“Azərbaycanlılar türklərin əsirlikdən və sürgündən qurtulmasında mühüm rol oynayıb”

0
428

Firdovsiyyə Əhmədova: “Milli və dini təəssübkeşlik zəminində azərbaycanlılar könüllü şəkildə Osmanlı dövlətinin maraqlarını müdafiə ediblər”

Qarşıdan Azərbaycan Xalq Cümhuruyyətinin 101-ci ildönümü gəlir. Hansı ki, AXC-nin düşmənlərə qarşı mübarizəsində Bakı və digər torpaqlarımızın bolşevik-erməni qüvvələrindən azad edilməsində türk ordusunun mühüm rol oynadığı birmənalıdır. Bəs azərbaycanlıların Balkan müharibələrində, qurtuluş savaşında və digər müharibələrdə türk xalqına verdiyi dəstəklə bağlı araşdırmaların aparılmasına, bu gerçəkliklərin də gündəmə gətirilməsinə ehtiyac varmı?

Tarix üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova azərbaycanlılar və türklərin tarixin çətin məqamlarında bir-birlərinə dəstək verdiyini, bununla bağlı çoxsaylı faktlaırn mövcudluğunu vurğuladı:

“Təbii ki, tarixi tədqiqatlar britərəfli şəkildə hansısa müddəanı müdafiə etmək üçün aparılmır. Tarixi araşdırmaları bütövlükdə obyektiv və hərtərəfli aparmaq lazımdır. 1918-ci ildə Bakının, digər şəhərlərimizin azad olunmasında Qafqaz İslam Ordusunun xidmətləri yetərincə araşdırılır, tarixi həqiqətlər üzə çıxırsa, eyni zamanda istər Balkan müharibələri, istər I Dünya müharibəsi, istərsə də milli qurtuluş savaşı zamanı azəbaycanlıların verdiyi dəstək də qeyd olunmalıdır.

Azərbaycanlıların türklərə göstərdiyi köməyin başqa bir səciyyəvi cəhəti də var. Balkan və I Dünya müharibələri dönəmində Azərbaycan Rusiyanın əsarəti altında idi. Bu kömək sırf xeyriyyə cəmiyyətləri səviyyəsində, ayrı-ayrı şəxslər tərəfindən, könüllü şəkildə göstərilirdi. Bu isə daha artıq fədakarlıq tələb edirdi. Milli və dini təəssübkeşlik zəminində azərbaycanlılar könüllü şəkildə Osmanlı dövlətinin maraqlarını müdafiə edirdilər. Onlar könüllü şəkildə Osmanlı hərbi hissələrində döyüşür, əsir düşmüş Osmanlı əsgərlərinin əsirlikdən azad edilməsi, sürgündən qaçırılması, Nargin adasından xilas edilib yurdlarına dönmələrini təmin etmək üçün yardımçı olurdular.

I Dünya mühariubəsi illərində Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin çoxşəxəli fəaliyyət göstərib. Indiki Türkiyə ərazisində bu cəmiyyətin şöbələri yaradılıb. Bunlar gerçək bir tarixdir. Türkiyəli tarixçilər bunları öz əsərlərində əks etdirmişdilər”.

Seymur ƏLİYEV