Bu iş sənlik deyil: Valideynlər övladlarının “ata peşəsi”ni davam etdirməsini niyə istəmir? – MARAQLI SƏBƏBLƏR

0
142

“Övlad ailənin gözgüsüdür” deyib böyüklərimiz. Yəni uşaqlar gözlərini açıb öz ata-analarını görür, onlardan örnək götürür, yaşam boyu onlardan aldığı təlim-tərbiyə sayəsində özlərini formalaşdırırlar. Kiçik yaşda bütün uşaqlar valideynlərinə o qədər bağlı olur ki, böyüdükdə onlara bənzəmək, onların sənətinin davamçısı olmaq istəyirlər.

Ancaq əksər valideynlər istəmirlər ki, övladları onların peşəsini davam etdirsin. Övladının bu istəyinə qarşı çıxır, onu başqa sahələrə yönəltməyə çalışır.

Məşhur adaların həyatını araşdırdıqda da bunun şahidi oluruq.

Məsələn, 3 oğul atası olan məşhur müğənni Yalçın Rzazadə heç vaxt övladlarının müğənni olmasını istəmirmiş. Bundan əlavə bir çox sənət adamlarından da bunu tez-tez eşidirik ki, övladına onun sahəsini dava etdirməsinə icazə verməyib.

Hətta həkimlər, müəllimlər, hüquqşünaslar belə övladlarının özlərinin davamçısı olmasını istəmirlər.

Halbuki, həmin peşəyə yiyələnmək üçün gecə-gündüz çalışanlar var.

Maraqlıdır, Azərbaycanda valideynləri bu addımı atmağa məcbur edən hansı səbəblərdir?

Mövzu ilə bağlı danışan Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi, şair, yazıçı İlqar Fəhmi bildirdi ki, bunun əsas səbəbi psixoloji ola bilər.

Şair bildirdi ki, insan həmişə öz əlində olan bir şeyin pis tərəflərini görür, amma yaxşı tərəflərini görmür. Başqasında olanın isə yaxşı tərəflərini görür, pis tərəfləri görmür.

“Hər bir kəs öz sənət sahəsindəki çətinlikləri görür və düşünür ki, övladı o çətinlikləri keçməsin. Başqa bir sənət arzulayır onun üçün. Amma nəticədə o bilmir ki, arzuladığı sənətin nə qədər çətinliklər var. Ondan xəbərsizdir, çünki özü o sənətdə deyil. Bu, sırf psixoloji bir məqamdır, bunu özüm də müşahidə eləmişəm. Soruşanda deyirlər bizim sahədə bir çox çətinliklər var, ona görə istəmirəm övladım həmin çətinlikləri yaşasın. Getsin filan sahəyə. Yenə təkrar edirəm, həmin adam o sahənin çətinliklərindən xəbərsizdir. Özü onu yaşamayıb, bilmir, xəbəri yoxdur və düşünür ki, başqa sahə daha uğurlu, daha məqsədəuyğundur”.

Psixoloq Vüsalə Əmiraslanova da saytımıza açıqlamasında bildirdi ki, insanlar özlərini çalışdığı sahədə olan problemləri, boşluqları görərlərsə, istəməzlər ki, uşaqları da həmin sahədə çalışsın.

“Ümumiyyətlə, valideynlər iki yerə bölünür. Sırf peşəsini uşağına öyrətmək istəyən, hansı ki, onun işini davam etdirsin, ona daha çox peşəkarlıq və təcrübə versin.

İkincilər isə tamamilə uzaq bir peşəni istəyirlər, çünki onun əziyyətlərini görürlər və istəmirlər övladları da əziyyət çəksin.

Ancaq mən düşünürəm ki, bir insan öz işini sevirsə, övladında da potensialı görürsə, əlbəttə ki, onu həmin sahəyə yönəltməlidir.

Burda bir əsas məqam odur ki, bu peşəni öyrənən şəxs öz istəyi ilə bu peşəyə gəlib, ya yox.

Bəzən psixoloji araşdırmalar göstərir ki, bir insan öz istəyi ilə çalışdığı sahəyə gəlmir deyə istəmir ki, övladı da həmin sahəyə gəlsin. Çünki zamanında özünü məcbur etdiklərinə görə, fikirləşir ki, o da məcbur etmiş olar. Bəzən də əksinə, onu məcbur edirlər, o da qarşı tərəfi məcbur etməyə çalışır.

Ümumi götürdükdə valideynin çalışdığı sahədə olan çətinliklər, bazarda bu peşənin lazımsız olması və yaxud da ki, gələcəkdə bu sahəyə tələbatın olmamsası və s. bu kimi səbəblər əsas ola bilər ki, öz sənətini övladının davam etdirməsini rəva bilməsin”.

Gülnar Süleymanova

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.