Gürcüstan hökuməti azərbaycanlılar yaşayan bölgələrdə 800-ə yaxın layihə həyata keçirəcək

0
434

Gürcüstan hökuməti regionların inkişafına xüsusi diqqət yetirir. Bu məqsədlə regionlarda iqtisadi layihələrlə yanaşı, sosial infrastruktur layihələri də reallaşdırılacaq.

Bu sözləri Gürcüstanın kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi nazirinin müavini Salomon Pavliaşvili azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda yerli sakinlərlə görüşdə söyləyib. Bildirib ki, Gürcüstanda təkcə azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində bu il ümumi dəyəri 245 milyon 117 min 658 lari olan 783 infrastruktur və sosial layihə həyata keçiriləcək. Ümumi dəyəri 50 milyon 959 min 216 lari olan 110 layihənin məhz Qardabani rayonunda reallaşdırılması nəzərdə tutulub.

Görüşdə yerli sakinlərə rayonda avtomobil yollarının inşası, məktəb binalarının bərpası və yeni binaların tikintisi, eyni zamanda, digər infrastruktur və sosial layihələr barədə məlumat verilib. Qardabani sakinləri, həmçinin Gürcüstan hökumətinin təqaüdçülər, sosial təminatı olmayan və fiziki məhdudiyyətli şəxslərin xroniki xəstəliklərinin müalicəsi üçün 35 adda dərmanı 1 lariyə ala biləcəklərinə dair yeni təşəbbüsü barədə də məlumatlandırılıb.

Görüşdə parlament sədrinin müavini İlya Nakaşidze, Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili və yerli idarəetmə orqanlarının nümayəndələri də iştirak ediblər.