Bu gün görkəmli şair Mikayıl Müşfiqin anım günüdür – FOTO

0
204

Bu gün XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, lirik şeirlər ustadı, nakam şair Mikayıl Müşfiqin anım günüdür. Dahi şairin ölümdən 86 il ötür.

Mikayıl Müşfiqin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.


(Mikayıl Müşfiq 1910-cu ildə)

Xatırladaq ki, Mikayıl Əbdülqadir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) 1908-ci il iyunun 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası Mirzə Əbdülqadir İsmayılzadə (Vüsaqi) dövrünün tanınmış ziyalılarından idi.


(Şairin atası Mirzə Əbdülqədir Vüsaqi)

Vüsaqi müəllimlik fəaliyyəti ilə yanaşı, yaradıcılıqla məşğul olub, şeirlər yazıb. Uşaq ikən valideynlərini itirən Müşfiq yaxın qohumlarının himayəsində böyüyüb. 

Müşfiqin böyüyüb boya-başa çatmasında, şair kimi yetişməsində nənəsi Qızqayıt xanımın böyük zəhməti olub. Nənəsinin söylədiyi nağıllar, atalar sözləri, bayatılar gələcək şairin zəngin xalq yaradıcılığı ilə tanış olmasında mühüm rol oynayıb.


(Mikayıl Müşfiq 1928-ci ildə)

İbtidai təhsilini rus-Azərbaycan məktəbində alan Müşfiq humanitar elmlərə böyük maraq göstərməklə yanaşı, rus dilini də mükəmməl öyrənib. 1920-27-ci illərdə əvvəlcə Bakı darülmüəllimində, daha sonra 12 nömrəli II dərəcəli məktəbdə təhsil alıb.


(Mikayıl Müşfiq 1928-29-cu illərdə)

1927-31-ci illərdə Azərbaycan Dövlət Darülfünunun (indiki Bakı Dövlət Universiteti) dil və ədəbiyyat fakültəsini bitirərək Bakı məktəblərində müəllimlik edib. 1930-cu illərdə “Azərnəşr”də redaktor vəzifəsində işləyib.


(Tələbə illərində Mikayıl Müşfiq (sonuncu pillədə soldan dördüncü). 1927-ci il)

Müşfiq çox gənc yaşlarından yaradıcılıq aləminə gəlib, həyatını, taleyini şeirlə bağlayıb və ömrünün sonuna kimi ondan ayrılmayıb. O, poetik yaradıcılığa 1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Bu gün” şeiri ilə başlayıb və sonrakı illərdə dövri mətbuatda müntəzəm çıxış edib. 1927-ci ildən “Maarif və mədəniyyət” jurnalında və “Gənc işçi” qəzetində nəşr olunub. 1930-cu ildə şairin “Küləklər” adlı ilk şeir kitabı işıq üzü görüb. Kitabda müəllifin 53 şeiri və iki tərcüməsi toplanıb.


(Mikayıl Müşfiq 1931-ci ildə)

1932-ci il Müşfiqin həyatında məhsuldar olub. “Günün səsləri”, “Vuruşmalar”, “Pambıq”, “Buruqlar arasında” kitabları, daha sonra bir-birinin ardınca “Şeirlər”, “Çoban”, “Mənim dostum”, “Səhər”, “Sındırılan saz”, “Azadlıq dastanı”, “Buruq adamı” əsərləri nəşr edilib. 1934-cü ildə Azərbaycan Yazıçılar İttifaqına üzv seçilib. Həqiqi bir müəllim, əsl vətənpərvər olan Müşfiq öz yaradıcılığında uşaqlar üçün də yer ayırıb, bir-birindən gözəl əsərlər yaradıb. “Şəngül, Şüngül, Məngül”, “Kəndli və ilan” mənzum nağılları, “Vuruşmalar”, “Qaya” poemaları, “Coğrafiya”, “Məktəbli şərqisi”, “Zəhra üçün” və digər şeirləri uşaqlar arasında şairə böyük məhəbbət qazandırıb.


