Qızılcaya səbəb budur: ya azdır, ya da…

0
123

Araşdırmalar göstərib ki, qızılca zamanı orqanizmdə A vitamini kəskin düşür. Hiporetinemiya – yəni qanda retinol səviyyəsinin azalması baş verir. Hətta yaxşı qidalanan, amma qızılca xəstəliyi keçirən uşaqda A vitamini kəskin enmiş olur, nəinki qızılca keçirməyən və pis qidalanan uşaqlarda.

Bu sözləri pediatr Aytən İsmayılzadə deyib.

O, bildirib ki, A vitamini çatışmazlığı olan uşaqlar xəstəliyi daha ağır keçirir:

“Əgər uşaqda vitamin A yetərli deyilsə və qızılca səbəbilə də bu ehtiyat bir az da azalırsa ağırlaşmalar riski artır. Çünki bildiyimiz kimi, A vitamini epitelial örtüklərin tamlığını qoruyur. Qızılcada isə bu örtüklər zədələnir. Dəridə gördüyünüz səpkilərdən hər yerdə olur, gözdə, daxili orqanlarda və s. Yəni virus təsiri ilə baryerlər zədələnir, sətəlcəm inkişaf edir, beyin toxuması da prosesə qoşula bilir. Vitamin A da çatmazsa, bu hadisənin daha pis şəkildə baş vermə ehtimalı var”, – həkim qeyd edib.

Pediatın sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı xüsusilə vitamin A azlığı yaşanan regionlarda onun yüksək dozada verilməsini təklif edib:

“Qızılca zamanı Vitamin A yüksək dozada birdəfəlik olaraq verilir. Birdəfəlik – yəni bir gün, bircə dəfə. Günlərlə verilmir. 6 aydan kiçik uşaqlara 50000 BV, 6-12 ay 100 000 BV, bir yaşdan yuxarı 200 000 BV verilməlidir. Vitamin A bir kapsulda 100 000 vahid var. Bəzilərində isə doza bir kapsulda 10 000 hesabı ilə olur. Belə olduqda 10 və ya 20 kapsul qəbul edilir. 100 000 olandan isə bir ya iki kapsul kifayət edir. Vitamin A yüksək dozada uzun müddət istifadə edilməməlidir. Onun da toksiki təsiri ola bilər. Vitamin A qızılcanı önləmək üçün deyil. Önləmək üçün ancaq peyvənd lazımdır”.