Rusiyanın “qarantor rolu”nu əvəz etmək: İran ermənilərə bu xidməti təklif edir

0
70

İran KİV-ləri inandırmağa çalışır ki, Tehran Cənubi Qafqazda gedən mürəkkəb geosiyasi proseslərdə “strateji rol” oynayır. Lakin KİV-lərinin üz tutduqları ekspertlərin heç biri bu “strateji rolu” arqumentləşdirə bilmir, sadəcə Tehranın maraqlarını təhdid edən tendensiyaları konstatasiya edir və bir qayda olaraq köhnə azərbaycanofob tezislərini təkrarlayırlar. İddia edilir ki, Rusiya Ermənistana xəyanət yolu tutub, Qərbə də etibar yoxdur, Çin isə bölgəyə etinasızdır. Odur ki, İrəvanın yeganə pənah yeri bundan sonra İran olmalıdır.

”Rahbord-e moaser” (Çağdaş strategiya) nəşri yazır: “Rusiya məmurlarının bəyanatları Bakının rəsmi açıqlamalarına çox bənzəyir, çünki Azərbaycan Prezidenti İlham Əliyev və komandasının Qərbə və onun regiona təsirinə qarşı sözləri ilə həmişə uzlaşır. Bu yaxınlardakı gərginlik də bu siyasətə uyğundur. Hərçənd ki, Əliyev Qərblə birbaşa qarşıdrumadan yayınmağa üstünlük verir, amma Ermənistanla danışıqları Qərb formatında davam etdirmək arzusunda deyil”.

Nəşr hesab edir ki, Azərbaycanın ambisiya və tələbləri hər gün artır. “Seçkidən sonra Əliyevin “yeni era” elan etməsi regional problemlərin həllində kursun güc və müharibə təhdidi vasitəsilə dəyişilməsi tərəfinə keçdiyini göstərir”.

Nəşrə görə, indiki mühit əlverişli olmadığından, qətiyyətli hərəkətlər üçün daha münasib geosiyasi vəziyyət yaranana qədər Əliyev müharibə strategiyasından istifadə etməyə davam edəcək: “Qərb hər zaman Ermənistan ərazisinin bütövlüyünü vurğulayır və ola bilsin ki, Bakıya da pərdəarxası xəbərdarlıqlar edilsin”.

İran mediası hələ də belə təqdim edir ki, Azərbaycan Qarabağda “etnik təmizləmə” aparıb, “erməniləri zorla köçürüb”, “Dağlıq Qarabağ bölgəsini tam işğal edib” (“Hammihan”). “Lakin İLNA agentliyinin Qafqaz məsələləri üzrə eksperti Qasım Mömüni inanır ki, 2024-cü ildə Qərbin dəstəyi sayəsində Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalayacaq, çünki Qərb Rusiyanın Cənubi Qafqazda iştirakını azaltmaqda maraqlıdır.

“Tasnim” diqqəti buna cəlb edir ki, “erməni liderlərinin sülhsevər ritorikasına qarşı Bakının davranış və ritorikası aqressivdir”, Həm də Qarabağı “zəbt edən andan” Azərbaycan hakimiyyəti Ermənistana münasibətdə aqressiv davranır”.

