ÜST xəbərdarlıq etdi – Dünya ölkələrinin yarısı risk altındadır

0
94

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada qızılcaya yoluxanların sayının sürətlə artması ilə əlaqədar həyəcan təbili çalıb.

Ötən il qeydə alınan qızılcaya yoluxma hallarının sayı 2022-ci illə müqayisədə 79 faiz artıb. 2023-cü ildə dünyada 306 mindən çox qızılcaya yoluxma halı qeydə alınıb.

ÜST-nin qızılca üzrə texniki müşaviri Nataşa Kroukroft qızılca ilə bağlı çox az halda məlumat verildiyini və real rəqəmin şübhəsiz ki, bundan daha yüksək olduğunu vurğulayıb.

Daha dəqiq rəqəmlər əldə etmək üçün ÜST hər il statistik məlumatları açıqlayır. Təşkilatın son proqnozu 2022-ci ildə 9,2 milyon qızılca və bu səbəblə baş verən 136,216 ölüm faktı olduğunu göstərir.

Keçən il üçün bu cür modelləşdirmə hələlik həyata keçirilməyib, lakin Kroukroft 2022-ci ildə əvvəlki illə müqayisədə ölümlərdə 43 faiz artım olduğuna diqqət çəkib. O xəbərdarlıq edib ki, bütün dünya ölkələrinin yarısından çoxu təhlükə altındadır. İlin sonuna qədər bir çox ölkənin vətəndaşlarının qızılca xəstəliyinə tutulma riski yüksəkdir. Təxminən 142 milyon uşağın xəstəliyə meylli olduğu təxmin edilir.

“Qızılca əsasən uşaqlara hücum edən bir virusun yaratdığı yoluxucu xəstəlikdir. Ən ciddi ağırlaşmalarda korluq, beynin şişməsi, ishal, ciddi tənəffüs problemləri və sonda isə ölüm halları müşahidə edilir. Xəstəliyin yayılmasının qarşısını almaq üçün təhlükə altındakı hər ölkədəki uşaqların ən azı 95 faizi tam peyvənd edilməlidir. Lakin qlobal peyvənd nisbətləri 83 faizə düşüb”, – deyə Kroukroft qeyd edib.

O, qızılcadan ölüm hallarının 92 faizinin çox aşağı gəlirli ölkələrdə baş verdiyini xatırladıb.