(Mikayıl Müşfiq 1934-cü ildə)

Mikayıl Müşfiq yaradıcılığında bədii tərcümə fəaliyyəti də xüsusi yer tuturdu. 1930-37-ci illərdə onun tərcümə etdiyi Aleksandr Puşkinin “Qaraçılar” (Ş. Abbasovla birgə), Taras Şevçenkonun “Kobzar” (Əhməd Cavadla birgə), Yegişe Çarensin “Şeirlər”, Samuil Marşakın “Huşsuza bax, huşsuza”, Mirzə Fətəli Axundovun “A.S.Puşkinin ölümünə Şərq poeması” əsərləri nəşr edilib.

Bundan əlavə, Müşfiq Mixail Lermontovun “Demon” poemasını (Rəsul Rza ilə birgə), “Qafqaz” (Mikayıl Rəfili ilə birgə), “Şairin ölümünə”, “Tənha yelkən ağarır” şeirlərini, A.S.Puşkinin “Yevgeni Onegin” mənzum romanından “Tatyananın Oneginə məktubu”nu (R.Rza ilə birgə), “Poltava” əsərindən bir parçanı, “Dustaq” şeirini, Ömər Xəyyamın rübailərinin çox hissəsini, Firdovsinin “Şahnamə”sindən bəzi parçaları (Mirmehdi Seyidzadə ilə birgə) tərcümə edib, gözəl mütərcim kimi oxucuların rəğbətini qazanıb.

1936-cı ildə Mikayıl Müşfiqin “Səhər” poeması Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 15 illiyi münasibətilə keçirilən müsabiqədə “Yeddi yaxşı ədəbi əsər” mükafatına layiq görülüb. 1937-ci ildə çapa hazırladığı “Çağlayan” kitabına şair on bir illik yaradıcılığı ərzində yazmış olduğu ən qiymətli əsərlərini, o cümlədən “Səhər”, “Azadlıq dastanı”, “Sındırılan saz”, “Əbədiyyət nəğməsi”, “Şeirim”, “Yenə o bağ olaydı”, “Duyğu yarpaqları”, “Tərtərhes nəğmələri”, “Mingəçevir həsrəti” və digər şeir və poemalarını daxil edib, lakin kitabı nəşr etdirmək şairə qismət olmayıb.

Mikayıl Müşfiqin Azərbaycan poeziyasının nadir incilərindən sayılan “Oxu, tar, oxu, tar”, “Qal, sənə qurban”, “Sənin gülüşlərin”, “Maralım”, “Ana”, “Küləklər”, “Yenə o bağ olaydı” və digər şeirlərinə bəstələnən mahnılar dinləyici alqışını, rəğbətini qazanmış sənət əsərləridir.


(Xızı dağları)

Dahi şair özünün ən birinci vəzifəsini insanları təhsilə, elmə yönəltməkdə, şagirdlərdə ədəbiyyata maraq oyatmada görürdü. Müşfiq nadir hafizə sahibi idi. O öz hafizəsinə arxayın olub, çox vaxt qoşduğu şeiri uzun müddət vərəqə köçürməyib, şeirlərini, eləcə də bir çox klassik şairlərin əsərlərini əzbərdən bilirdi. Sosializm quruculuğu illərində həyata keçirilən bir sıra reformalardan Müşfiq çox razı olub. Ərəb qrafikasının latın qrafikası ilə əvəz olunması barədə şair hətta şeir də yazıb. Amma həmin illərdə tarın qadağan olunması ilə bağlı söz-söhbət Müşfiqi də, yaxın dostu tarzən Qurban Pirimovu da bərk sarsıdıb. Müşfiq evlərinə qonaq gələn Pirimova tarın qadağan olunmasının xalqa ancaq ziyan vuracağını deyib.

Şairin şəxsi həyatı, arzuları nakam qalıb. Belə ki, 1931-ci ilin mayında Müşfiq Geoloji İnstitutun buraxılış gecəsində Dilbər Axundzadə ilə tanış olub. Dilbər xanım Müşfiqin əmisi arvadı Fəramuşla tələbə yoldaşı olub. Tanınmaqda olan gənc şairlə Dilbəri əmisi arvadı tanış edib. Təsadüfi bir neçə görüşdən sonra Müşfiq Dilbər xanıma sevgi məktubları göndərib, hər görüşə yeni şeirlə gəlib. Müşfiq növbəti görüşlərin birində Dilbər xanıma elçi göndərmək və tez vaxtda nişanlanmaq istədiyini bildirib.1932-ci ilin aprel ayında cütlük nişanlanıb. 