“Tasnim” hesab edir ki, istər erməni elitası, istərsə də geniş ictimaiyyət üçün onların nəzərində etnik təmizləmədən başqa bir şey olmayan Dağlıq Qarabağ hadisələri Rusiyanın Ermənistanın təhlükəsizliyinin yeganə himayədarı və qarantı olması fikrini dəfn edib. “Rusiyanın erməni təhlükəsizliyinin ən böyük təminatçısı olması fikri ən azı 19-cu əsrin birinci rübünə qədər uzanır və müəyyən dərəcədə erməni milli kimliyinin bir hissəsi olub. Lakin bu gün iki ölkə arasında böhran həll olunsa belə, ermənilərin şüurunda Rusiyanın imici heç vaxt əvvəlki kimi olmayacaq”. Agentlik xatırladır ki, Paşinyan Fransa prezidenti Emmanuel Makron və Kanadanın baş naziri Castin Trüdo kimi gənc Qərb liderləri ilə dil tapsa da, xarici siyasətin Qərbə doğru dəyişdirilməsi məsələsini gündəmə gətirməmişdi. “O zaman baş nazir təkrar edirdi ki, Ermənistanın xarici siyasətində inqilab və əsaslı dəyişikliklərə ehtiyac yoxdur. Paşinyan hətta Rusiyanın Bəşər Əsədə dəstək məqsədilə hərbi müdaxiləsi çərçivəsində Suriyaya həkimlər və hərbi mühəndislər göndərmişdi ki, bu da Ağ Evdə onun siyasətindən narazılıq yaratmışdı. 2020-ci il müharibəsi İrəvanın Qarabağ məsələsində beynəlxalq səhnədə tək qaldığını görsə də, Rusiya erməni qüvvələrinin tamamilə məhv edilməsinin qarşısını alıb sülhməramlı qüvvələr yerləşdirməklə ermənilər arasında nüfuzunu müəyyən qədər qoruyub saxlaya bildi. Amma 2022-ci ilin fevralından sonra Ermənistana aydın oldu ki, Rusiyaya etibar edə bilməz”.

Bundan sonra nəşr Ermənistanın Rusiyadan sonra hansı geosiyasi oriyentasiya seçəcəyi haqda ehtimallarını yazır, daha doğrusu, bu rolda İranın xidmətlərini təklif edir: “Ermənistanın ən ciddi problemi Azərbaycan və onun ən böyük dəstəkçisi olan Türkiyə ilə münaqişədir. Qarabağın işğalından sonra Azərbaycan hakimiyyəti Ermənistana qarşı aqressiv danışmağa davam edir və İlham Əliyev iki ölkə arasında münasibətlərin normallaşması ilə bağlı heç bir sənəd imzalamağa tələsmir.

…Digər tərəfdən, İrəvan anlayır ki, Qərblə yaxınlaşma prosesinin müəyyən məhdudiyyətləri var. Ermənistan təhlükəsizlik, enerji və nəqliyyat kimi həyati məsələlərdə Rusiyadan asılı olaraq qalır. Qərbin bütün bu sahələrdə tez bir zamanda Rusiyanı əvəz edə biləcəyinə inanmaq sadəlövhlükdür. Qeyri-Qərb müttəfiqi kimi Ermənistan üçün ən bariz variant İrandır. İran da Ermənistanın cənubundan Azərbaycanı Naxçıvan bölgəsi ilə birləşdirən ekstraterritorial dəhliz yaradılması ilə razılaşmadığını bildirib və bununla bağlı Araz keçidi layihəsini açıqlayıb”.

Beləliklə, İran Rusiyanın ermənilər üçün iki əsrdir oynadığı təhlükəsizlik “qarantoru” roluna iddialarından geri durmur. İran KİV-lərinin Azərbaycan və Türkiyəni mümkün qədər demonizə etməsi də bu məqsədə xidmət edir-Qərb uzaqdır, Rusiya gedir, türklər qorxuludur, bizə sığının.

Amma Ermənistan rəsmiləri üçüncü variant tapmağa çalışırlar ki, bu da Qərb, Rusiya və digər regional oyunçularla eyni vaxtda yaxşı münasibətlərin saxlanmasını nəzərdə tutur. Müdafiə naziri Suren Papikyanın bir gün əvvəl Tehrana başlayan səfərini də bu kontekstdə qiymətləndirmək olar. Tehrana səfəri zamanı Papikyan əvvəlcə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Rza Baqiri ilə görüşüb. Rəsmi məlumata görə, tərəflər “hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini” müzakirə ediblər.