Mətbuat Şurası jurnalistləri seçki materiallarının təqdimatına peşəkar yanaşmağa çağırır

0
51

Azərbaycan Mətbuat Şurası (MŞ) medianın 9 fevral parlament seçkilərini və seçkidən sonra yaşanmış hadisələri cəmiyyətə çatdırmaq meyillərini müşahidə edib və etməkdədir. Qurum bu xüsusda jurnalistlərin istər fevralın 9-da müxtəlif seçki məntəqələrindəki vəziyyəti, istərsə də Mərkəzi Seçki Komissiyasının binası önündəki aksiyanı işıqlandırmalarını, bununla əlaqədar yayılmış videogörüntüləri diqqətdə saxlayıb. MŞ yaşanmış mübahisələrin, anlaşılmazlıqların, gərgin durumların söz azadlığı müstəvisində dəyərləndirilərək kütləvi informasiya vasitələrinin işinin məhdudlaşdırılması kontekstinə daşınmasından, belə fikir və mülahizələrin formalaşmasına əsas verən şübhəli durumların yaranmasından narahatdır.

Bu fikirlər Mətbuat Şurasının bəyanatında yer alıb. Bəyanatda deyilir ki, parlament seçkilərinin və onunla bağlı proseslərin işıqlandırılması fonunda narahatlıq doğuran vəziyyət yalnız Mətbuat Şurasını deyil, bütövlükdə ölkəmizin media ictimaiyyətini, jurnalist cameəsini, Azərbaycan dövlətinin müvafiq strukturlarını düşündürməlidir. Hər bir qütb üzərinə düşən missiyaya həssaslıqla yanaşmalıdır. Çünki seçki xalqın və dövlətin taleyində son dərəcə böyük əhəmiyyət daşıyan tarixi olaydır. Onu layiqincə başa çatdırmaq ölkəmizin gələcəyi, beynəlxalq miqyasdakı imici baxımından müstəsna önəm daşımaqdadır. Şura seçkinin fəaliyyət tərəflərinin, ən əsası isə cəmiyyətin hərəkətverici qüvvəsi sayılan KİV nümayəndələrinin məhz bunu rəhbər tutmalarını vacib sayır.

Azərbaycan Mətbuat Şurası jurnalistləri seçki materiallarının təqdimatına peşəkar yanaşmağa, bununla bağlı həssaslıq nümayişinə çağırır. Qurum hesab edir ki, onlar heç bir halda bu və ya digər tərəfin təmsilçisi qismində görünməməli, peşə borclarını obyektiv yerinə yetirməlidirlər. Şura sui-istifadə hallarını, jurnalistlərin hansısa prosesdə tərəf kimi çıxış etmələrini qətiyyətlə pisləyir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here