20 min ha torpaq 10 il müddətinə Gürcüstana nə vaxt icarəyə verilib?

0
707

Keçmiş MTN zabiti İlham İsmayıl sensasion faktlar açıqladı…
MTN-nin sabiq idarə rəisi, polkovnik İlham İsmayıl özünün facebook səhifəsində sensasion faktlar açıqlayıb. İ.İsmayıl yazır: «…Mən 8 il keçmiş Xanlar rayonu ərazisində DTK -nın əks kəşfiyyat tədbirlərini həyata keçirən zabit olmuşam. Yəni rayonun kuratoru olmuşam. Xanlar rayonu indiki Samux rayonu ilə bir yerdəydi. Samux bölgəsi Gücüstanla həmsərhəddir, təxminən 66 kilometr məsafədə. Sərhəd bölgəsi haqqında keçmiş materiallarda göstərilirdi ki, 1938-ci ildə hələ Mingəçevir SES tikilməzdən əvvəl, Alazan çayının vadisində Azərbaycana məxsus 20 min hektardan çox əkinə yararlı ərazi 10 il müddətinə Gürcüstana icarəyə verilib. 80-ci illər olmasına baxmayaraq, hələ icarəyə verilən 20 min hektardan çox ərazinin geri qaytarılmaması xalqlar dostluğunun nümunəsi kimi qeyd edilirdi. Bu ərazi hələ də geri qaytarılmayıb. Zurabişvilinin həyasızcasına Azərbaycana torpaq tələbinə qarşı Azərbaycan dövləti əks tələblə çıxış etməlidir….» və sair. Lakin çox maraqlıdır ki, bu statusa şərhlər yazan bəzi FB istifadəçilər real vəziyyəti nəzərə almadan absurd iddialar irəli sürür, hətta bəziləri Borçalıya muxtariyyət tələb etmək kimi yalnış iddialar irəli sürürlər.
İ.İsmayılın təqdim etdiyi bu məlumatlar olduqca ciddi maraq doğurur. Professor Qulu Məhərrəmlinin statusu isə daha soyuqqanlı və təmkinli təsiri bağışlayır. Sitat: «…İlham bəy, dediyiniz faktlar əladır. Bunları Delimitasiya komissiyasına da çatdırmaq lazımdır. Biz Cümhuriyyətin Gürcüstan siyasətindən bəhrələnməliyik, amma indiki vəziyyətdə bu ölkə ilə bağlı çağırışlarda çox diqqətli olmalıyıq. Nəzərə almalıyıq ki, Bakı-Tbilisi münasibətləri ümumən yaxşıdır, ikincisi, bizim Qərbə və dünya sularına yeganə çıxışımız Gürcüstan ərazisindəndir…».

***

Təəssüflər olsun ki, bəzi FB istifadəçilər, tələskən rəy bildirir və Borçalıya problem yarada biləcək təkliflərlə çıxış edirlər, bu isə yolverilməzdir. Çünki qeyd olunan məsələ ciddi siyasi qərarla əhatələnməlidir. Borçalıya muxtariyyət tələbi erməni dəyirmanına su da yox, benzin tökmək kimi bir şeydir. Biz burdan-bura “DQR”la bacara bilmirik, daha doğrusu, Rusiya əl-qolumuzu tutub erməniyə əzdirir, döydürür… Borçalıya muxtariyyət məsələsi qalxsa, ermənilərlə gürcülər birləşib orda Qarabağ, Qərbi Azərbaycan hadisələrini törədə bilərlər… Yəni, bu məsələ Rusiyanın ürəyindəndir, Ermənistanın isə əbədi arzusudur… Bu məsələdə səhv etmək olmaz. Adicə, 1992-93-cü illərdə Rusiya qoşunlarının Azərbaycandan dərhal çıxarılması kimi tələskən qərarımız sonradan Qarabağı itirməyimizlə nəticələndi və bu gün də altından çıxa bilmirik. Gəlin ciddi düşünək, bəzi şeylər var ki, onun həyata keçməsinə çağırışlar məhz indi olmaz!!!
Hər halda, inanaq ki, Gürcüstanla münasibətlərimizdə Azərbaycanın dəyişməz ciddi siyasəti vardır və bunun da səbəbləri barədə yuxarıda üstüörtülü də olsa, toxunduq…

kobramedia.az