Ermənistan Azərbaycana qarşı iddialarını geri götürüb? – Mirzoyan cavab verdi

0
60

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycana qarşı beynəlxalq məhkəmə iddialarının geri götürülməsi ilə bağlı hər hansı razılaşmanın əldə olunması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Mirzoyan bu barədə parlamentin xarici əlaqələr komissiyasının iclasında deyib.

Müxalifətçi deputat Kristine Vardanyan soruşub ki, indi hakimiyyət Bakıya qarşı iddialarını geri götürmək imkanından danışırsa, Roma Əsasnaməsini ratifikasiya etmək və Rusiya Federasiyası ilə münasibətləri korlamaq nəyə lazım idi?

“Yalan açıqlamalar verirsiniz. İddiaların geri götürülməsi ilə bağlı heç bir razılaşma yoxdur. Bəli, təbii ki, bunun ümumi vəziyyətin, mühitin bir hissəsi ola biləcəyi anlayışı ilə çoxsaylı variantlar müzakirə olunur. Əgər bir tərəf addım atarsa, qarşı tərəf ikinci addım atacaq”, – deyə Mirzoyan qeyd edib.

O əlavə edib ki, istənilən hərəkətlər ümumi diplomatik səylər kontekstində koordinasiya ediləcək və açıq şəkildə müzakirə olunacaq.

Ermənistanın Baş nazir Nikol Paşinyan bir müddət əvvəl bildirmişdi ki, İrəvan sülh müqaviləsi, faktiki olaraq hazır olduqda, Bakıya qarşı beynəlxalq iddialarını qarşılıqlılıq əsasında geri götürə bilərlər.