“Azərbaycanda siqaretlər elə gözəl dizaynda satılır ki, adam lap çəkmək istəyir” – YYSİB sədri, ictimai xadim, sosial məsələlər üzrə ekspert Aydın Xan Əbilovdan sərt tənqid…

0
129

“Bütün dünyada olduğu kimi, Azərbaycanda da zərərli vərdişlərə qarşı dövlət və ictimai təsisatda müxtəlif formada mübarizə aparılır. Bunlardan biri də siqaret, tütün məhsulları və spirtli içkilərin qiymətlərinin qaldırılmasıdır”. Bu sözləri açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.


Onun sözlərinə görə, bundan əlavə aksiz ödəmələlərinin faizinin çoxaldılması, 18 yaşından kiçik uşaqlara tütün və spirtli içkilərin satışının qadağan edilməsi, həmin tütün məhsullarının və alkoqol içkilərin marketlərdə reklam edilməməsi, axşam saat 22:00- dan sonra bu məhsulların satışının qadağan edilməsi mübarizə üsulları arasında mütləq olmalıdır: “Dünyanın bir çox ölkələrində siqaret və alkoqol istufadəçisi insanlara qəribə baxırlar. Necə ki, narkotika istifadə edənlərə birmənalı yanaşılmırsa, tütün və spirtli içki istifadəçilərinə qarşı da ictimai qınaq getdikcə güclənir.

Avropa ölkələrinə getsəniz, burada satılan siqaretin orada 10 qat baha olduğunu görəcəksiniz. Spirtli içkilər də bura aiddir. Azərbaycanda da bu məhsullara şamil olunan qiymət artımını mübarizə üsulu kimi dəyərləndirməliyik.

Rusiya və qardaş Türkiyədə saat 22:00-dan sonra ümumiyyətlə spirtli içkilər satılmır. Bu oralarda qəti qadağandır. Həmçinin, orta məktəb, universitetlər və digər təhsil müəssisələrinin həndəvərində, yəni 3 km ətrafında bu məhsulların satışı qəti qadağandır”.

Aydın Xan Əbilov sözlərinə belə davam edib: “Yaxşı olar ki, insanlar bu qədər çox vəsait tələb edən məhsulları öz gündəlik istifadəsindən kənara çıxarsınlar. Siqaret və siqaretlə bağlı olan məshulların istehsalına milyardlarla vəsait xərclənir. Tütündən istifadə təbiətə avtomobillərdən çox zərər vurur.

Bizdə siqaret və spirtli içkilər çox ucuzdur. Qiymətlərin qaldırılması müsbət addımdır. İnsanlar bu zərərli məhsulların istifadəsindən yayınmalıdır.

Avropa ölkələrində siqaret qutuları üzərində ciddi qorxulu xəstəliklər yaradan və insan həyatına son qoyan anti-təbliğat vasitələrini görürük. Təəssüf ki, Azərbaycanda hələ belə antitəbliğat üsulu yoxdur. Azərbaycanda siqaretlər elə gözəl dizaynda satılır ki, adam lap çəkmək istəyir”.

Ayşən Vəli