Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul olunub

0
457

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid hərbi qulluqçuların və şəhid polis əməkdaşlarının vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, nazirlikdə fəaliyyət göstərən komissiya daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul edib. Birdəfəlik ödəmələr yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürüləcək.

Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. İndiyədək onlardan 11 min 403 şəhidin 16 min 949 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatına dair qərar qəbul olunub.

Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 93 faiz icra edilib.