(Mikayıl Müşfiq həyat yoldaşı Dilbər Axundzadə ilə. 1936-cı il)

Onların kəbini isə təxminən bir il sonra, 1933-cü il iyun ayının 20-də kəsilib. 

1937-ci il repressiyaları Azərbaycan ədəbiyyatının, mədəniyyətinin görkəmli siması Mikayıl Müşfiqdən də yan keçmir. NKVD-nin (Daxili İşlər üzrə Xalq Komissarlığı – red.) təhlükəsizlik kapitanı Çinmanın 27 may 1937-ci ildə tərtib etdiyi arayışda qeyd olunmuşdu ki, “Mikayıl Müşfiq hal-hazırda “Müsavat” gənclər təşkilatı ilə əlaqə saxlayıb, partiya və hökumətin ünvanına böhtanlar deməkdən çəkinmir”. Bundan əlavə, arayışda Müşfiqin “Azərbaycanın öz azadlığı yoxdur, o, Rusiyanın koloniyasında yaşayır” kimi qızışdırıcı sözləri ilə xalqın arasında narazılıq yaratmaq istəyi iddia olunurdu. 


(Mikayıl Müşfiq həbsdə. 5 iyun 1937-ci il)

Həbs olunmuş müttəhimlərin “könüllü” surətdə yazdıqları izahatlar da “nəzərə alınıb” və müstəntiq tərəfindən hazırlanan həmin arayışa əsasən, Mikayıl Müşfiqin adına iyunun 3-də 508 nömrəli order yazılıb, cümə günü, iyun ayının 4-də isə evində həbs edilib. Axtarış zamanı Türkiyədə nəşr olunmuş 14 kitab, türk dilində dörd müxtəlif jurnal, altı İran nəşri, 14 fotoşəkil, pasport, hərbi bilet, əlyazmalar və digər əşyalar müsadirə olunub. Əlyazmaların içində Mirzə Qədir Visaqinin şeir divanı, opera librettoları, mənzum nağılları, Müşfiqin yüzlərcə şeiri, türk-dram teatrı üçün işlədiyi mənzum dramın əlyazması, məktublar və üzərinə “Dilbərnamə” yazılmış dəftər də var idi. Müsadirə olunmuş əşyalar 13 oktyabr 1937-ci ildə yandırılıb.

Şairin ilk istintaqı 1937-ci il iyun ayının 5-də baş tutub. İstintaqı aparan 4-cü şöbənin IV bölməsinin əməliyyat müvəkkili serjant Q.B.Platonov olub. Şairdən sorğu zamanı əks-inqilabçı təşkilatın üzvü olduğu və əks-inqilabi millətçi mövqedə dayandığı barədə soruşulub, lakin şair bunları inkar edib. Həbsdə olarkən şairə işgəncələr verilib. Əvvəlcə əl və ayaq dırnaqları çıxardılıb. Daha sonra onu quyusu olan xüsusi kamerada iki gün qurşağacan içində siçovullar olan suda saxlayıblar. İki gecə yatmayandan sonra təkadamlıq kamerada yerə şüşə qırıntıları töküb onu ayaqyalın gəzməyə məcbur ediblər. M.Müşfiqə işgəncələr verib onu adamlarla üzləşdirsələr də, şair heç kəsin üzünə durmayıb.


(Mikayıl Müşfiqin Bakı şəhərindəki heykəli)

Müşfiqin sonuncu istintaqı 27 noyabr 1937-ci ildə baş tutub. SSR Ali Məhkəməsi hərbi kollegiyasının səyyar sessiyası 5 yanvar 1938-ci ildə, çərşənbə günü güllələnmə qərarı çıxarıb. 1938-ci il yanvar ayının 5-də SSRİ Ali Məhkəməsinin 20 dəqiqəlik məhkəmə iclası Müşfiq barəsində güllələnmə qərarı verib. Hökm yanvarın 6-da Nargin adasında yerinə yetirilib. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən, Mikayıl Mirzə Əbdülqədir oğlu İsmayılzadəyə (Mikayıl Müşfiq) ölümündən sonra bəraət verilib. 


