Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) və Sabunçu rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə Nardaran qəsəbəsindəki 130 saylı tam orta məktəbdə “Gənclər narkotikə yox deyir!” mövzusunda tədbir keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə məktəblilərin “Gənclər narkotikə yox deyir!” mövzusunda hazırladıqları rəsm sərgisinə baxış olub.
Sonra tədbir iştirakçılarına müasir dövrün ən təhlükəli sosial bəlalarından olan narkomaniya və onun fəsadları, yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlamlığı ilə bağlı ölkədə həyata keçirilən islahatlar və görülən işlər barədə ətraflı məlumat verilib.
Çıxış edənlər respublikada narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, bu mübarizədə antinarkotik təbliğatın və maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması yollarından danışıb, tövsiyələrini veriblər.
Sonda ən yaxşı rəsm əsərlərinin müəllifləri mükafatlandırılıblar.