bu gün vətəndaşlar tərəfindən yüksək gərginlikli elektrik xətlərinin altında, magistral su və neft kəmərlərinin əhatə zonasında olan boş torpaq sahələrinin zəbt edilərək istifadə olunmasına çalışılır. Bunun yolverilməzliyi, qanunla qadağan olduğu izah edildikdə isə gətirilən arqumentlərlə razılaşmır və müxtəlif adlar altında özlərinə haqq qazandırmağa cəhd göstərilir. Hətta bəzi vətəndaşlar özlərinin çirkin əməllərini gizlətmək üçün imtiyazlı insanlardan istifadə etməyə çalışırlar. Qeyd etmək istərdik ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən bütün şəhid ailələrinə və Qarabağ qazilərinə xüsusi diqqət və qayğı göstərilir”.

İcra hakimiyyəti vətəndaşlara müraciət edərək xahiş edib ki, torpaq sahələrindən təyinatına uyğun şəkildə istifadə etsinlər:

“Sonda qeyd olunmalıdır ki, bəzi elektron kütləvi informasiya vasitələri öz reytinqlərini artırmaq üçün müxtəlif vətəndaşlardan dəqiqləşdirməmiş, rayon icra hakimiyyətinin məsul işçilərindən məlumat almamış qərəzli şəkildə informasiyalar yayırlar. Onlardan xahiş edirik ki, hər hansı bir məlumatı yaymazdan əvvəl “KİV haqqında” qanunun tələblərindən irəli gələrək qarşı tərəfin – Abşeron RİH-nin də mövqeyini öyrənsinlər”.