(1935-ci ildə Mikayıl Müşfiq Səməd Vurğunla)

1937-ci il noyabr ayının 1-də artıq NKVD inspektorunun təqdimatı ilə M.Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin həbsi üçün qərar çıxarılır. Noyabr ayının 2-də isə Dilbər Axundzadənin həbsi üçün order yazılır. M.Müşfiqin güllələnməsinə dörd gün qalmış Dilbər Axundzadə “vətən xaininin həyat yoldaşı” kimi həbs edilir.

Həyat yoldaşının güllələnməsindən bir ay keçməmiş təhlükəsizlik leytenantı Q.B.Avanesov tərəfindən ilk dindirilmə aparılır. Dilbər xanım iki aylıq əzab-əziyyətli işgəncələrə dözməyərək psixi gərginlik keçirir. O, 28 fevral 1938-ci ildə 1 saylı Əsəb xəstəlikləri xəstəxanasına müalicəyə göndərilir. 


(Mikayıl Müşfiqin abidəsi)

7 mart 1939-cu ildə Respublika Prokurorluğunun Xüsusi İşlər Şöbəsi D.Axundzadənin həbsdən azad olunması üçün təqdimat yazır. 10 mart 1939-cu ildə NKVD-nin rəis müavini Kərimovun imza qoyduğu qərara əsasən, D.Axundzadə həbsdən azad edilir və istintaq işi arxivə verilir. 

1968-ci ildə heykəltaraş Münəvvər Rzayeva və memar Şəfiqə Rzayeva tərəfindən Mikayıl Müşfiqin heykəli işlənib-hazırlanıb. 1970-ci il iyun ayının 9-da Bakı şəhəri, Yasamal rayonu İnşaatçılar prospekti və Nəriman Nərimanov küçələrinin kəsişməsində abidəsinin açılışı olub. 

1977-ci ildə adının ədədiləşdirilməsi məqsədilə Xəzər Gəmiçiliyi İdarəsi tərəfindən “Mikayıl Müşfiq” quru yük gəmisi suya buraxılıb. 1988-ci ildə aprel ayının 20-də Azərbaycan Respublikası Ali Sovetinin 1096-XI saylı fərmanı ilə Müşfiqabad – yeni şəhər tipli qəsəbə yaradılıb. 2008-ci il iyun ayının 23-də 100 illik yubileyi ilə əlaqədar Xızı rayonunun Sayadlar kəndində şairin yeni bərpa olunmuş evinin təntənəli açılışı olub. 1988-ci ildə Sumqayıt şəhərində şairin adını daşıyan tam orta məktəb 1988-ci ildə təsis edilib. Binanın önündə Mikayıl Müşfiqin büstü qoyulub. 


(Mikayıl Müşfiqin Xızıdakı evi)

1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “Mikayıl Müşfiqin 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. 2005-ci ildə “Müşfiqli günlərim” kitabının son genişləndirilmiş nəşri “Gənclik” nəşriyyatında işıq üzü görüb. 2007-ci il 16 apreldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Mikayıl Müşfiqin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. 2008-ci il Qaradağ Rayon İcra Hakimiyyətinin və “Müşfiqsevərlər” Cəmiyyətinin təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin 100 illik yubileyi təntənə ilə qeyd edilib. Həmin ildə onun anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” birliyi marka buraxılıb.

Mikayıl Müşfiqin 110 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsasən, 17 may 2018-ci il tarixində Sərəncam imzalanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mikayıl Müşfiq Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Hazırda Mikayıl Müşfiqin yaradıcılığına Rusiya Milli Kitabxanası, Rusiya Dövlət Kitabxanası, ABŞ Konqres Kitabxanası, Belarus Milli Kitabxanası, Türkiyə Milli Kitabxanası, Estoniya Milli Kitabxanası kimi dünya kitabxanalarında rast gəlmək olar. 2020-ci ildə bəstəkar Cavanşir Quliyev Mikayıl Müşfiqin acı taleyindən bəhs edən 13 hissəli “Müşfiq ağıları” oratoriyasını bəstələyib.